Xəbər lenti

Tacir xalqımızın dövləti niyə indiyədək DTT-nin üzvü deyil?
Hüseynbala Səlimov
Ölkə 14:33 05.12.2017

Tacir xalqımızın dövləti niyə indiyədək DTT-nin üzvü deyil?

Hüseynbala Səlimov

Tacir, ticarətçi və alverçi... Bilmirəm, hansı daha çox yaraşır bizə? Sovetin vaxtında tacir sözü işlənmirdi, çünki onda nə azad ticarət vardı, nə də bununla məşğul olanlar...

Əvəzində dükan-bazarda çalışanlara ticarətçi deyərdilər. Amma bir alverçi sözü də vardı ki, bunun da iki mənası mövcud idi. Birisi qeyri–leqal ticarətlə məşğul olanları işarələmək üçün idi, digəri, ümumiyyətlə, hər şeyi alver predmetinə çevirənlərə aid idi...

Sonradan hər üç söz yenidən qayıtdı həyata... Birinci ikisi–tacir və ticarətçi sözləri yeni iqtisadi siyasətin sayəsində tamam dəqiq və konkret məzmun kəsb etdilər və artıq bir kimsədə qıcıq və yaxud da sual-şübhə doğurmurlar...

Üçüncüsünə gəldikdə isə, o, da bizim milli möhürümüzə çevrildi. O səbəbdən ki, hamımız müəllim, həkim, siyasətçi, alim, yazıçı, daha nə bilim, hətta fəhlə olmaqla bahəm, həm də ALVERÇİYİK! Bəli, bizim hər işimiz alvedir–istənilən məsələ ilə bağlı sövdələşməyə və istənilən məsələni bazara çıxarmağa, onu əmtəəyə çevirməyə hazırıq, təki sərfəli qiymət təklif edilsin...

Amma nə qədər böyük, dəhşətli ictimai bəla, ciddi mentalitet qüsuru olsa da, yenə də bunun üzərində dayanmaq fikrimiz yoxdur, ən azı indi   dayanmaq fikrimiz yoxdur. Ola bilsin, nə vaxtsa, təkrarən həmin mövzu bizi özünə çəkəcək, indilik isə bəndənizi bir qədər fərqli suallar narahat edir.

Blidiyiniz kimi, Aşotlar bu dəfə də bizdən qabağa düşdülər. Bunu açıq etiraf etmək gərəkir. Brüssel sammitindəki uğurlarımız belə geriliyimizi ört – basdır etmək iqtidarında deyil. Bilirlər ki, insanların beynindən bir sual keçir indi: "Ağalar, bəs deyirdiniz ki, Aşotdan və ya Mkrtçdan daha müstəqilik?!.”... 

Elə buna görə də Brüssel sammitindəki uğurlarımızdan gen–bol çığırıb-bağırmaqla belə sualların yarada biləcəyi şübhələri və çaşqınlığı sovuşdurmaq istəyirlər və metodikaları da şəxsən mənə məşhur Lissabon sammiti dövrünü xatırladır.

Sözüm bunda da deyil. Qulluğunuzda bir daha ərz edirəm ki, hamı aşkarda olmasa da, ən azı ürəyində, hakimiyyət təmsilçilərindən olmasa da, ən azlı özündən soruşdu ki, əcaba, Avrasiya Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan bu işi görə bilirsə, hətta AB ilə saziş imzalayırsa, bizə nə mane olur və niyə bir vaxt Gürcüstan, Ukrayna və Moldova ilə bir sırada olan Azərbaycan indi durub Belarusla bir cərgədə qərar tutur?..

Bilirdilər ki, belə suallar olacaq. Ona görə də ortaya bir problem də atdılar: Azərbaycan Dünya Ticarət Təşkilat üzvü olmadığı üçün onun AB ilə saziş imzalaması çətindir...

Bəli, indi də Dünya Ticarət Təşkilatı... Ona görə də yazını bir az uzaqdan – ticarətdən, tacirlərdən və alverçilərdən başladım. Düşündüm ki, əcaba, ticarətə belə həvəsli xalqın dövləti nədən indiyədək Dünya Ticarət Təşkilatının da üzvü deyil? 

Bir cavabını elə bəri başdan, dərhal yazacam: düzdür ki, babalazımız tacir idi, ticarətə də çox meylli idi, amma biz özümüz artıq tacir deyilik, alverçiyik və daha çox alverə meylliyik...

Bu, məsələnin bir tərəfi... İndi gələk, bilavasitə, Dünya Ticarət Təşkilatına. Onunla düz 15 ildir ki, "danışıqlar” aparılır və ən müxtəlif "arqumentlər” səsləndirilir. Fəqət, heç biri inandırıcı görünmür. 

Doğrudanmı, bizim "daxili bazar”ımız Gürcüstanınkından və yaxud da Ermənistanınkından daha "kövrək”dir? Doğrudanmı, bizim proteksionist siyasət yürütməyimiz üçün çox ciddi əsaslarımız var?

Bizim insanlarımızın məşhur bir məsəli var: məsələn, Gürctstanla Azərbaycanın fərqini hiss etmək üçün bircə dəfə "Qırmızı körpü”də olmaq və bir dəfə Gürcüstan–Azərbaycan sərhədini keçmək yetərlidir!.. 

Ona görə də gəlin, heç olmasa, bircə dəfə səmimi olaq və bir suala səmimi cavab verək; kimin "proteksiyaya” daha çox ehtiyacı var–bizim "daxili bazar”ımızın, yoxsa oliqarx məmurlarımızın?

Mövzunu düşünərkən, bir daha DTT ilə bağlı məlumalara gözdən keçirdim. 162 dövlət artıq çoxdan bu təşəbbüsə qoşulub! Doğrudanmı, onlardan daha "proteksionist” siyasət yürütmək üçün ciddi əsaslarımız var?

İndiyədək DDT-yə qoşulmayan dövlətlərin siyahısına baxın: Azərbaycan, Belarus, Türkmənistan və Özbəkistan! Həqiqətən də bu siyahının özü çox şey deyir, deyilmi?..

Kimsə düşünər ki, bəlkə ticarətin liberallaşdırılması, DTT–yə üzv olmağımız bizim Ermənistanla siyasətimizdə müəyyən problemlər və yaxud əngəllər yaratmaq iqtidarındadır? 

Amma baxın, Türkiyə təşkilatın üzvüdür və bu, ona Ermənistanla bağlı siyasətində hər hansı problem yaratmır.

Deməli, bu, da bir bəhanədir. Bilirsinizmi, lap açığını desək, ölkəmizin Avropa institutlarına, ümumiyyətlə, Dünya strukturlarına soyuq münasibəti irili-xırdalı məmurlarımızın öz siyasi və hətta iqtisadi mövqelərini əldən verməmək istəyindən qaynaqlanır. Burada başqa ciddi səbəb yoxdur, deyilənlər hamısı bəhanədir, -hətta kiçik yaşlı məktəbliləri inandırmaq gücündə olmayan boş bəhanə...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->