Xəbər lenti

Ölkə 16:12 22.04.2021

"TƏBİB-in rəhbərliyində təmsil olunanların əksəriyyətini həbs etmək mümkündür" – Rəylər

"Yeni klinika”nın rəhbəri yeni heç nə kəşf etməyib, sistem belə işləyir və işləyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-alim Nazim Bəydəmirli "Yeni klinika”nın direktorunun həbsindən danışarkən deyib. Onun fikrincə, direktor böyük bir məmurun güdazına gedib:
 

"Əslində hamı bilirdi ki, koronavirusla bağlı xəstələri hansı xəstəxanaya, klinikaya və hospitala neçəyə yerləşdirmək mümkündür. Nə qədər ki, rəqabət yoxdur, belə də olacaq. Yəqin hansısa böyük bir məmurun güdazına gedib”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə TƏBİB-in bütövlükdə ləğv edilməli olduğunu vurğulayıb:
 
 

"Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gecə TƏBİB-də həbslər aparıb. "Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən xəstəxanasının baş həkimi İmran Ağayev saxlanılıb. İndiyə qədərki fəaliyyətini əsas götürüb TƏBİB-in rəhbərliyində təmsil olunanların əksəriyyətini həbs etmək mümkündür. Bunlar özündən razılar dəstəsidir. Davranışları, baxışları, yanaşmaları, danışıq tərzləri, hətta yerişləri də sadə vətəndaşa meydan oxuyan bu şəxslərə əhalinin sağlamlığını etibar etmək olmaz. Onlar insanların bədbəxtliyi, çarəsizliyi üzərindən rüşvət alan, korrupsiyaya bulaşanlardır. Son vaxtlar COVİD-dən bu qədər çox insanın dünyasını dəyişməsinin məsuliyyəti də TƏBİB-in üzərindədir. Şəxsən mən özüm TƏBİB-in bir telefon zəngimə cavab verməsi üçün xəttə 1 saat 20 dəqiqə gözləmişəm. Sonda da heç nə! "Balıq başdan iylənir" deyirlər. Ona görə də ilk növbədə TƏBİB-in sədri Ramin Bayramlı istintaqa cəlb olunmalı, korrupsiya əməllərinə görə cəzalandırılmalıdır. Bununla bağlı mediada da kifayət qədər faktlar səsləndirilib. Səhiyyə sistemindəki paralelliyi aradan qaldırmaq üçün isə TƏBİB bütövlükdə ləğv edilməlidir”.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz, öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı həbs edilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->