Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun açılış oyununun sonlarında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və "Sumqayıt" azarkeşləri arasında gərginlik baş verib.
"Report" xəbər verir ki, buna 36 yaşlı müdafiəçinin əlinin son saniyələrdə cərimə meydançası daxilində topa toxunması səbəb olub.
Həmin epizodda top yerə yıxılan Sadıqovun əlindən meydanı tərk edib. Baş hakim İnqilab Məmmədovun penalti təyin etməməsindən qəzəblənən qapı arxasındakı "Sumqayıt" azarkeşləri təcrübəli oyunçuya etirazlarını bildiriblər. Onların etirazları oyundan sonra da davam edib. Bu zaman Sadıqov "Sumqayıt"ın bir neçə futbolçusu ilə birgə həmin fanatlara yaxınlaşaraq, onlardan sakit olmalarını xahiş edib. O, epizodda qayda pozuntusuna yol vermədiyini də izah etməyə çalışıb.
Qeyd edək ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Şərhlər