Xəbər lenti

Tələbə kreditləri verilməyə başlayır, əslində isə verilmir, çünki... – Təhsil eksperti
Ekonomiks 16:08 25.11.2021

Tələbə kreditləri verilməyə başlayır, əslində isə verilmir, çünki... – Təhsil eksperti

"Uzun müddətdir ki, müzakirə olunan tələbə kreditləri verilməyə başlayır. Amma sadəcə verilməyə başlanılır, reallıqda isə o verilmir. Səbəb də kreditin verilməsi üçün qaydaların çətin olmasıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov deyib. Ekspert bildirib ki, dünyada 1960-cı illərdən tələbə kreditlərinin verilməsinə başlanılıb və hazırda dünyanın 61 ölkəsində tələbə kreditləri verilir:
 
 


"Amma ən çətin kredit verilmə şərtləri Azərbaycandadır. Demək olar ki, heç bir güzəşt yoxdur və əlçatan deyil. Bir neçə ciddi nöqsanı qeyd edim: 

1. Qeyd olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsi ilə kredit almaq üçün müraciət etmək lazımdır. Bunun üçün isə asan login portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Axı hörmətli fond, Azərbaycanda 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Kredit almaq üçün müraciət edən tələbənin adına möbil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni nömrə almalıdır? Ardında IX illik bazadan kollecə qəbul olan tələbənin 15 yaşı var, o, necə nömrə ala bilər öz adına? 

2. www.e-ttkf.edu.az portalına müraciət etmək üçün notariusa müraciət edib arayış almalıdırlar. Bunun üçün isə rüsum ödəməlidirlər. Niyə biz onları həm nömrə və rüsum ödəmək üçün əlavə xərcə salırıq? Niyə biz tələbələri qapı-qapı gəzdirməliyik? Elektron portalda hər kəs barədə məlumat var. 

3. Fond deyir ki, kredit almaq üçün minimum 300 bal olmalıdır. Bu, ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10112 dövlət sifarişli – pulsuz plan yeri var. Yəni I qrupda abituriyentlər 200 balla hətta pulsuz ixtisaslara qəbul ola bilir. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli – pulsuz ixtisas var və II qrup üzrə 250 balla pulsuz ixtisasa qəbul ola bilər.

4. Faizlər hədsiz dərəcədə yüksəkdir. Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. 

5. Kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər. Qiyabi tələbələr müraciət edə bilməz. 

6. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək. 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, akademik göstəriciləri 71 baldan aşağıdır. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik”.

Kamran Əsədov bildirib ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər:

"Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır”. 

Kamran Əsədov əlavə edib ki, bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır:

"Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa, təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur - 1-2 faiz. Ümumiyyətlə, tələbə kreditləri konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->