Siyasət 13:40 15.07.2023

Soydaşlarımız Qərbi Azərbaycana qayıdacaqmı? (ŞƏRH)

"Sülh sazişində hər iki dövlətdə etnik azlıqların (Azərbaycanda erməni əsilli vətəndaşlar, Ermənistanda isə azərbaycan əsilli vətəndaşlar) hüquq və təhlükəsizliyi məsələsi ümumi olaraq qeyd edilə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişində Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı məsələsinin də öz əksini tapıb-tapmayacağını şərh edərkən deyib.
 


"Bu məsələ iki variantda öz həllini tapa bilər. Ya sülh sazişində hər ikisinin, həm Qarabağda yaşayan ermənilərin, həm də Ermənistandan qovulan azərbaycanlıların adları çəkilir, ya da heç birinin adı çəkilmir və məsələ sırf dövlətlərarası sənədlə müəyyənləşir. Digər tərəfdən, mayın əvvəlində tərəflərin ABŞ-da baş tutan görüşü zamanı Dövlət Departamentinin nümayəndəsi "hər iki tərəfdəki etnik azlıqların hüquq və təhlükəsizliyi” ifadəsini səsləndirmişdi. Belə olarsa, bu hər iki qrupa şamil olunur. Amma burada bir nüansı nəzərə almaq lazımdır ki, hazırkı dövrdə Azərbaycan ərazisində ermənilər yaşasa da, Ermənistan ərazisində azərbaycanlılar yaşamır. Belə olan halda, azərbaycanlıların ora qayıtması, hansısa bir formada orada yerləşdirilməsi şübhə doğurur. Azərbaycandan tələb olunur ki, Bakı ilə Qarabağ erməniləri beynəlxalq müstəvidə görüşsünlər. Onda bu görüşlə paralel həmin beynəlxalq formatda Ermənistan rəhbərliyilə Qərbi Azərbaycan icmasının görüşməsini öz növbəsində Azərbaycan da tələb edə bilər”, deyə şərhçi bildirib.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsində bir çox məsələlər öz əksini tapacaq. Onlardan ən başlıcası sözsüz ki, Azərbaycanın ərazi bütövlüyünün tam olaraq təmin edilməsidir. Bununla yanaşı, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması da Azərbaycanla Ermənistan arasında həllini gözləyən məsələlərdəndir. Təkcə 1988-ci il deportasiyası nəticəsində 250 min soydaşımız Qərbi Azərbaycandakı yurd-yuvalarından didərgin salınıblar. Mövzu ilə bağlı Ermənistan mətbuatı maraqlı iddia ilə çıxış edib. Qeyd olunub ki, Vaşinqtonun təklif etdiyi sülhün şərtlərindən biri də 65 min Qərbi azərbaycanlının öz evlərinə qayıtmasıdır. 

Rüfət Sultan