Xəbər lenti

Tarı 4 yaşında çaldı, Müşfiq “Oxu tar” şeirini ona həsr etdi, öləndə Şuşadan su istədi...
Sənət 22:19 29.08.2020

Tarı 4 yaşında çaldı, Müşfiq “Oxu tar” şeirini ona həsr etdi, öləndə Şuşadan su istədi...

Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Primovun anım günüdür.

Qaynarinfo kulis.az-a istinadən sənətkarla bağlı maraqlı faktları təqdim edir:

Qurban Pirimov 1880-ci ilin oktyabrında Abdal Gülablı kəndində dünyaya gəlib.

XVIII əsrdə Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsidir.

Tar çalmağı 4 yaşında öyrənib.

Məşhur tarzən Sadıqcandan dərs alan Qurban hər gün kilometrlərlə yol qət edib Abdal Gülablıdan Şuşaya Sadıqcanın yanına gedərmiş.

15 yaşında Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşaiyət edir. Belə toyların birində dövrün məşhur xanəndəsi İslam Abdullayevin diqqətini cəlb edir və onu öz yanına götürür.

1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.

Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə - Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.

1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib.

1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutub. 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olub.

Qurban Primov, Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.

Qızı Sara xanım Azərbaycanın ilk qadın pianoçusudur. Sara xanımın həyat yoldaşı Xalq yazıçısı Mirzə İbrahimovdur.

Qurban Primov evində bir cüt bülübül saxlayarmış. Hər səhər məşq edərkən qəfəsdəki bülbüllər onun ifasına oxuyarmış. Sonralar sənətkarın bülbüllərinin qəfəsi eksponat kimi Ağdamda yaradılan mənzil muzeyinə qoyulmuşdu.

50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis, yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib.

1965-in avqustun 10-da ölümündən 19 gün əvvəl Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə "Rahab”ı necə ifa edibsə tamaşaçıların alqış sədaları altında sənətkar üç dəfə səhnəyə qayıtmalı olub.

Mikayıl Müşfiq məşhur "Oxu tar” şeirini məhz dövrün dahi ustadı olmuş Qurban Pirimova həsr etmişdi.

Klassik musiqini çox sevən Qurban Primov müasir bəstəkarların əsərlərinə çox maraqla qulaq asarmış.

Qarabağa, Şuşaya çox bağlı olub. Hətta ölümünə bir neçə gün qalmış qızına deyib ki, Qarabağ torpağının suyundan içmək istəyirəm. Qızı da onun bu arzusunu yerinə yetirib. Həmin suyu içəndən bir neçə saat sonra dünyasını dəyişib.

Sənətkar 1965-ci il avqustun 29-da vəfat edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->