Xəbər lenti

Sözünə və Özünə Ən Böyük Yaxın
Sənət 10:27 24.03.2018

Sözünə və Özünə Ən Böyük Yaxın

Şair, yazıçı, jurnalist, redaktor Vəli Əkbərə hədiyyəm

Aydın Canıyev

30 ilin jurnalistidi! -hər sözüylə...

30 ilin şairidi! - hər şeiriylə...

30 ilin yazıçısıdı! - bircə hekayəsi də bəs edir hələ 30 il də xatırlansın!

30 ilin yarısı qədər redaktordu - sıravi, baş, sərbəst...

30 ildi də Bakıda kəndinin, elinin adamıdı və Adam kimi Adamdı!

Fəqət... iddiası nə jurnalistlik, nə şairlik, nə yazıçılıq, nə də redaktorluq pyedestalında alqışlar gözləmək olmayıb.

Çünki heç harda özünü təqdim etməyib. Heç yerdə özünü söz eləməyib. Heç zaman özünü ummayıb! Və ondan əvvəl gələnlərə də, ondan sonra yanından gəlib keçənlərə də, lap elə öz yanından yola saldıqlarına da deməyib. Deməyib ki, əfəndim, tanıdınmı məni - Mən Vəli Əkbərəm! Mənim özüm də, sözüm də, kimliyim də Adımdadı, İmzamdadı!
Deməyib! Deyəsi də deyil!

Heç mən də deməzdim!

Deməyəcəklər də belə getsə, zənnindəyəm!

Amma day demək lazımdı, dedirtmək lazımdı, dillənmək lazımdı, dilləndirmək lazımdı!

Əgər mənim sevimlim və əzizim həzrəti-Əli öz halal haqqına - əmir-əl-möminliyə çatmağına 25 il səbr etdisə, atam-atam, Vəli Əkbər 30 ildi dinmir e, səbr də edir və yorulmadan da yoluna davam edir!

30 il bu şəhərdə, şair demiş, "bizi diri alıb ölü qaytaran" məkanda Adam ən azından ona görə haqq edir ki, nə adına - Vəliliyinə və vəliliyinə, nə imzasına - Əkbərliyinə və əkbərliyinə, yəni - ən böyüklüyünə zərrə qədər də xələl gətirməyib, o ki ola Söz olsun!

Tanımırsınız, ya tanımayıbsınız?

Tanımısınızsa, tanıdığınız Vəli Əkbəri bir daha və yenidən təqdim edim, görün tam təqdim edə bildimmi, yox, tanımırdınızsa, onda tanıdığımı təqdim etdiyim qədərincə tanıyın!

AVTOBİQRAFİK TƏQDİMAT:
Vəli Əkbər(ov) 1968-ci il mart ayının 28-də Şəki rayonun Aşağı Layısqı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatrşunaslıq fakültəsini bitirib. 1989-cu ildə o ictimai "Xalq Universiteti"nin "İctimai müxbirlər" kursunu bitirib və həmin zamandan dövrü mətbuatda çalışır.
1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetini qurub, 2003-2008-ci illərdə "Media Holdinq"-in ("Lider" televiziyasının) İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib. 2008- 2012 - ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb.
2013-cü ildə "Tezxeber.az” İnformasiya Portalını yaradıb və həmin portalın baş redaktorudur.
2014-cü ilin fevralından TTV kanalının direktor müavini və Region TV-nin xəbər direktorudur.
Milli Elmlər Akademiyası İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun doktorantıdır. Hazırda "Elektron KİV-lərdə seçki təbliğatı və seçici psixologiyası" mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqat aparır.
60-a yaxın ictimai-siyasi yönümlü sənədli və televiziya filminin ssenari və ideya müəllifidir. Dövrü nəşrlərdə publisistik məqalələri və şerləri dərc olunub. Dörd kitabın redaktoru olub. Vəli Əkbərin yetişdirdiyi 100-ə yaxın peşakar jurnalist hazırda ölkənin ən tanınmış media qurumlarında çalışır.
"Lider.tv"-də xəbərlər departamentinin rəisi, Az.TV-də xəbərlər studiyasının direktor (yəni rəis) müavini olub.
Elə indi də oradadı və əlavə edim ki, orada olmadığı vaxtlarda "tezxeber.com" saytını yaradıb, baş redaktoru olub!
Ailəlidir, 3 övladı var.
 
 

Bu avtobiqrafik haşiyəni ona görə məxsusi qeyd elədim ki... Yox, sizin fikirləşdiyiniz kimi yox, özüm əvvəldə yazdığıma təsdiq üçün: Adam sadəcə özünün, sözünün şair, yazıçı, redaktor, jurnalist sözü olmağının hayına qalmayıb! Yəni istəsəydi... bir şeirinin, bir hekayəsinin "raskrutka"sı ilə bu obrazı yeridərdi, yedirərdi. Zatən də imzanın da, adamın da, hadisənin də, qəzetin də, hətta telekanalın ayrıca bir sahəsinin də populyarlaşdırılmasını çox gözəl bilən mütəxəssisdi!

Fəqət bunu etməyib - çünki Adam həm də "publika"ya işləməklə xalqın qarşısına çıxmağın fərqini və məsuliyyətini də çox gözəl bilir!

Vəli Əkbərin çox gözəl bildiklərindən biri də Azərbaycan əxlaqıdı!

Vəli Əkbərin lap gözəl bildiklərindən biri də təmkinli sözü çılğın, əsəbi, həpəri, latayır, abırsız-həyasız sözdən üstün tutmaq məharətidir.

Bax, Vəli Əkbər bu mənada Sözün Baş Məşqçisidir!

Sözü o qədər oyana-buyana qaçırdar, o qədər ona jim elətdirər, o qədər müdafiədə əsəbini yoxlyar, o qədər yarımmüdafiədə onu dala-qabağa işləməyə vadar edər, o qədər onu hücumda sağa, sola, önə çıxarar, o qədər onu standart vəziyyətlərdən sınaqdan çıxarar, ta ki Söz özü özünün "doqquzluq", "onluq"da olduğunu anlayar!
Və... Vəli Əkbər adının mənasına uyğun-adekvat olaraq, Sözünün VƏLİSİ - həm Hamisi olar, həm Ən yaxın Dostu olar, həm də Ağası olar! Özü də Vəlinin sözü Əkbər Söz olar - yəni Ən Böyük Söz!

Və sonra da... Vəli Əkbər "Leylək yuvası" hekayəsində yazdığı kimi, "başını qaldırar, əllərini gözünün üstünə qoyaraq lap uzağa, qara buludların qalxdığı, günəşin batmaqda olduğu sıra dağlara sarı dikələr, bir neçə dəqiqə sükutdan sonra sinəsinə ağır yük çökmüş kimi, bir az da hüzünlü səslə qayıdar":

Səhəri gözləyənlər...

Bu zülmün səbri qurtarmır
alır sonacan xıncını,
durub seyr eləyir əcrini
çəkənlər qamçısının qoncunu.
Uzanır gecə
küləklərin uğultusunda
səhərə hələ çox var.
Heç yeridir,
tənbəkimdə qurtardı tütün zəhrimar.
Başını qaldırıb göyə baxmaz heç kəs,
yoxdur nəvası,
Tanrı da üz döndərmiş üzsüzlərdən,
çıxmır sədası.
Bu yolda yürüş yoxsa,
sona kim çatacaq,
sayıram bir, iki, üç, dörd, beş...
ona kim çatacaq?
Ey cocuğum, ey pərvərişim,
sənə acıyır içim,
dünən, bu gün və sabah,
ah, neyçün, neyçün?
Haqqın nazildiyi yerdən
Günəş doğmaz,
gözümüz zülmətə zilli,
Gözlərinin işığında
axtarıb tapıram ancaq təsəlli
Ey sübh, açıl, açıl, ey Günəş, doğ!
Ya bizi sübhə yetir, ya da biryolluq boğ!
Büsbütün işıqlandır
cahili-zəmanənin hər küncünü,
Oysa, zülmün səbri qurtarmır
alır sonacan xıncını.

... Yaşadı belə Vəli Əkbər!
... Yaşayır belə Vəli Əkbər!
... Yaşayacaq belə Vəli Əkbər!

Özü də bilə-bilə necə yaşayır, harda necə durur, içində-çölündə nə üsyanlar, nə təbəddülatlar, nə zülümlər, nə fırtınalar var!

Həə... qəddimi düzəldə bilmirəm indi,
İllərin yükü var, çiynimdədi.
Baxma əynimin nimdaşlığına,
bütün dərdlərim əynimdədi.
Donmuş gözlərimdə işıq gəzirsən,
tutulub göy üzü, suyu bulanlıq.
İllər naxış töküb sir-sifətimə,
Bir üzü ağdısa, biri qaranlıq.
De, nəynən heyrətə çəkərsən məni?
Güzgüyə baxan tək sənə baxıram.
Özü öz içində yol gedən adam,
yaman hövsələsizəm, təbdən çıxıram.
Məndən nə öyrənib, nə əxz edərsən,
Mən həyat dərsindən iki almışam.
Bax bu şəklə, yolayrıcında quruyan adam,
İllərdi, illərdi elə qalmışam!

Həə, mən dedim təmkinli adamdı, amma demədim müti adamdı! Gördünüz içsavaşı? Gördünüz insanın içiylə-çölüylə didişməsini?
Hələ bu harasıdı, Adam divarların əhatəsində: 

Sağım divar, solum divar,
Arxam divar, önüm divar.
Sıxır məni bu divarlar,
Səhər-axşam hey o ki var.

Üstü tavansız divarlar,
Yeri torpaq divarlar.
Gözümdə gah dağa dönən,
Gah da qorxaq divarlar.
Gah qaniçən cəllad olan,
Gah da qorxaq divarlar.

Sizdən yaxa qurtarmaqçün
Ya quş olub göyə uçam,
Ya da ölüb yerə girəm.
Gəl, nə quş ola bilirəm,
Nə də ölmək istəyirəm.
Sağım divar, solum divar,
Arxam divar, önüm divar.
Sıxır məni bu divarlar,
Yıxır məni bu divarlar,
Səhər-axşam hey o ki var.

Amma və lakin... bu hisslərin, yaşantıların içində Vəli Əkbər həm də ən yaxın dost olaraq qalır, hami olaraq qalır, ən böyük olaraq qalır!

... Mətbuata eyni vaxtda eyni cəbhədən gəlmişik - yəni Vəlinin çalışdığı "Press-fakt" da, "Rezonans" da azad sözün və yaradıcı ruhun məkanı olub, mənim əməkdaşlıq etdiyim "Azadlıq", "Millət", "Müxalifət", "Millətin səsi", "Vətəndaş həmrəyliyi" də. Amma bir-birimizi...

... lent.az-la yenicə əməkdaşlığa başlamışdım 2008-ci ildə, ikicə yazım çıxmışdı. Fərdi kompüterim və ştatlı işçi olmadığımdan yazılarımı razılaşdırdığımız günlərdə redaksiyaya gəlib birbaşa müəyyən vaxt çərçivəsində mənim üçün ayrılmış kompüterdə yazırdım. "Bin Laden" yazısından sonra Vüsalə xanım bildirdi ki, özünə elektron poçt aç, yazılarının altından verək, yoruldum sənə təşəkkürlərə cavab verməkdən, kim istəyir sənə yazsın təşəkkürü.

Və mən Müəllimlə məsləhətləşdim ki, nə ad qoyum? Qərara gəldik ki, lalley-ac olsun - açmasını da haçansa yazacam.  Növbəti yazıdan sonra... ilk təşəkkür Vəli Əkbərin poçtundan gəldi: Vüsalə xanıma təşəkkürlərimizi çatdır ki, səni bizə qaytardı!

Vicdanlı bir azərbaycanlı yazarı-kişisi olaraq, növbəti yazını yazmağa gedəndə bildirdim ki, Vüsalə xanım, Vəli Əkbər mənə yox, sizə təşəkkür edir ki, məni onlara qaytarıbsınız.

Bu həm də məni düşündürdü: deməli, Azərbaycanda təmkinli, ağıllı, faydalı, abırlı yazını gözləyən, oxuyan, buna görə də müəllifə təşəkkür edən imzalar, insanlar, söz adamları var! Mənim qoltuğumu qarpızlandıran pafoslu, aqressiv və intriqant yazılara son qoydum, hətta Fazil Mustafanın o ərəfələrdə mənasız və yersiz replikasını belə boş  buraxdım, mandatına bağışladım! Çünki Müəllim deyirdi ki, Aydın, sənə verilən meydanı dəyərləndir, sənə dəyər verənlərə təşəkkürlü ol! Bu gün böyük qürur və fərəh hissi ilə qeyd edirəm: Vəli Əkbər elə həmin lent.az-dakı yazılara görə ciddi-cəhdlə üstümə düşdü və onların kitab halında işıq üzü görməsinə nail oldu!

Orasını da xüsusi qeyd edim: həbs olunandan sonra təbii ki arxivlərim, orda-burda qalan yazılarım olan qəzetlər it-bata düşmüşdü. Azadlığa çıxandan sonra isə Əli Həziquliyevin reabilitasiya üçün "Elçi" qəzetinə şef-redaktor təyin etməsi də məni yenidən yazıya başlamağa səfərbər etmədi, həm də heç bir zəhmət çəkmədən onun ayırdığı maaşı almaq mənə vicdan əzabı verirdi! Həm aqressiv idim, həm də psixoloji gərginlik imkan vermirdi. Bax onda Vəli Əkbər LOĞMAN oldu. tezxeber.com-la əməkdaşlığa cəlb etdi! Qonorar verdi! Noutbuk verdi! Dörd il əlini üstümdən çəkmədi! Hər ay! Və mən bir də ayıldım ki, Vəli Əkbərin "yığ yazılarını, kitabını çap edək" cəhdinə lent.az-dakı yazılar azlıq edir. tezxeber.comdakı yazılar pərsəngi düzəltdi. Əvəz Zeynallıdan, Xanoğlan Əhmədovdan yadımda qalan yazıları istədim, verdilər. Anar Yusifoğlu, Züleyxa Nadir arxivdən linkləri, mətnləri tapıb atdılar mənə.
Bax Vəli Əkbər həm də bu deməkdir: dostları bir araya yığan, onları bir-birinə yardım elətdirən, keçmişi, bu günü, gələcəyi tarixə çevirən və həm də və həm də və həm də insanlığı yaşadan xeyirxah bir insan!

Vəli Əkbərin bu üstün keyfiyyətini mənə Əli Həziquliyev də yubiley tədbirində bir ayrı formada ayrı fakt üstündə çatdıranda ayrıca sevindim! İnsanın nə qədər səmimi, işıqlı sözə, işıqlı yazıya, işıqlı adama nə qədər həssas olduğundan kövrəldim!

Əli Həziquliyev Vəli Əkbəri görəndə dedi:

- Həyatda rastlaşmasaq da, bir-birimizə təşəkkür eləmişik. "Elçi" qəzetindən iki əməkdaşa xasiyyətnamə və iş yerindən arayış vermişdim, "lider.tv"-də işə düzəlmişdilər. İkisi də istedadlı imzalar idi. Hər ikisi gəlib dedilər ki, Vəli müəllim təşəkkür edir!

Bəli, Vəli ƏKBƏRİN naturası  budu: əgər özünün imkanı yoxdusa, kimsə o işıqlı sözün sahibinə meydan veribsə, Vəli Əkbər o insana, o insanlığı etmiş şəxsə minnətdarlığını çatdırır!
Qeyd elədim: Vəli Əkbər əxlaqı gözəl bilir! Bəlkə də bu yazıda yeri yoxdu, amma Vəlinin həyatında bu gözəllik olub deyə əlavə edirəm.

Sosial şəbəkədə dostluq etdiyim fayk profillərdən biri görəndə ki, Vəli Əkbərin "Leylək yuvası" hekayəsini paylaşmışam, inbox-a yazdı:

- Tanıyırsınızmı?
- Tanıyıram.
- Jurnalist kimi yox, həyatda?
Onda hələ o qədər də yaxın deyildik Vəliylə:
- Həyatda yox.
- Dostluq etməyə dəyər və hətta namusunu etibar edəcək qədər mərd insandır.
- Sən hardan tanıyırsan?
- Mən onunla bir redaksiyada işləmişəm. Hətta hamilə olanda Şəki halvası istədiyimi ağzımdan qaçırmışdım. Yəni birbaşa ona deməmişdim, eşitdrməmişdim, qızlarla danışanda ağzımdan qaçırmışdım. Qarlı havalar idi. Rayonlardan gediş-gəliş çətin idi. İkicə gün sonra redaksiyanı qonaq etdi Şəki halvasına. Yəni boynuma yük qoymadı ki, bildim sən istəyirsən, gətizdirdim. Yaxşılığı da elə edir ki, adam özünü borclu saymasın! Təkcə buna görə yox. Həm də o boyda kişilərin içində yeganəsi Vəli müəllim oldu ki, heç vaxt mənə söz atmadı. Belə əxlaqı bir də Zahir Əzəmətdə görmüşəm.

Mən öz orbitimizin - söz orbitimizin içində səlahiyyətli ola-ola, özünü müdir kimi yox, dost-qardaş kimi aparanları gördükcə, tanıdıqca, Azərbaycanla qürur duyuram!

Və Vəlini əxlaq adamı kimi Sözündən çox sevirəm - Onun sözünü biri çox istəyər,, biri istəməz, biri görməzdən gələr, amma günah olar ki, Onun Özünü və Əxlaqını dəyərləndirməyəsən!

Vəli Əkbərin 50 yaşı olur!

Mən onu 10 ildi tanıyıram və yol gəlirəm - türmədən də və yoxluqdan keçərək!

Nəyim olmadısa verdi - xərcləməyə pul, yazmağa noutbuk, saytına yazılarımı. Hətta kitabımı çıxartdı! Təmənnasız!

Türklərin bir mahnısında bir ifadə məni tutub: "kitabsızlar"...

Vəli məni kitab yiyəsi etdi!

Mən heç nəyə görə təşəkküt etməzdim - dostun etdiyinə sağ ol deməzlər!

Amma kitabı ən azından min nəfər azərbaycanlı üçün buraxdırdığına və Azərbaycandakı kitablıların kataloquna saldığı üçün təşəkkür edirəm!

Amma ona hədiyyəm bu yazı deyil!

... Özümdən 30 il balacayla da, özümdən 30 il böyüklə də aradan pərdəni götürürəm, latayır danışıram, istisna "Bacı" və "Ağsaqqal" deyə müraciət etdiklərimdi! Bu mənim şakərimdi - mənə münasibətdən asılı olmayaraq, yaxın olduqlarımdan hansı birinin möhkəm əxlaqa malik olmasını yoxlamaq. Cəmi-cümlətanı bircə nəfər salamat və diri çıxıb: Vəli Əkbər!
Adam o qədər asta və mehriban danışır ki, sözü ağızdan gömrükdən və sərhəddən keçirirmiş kimi çıxarırsan!

Bunu bəlkə də Vəlinin 60-70-80 yaşında etiraf etməyim yaxşı olardı. Çünki o biri dostlarla latayır danışanda inciyəcəklər. Ki... bəs niyə Vəliylə yox... paxıllıq olmasın deyə, - paxıllıq adamı qocaldır, adamın belində ağır yük olur, - hamıyla Vəliylə danışdığım kimi danışacam!

Vəli Əkbər! Budu Sənə hədiyyəm!

Dostları əziz tutan, dostlara dostları əziz tutduran, Sözün Baş Məşqçisi!

Sən...

Eşqini içərəm mən zəm-zəm kimi,
Elə qarışaram, ruhnan tən kimi.
Geyərəm əynimə ya kəfən kimi,
Ya da körpəm kimi bələyə billəm.

Sevərəm, mən sənə çatım deyə yox,
Ölərəm, dərdimi atım deyə yox.
Bu eşqin nə imiş, İlahi, sən bax,
Səninçün hər şeyi eləyə billəm, - 

deyən İgid, Sən Allah üçün də, bəndə üçün də hər şeyi edirsən!
Bunu o məkanda, o durumda, o zamanda edirsən ki:

Kənddə baş saxlamaq çətin,
Burda da ruhu qorumaq.
İndi adam gəzməkdənsə,
Yaxşıdı quzu qovlamaq.

Buranın toxları da eybəcər,
oranın acları gözəldi.
Böyük şəhərdə ac qalmırlar,
amma ürək qarında əriyir.
Dipdiri gördüyün adamlar
bir gün yaninda əriyir.

Neynək?
Axı həm də elə özün deyirsən:

Çarmıxa çəkilmiş İsa kimiyəm,
Uçub gedəcəyəm adam içindən.
Dünyayla bəlkə də yola gedərdim,
Amma bacarmayır adam içiynən.

... Və mən də Səni oxuyub deyirəm, həmişə mənə dediklərini:

Bacar! Sən bu dünyaya cavabdeh deyilsən! Səndən bu dünyanın haqq-hesabını sormayacaqlar! Sən özünə cavabdehsən! Səninsə cavabın Ləyaqətlə, Xeyirxahlıqla, Mərdliklə Yaşadığın həyatdır! Yaşatdığın Sözdür! Yaşatdığın İnsanlardır - doğma doğmalar, yad olsalar da, özünə doğma bildiyin doğmalar!

Şahidlik edə bilərəm... İlahi dərgahda!

Mübarəksən ƏKBƏR - ən böyük - SÖZ - Söz Adam!

Mübarəksən VƏLİ - hami, yaxın dost, ağa - Adam!

Mübarəksən!

YAZIYA SÖZARDI: Vəli Əkbər səlahiyyət yiyəsi olub uzun zaman. Ona həmişə kimdənsə nəsə çatdırıblar və xüsusi vurğulayıblar ki, bu adam aravurandı, intriqantdı, namərddi. Vəli Əkbər sadəcə bildirib: ziyanı mənə dəyəcəksə, xeyiri özünə, təki ona xeyirli olsun!
Amma mən Vəlinin bu humanistlyini bircə nəfərə bağışlamıram: işçisi, həmkarı, dostu kimi anasının hüzuruna apardığı namərdin sonradan namərdcəsinə də o anaya böhtanını! Yaddaşımdan heç cür silə bilmirəm!

... Vəli yenə də Əkbərliyində qalır - bax bu mənada, məndən soruşsalar ki, kim kimi olmaq istəyərdin, tam səmimyyətlə və düşünmədən deyərdim: VƏLİ ƏKBƏR!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->