AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.
AMEA-dan Modern.az-a verilən məlumata görə, tədbiri akademiyanın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb, elmi müəssisələrin qarşısında duran vəzifələrdən danışıb.
Daha sonra bir sıra kadr və cari məsələlərə baxılıb. AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına əsasən, bəzi elmi müəssisələrin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Belə ki, pandemiya qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə keçirilən seçkilərdə tarixçi-şərqşünas alim, "Şöhrət" və "Şərəf” ordenli, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru vəzifəsinə seçilib.
Qeyd edək ki, 30 ilə yaxındır ki, taleyini Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Muzeydə fondlar və onlarda qorunan eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilib, bir sıra arxeoloji və etnoqrafik eksponatlar, eləcə də rəsm əsərləri Muzeyin laboratoriyasında bərpa edilib, ekspozisiyanın yeniləşdirilməsi üçün müvafiq muzey avadanlığı alınıb, müxtəlif məzmunlu sərgilər hazırlanıb. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və kitab-albomların çap olunması təşkil edilib, muzeyin elmi əsərlərinin nəşri bərpa edilib.
O, "Əmək rəşadətinə görə” medalı, "Şöhrət”və "Şərəf” ordenləri ilə təltif olunub, Əməkdar Elm Xadimi adına layiq görülüb.
Şərhlər