Ölkə 22:05 28.07.2018

Sumqayıtdakı partlayışda yaralananların vəziyyəti ağırdır (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı məlumat yayıb. 

Qaynarinfo FHN-in saytına istinadən xəbər verir ki, bu gün Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, Məlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğlu və 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır.

***19.24 
 
Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
 
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
 
Nəticədə parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.
 
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.