Beynəlxalq konsaltinq şirkəti "Bain & Company" süni intellekt sahəsində hazırkı bumun davamlılığını şübhə altına alan yeni hesabat açıqlayıb.
Qaynarinfo xəbər verir ki, tədqiqata görə, 2030-cu ilə qədər sənayedə artımı dəstəkləmək üçün hər il 500 milyard dollardan çox investisiyanın data mərkəzlərinə yönəldilməsi tələb olunacaq.
Bu yatırımların səmərəli olması üçün bazarın illik gəliri təxminən 2 trilyon dollara çatmalıdır. Lakin analitiklər vurğulayırlar ki, bu halda belə, təqribən 800 milyard dollarlıq maliyyə boşluğu qalacaq.
Əsas səbəb odur ki, süni intellektə olan tələbat texnologiyaların imkanlarından daha sürətlə artır. "Mur qanunu"nun təsiri zəifləyib, modellərin öyrədilməsi üçün tələblər isə dəfələrlə çoxalır.
Nəticədə sənaye səmərəliliyi artırmaq əvəzinə gücü genişləndirməyə məcburdur. Proqnozlara görə, 2030-cu ilə qədər süni intellektin enerji istehlakı 200 QVt-a çatacaq, bunun yarısı isə ABŞ-ın payına düşəcək. Bu, enerji şəbəkələrinin köklü yenilənməsini, soyutma sistemləri üçün nəhəng resursları və onilliklər davam edən tikinti proseslərini tələb edəcək.
Hazırda korporasiyalar büdcələrini böyütməyə davam edir: "Microsoft" Viskonsində data mərkəzlərinə ayırdığı vəsaiti 7 milyard dollara qədər artırıb, "Amazon", "Google", "Meta" və "xAI" isə infrastruktur layihələrinə milyardlarla dollar sərmayə qoyur. Lakin "Bain" ekspertlərinin fikrincə, bu miqyas belə kapital xərcləri ilə gəlirlər arasındakı boşluğu bağlamağa kifayət etməyə bilər.
Bundan əvvəl məlum olmuşdu ki, "Nvidia" "ChatGPT"nin yaradıcısı ilə əməkdaşlıq çərçivəsində yeni data mərkəzlərinin tikintisi üçün 100 milyard dollara qədər sərmayə yatıracaq. Layihənin həcmi ən azı 10 QVt hesablama gücü ilə qiymətləndirilir.
Aydın
Şərhlər