"Bu il Tbilisidə "Gənclər sarayı”nın yerləşdiyi bina bərpa olunacaq".
"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu şəhər meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, bərpa işlərinin aparılması üçün tender artıq elan olunub və fevralın 10-da başa çatacaq: "2019-cu ilin ən əhəmiyyətli layihələrindən biri "Gənclər sarayı”nın binasının yenidən qurulması ilə bağlıdır. Böyük tarixi əhəmiyyətə malik olan bu binanın 200 il yaşı var və şəhərin ən unikal tikililərindən biridir”.
K.Kaladze deyib ki, binanın bərpa olunması ilə bağlı layihə dekabrın 10-na qədər təqdim olunmalıdır: "Bərpa işlərinə 599 min lari (təqribən, 227 min dollar - red.) vəsait ayrılıb. İşlərə bu il başlamaq üçün layihələr mərhələli şəkildə qəbul olunacaq. Yenidənqurma zamanı əsas diqqət binanın fasadının bərpa olunmasına ayrılacaq. Bina tarixi əhəmiyyətə malik olduğundan yenidənqurma işlərinə xüsusi nəzarət olunacaq. Binanın əsaslı olaraq bərpa olunması çox önəmlidir və tikili gələcək nəsillərə hələ uzun onilliklər xidmət edəcək”.
Qeyd edək ki, "Gənclər sarayı” kimi fəaliyyət göstərən binada 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqillik bəyannaməsi oxunaraq Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.
Şərhlər