Texniki-Humanitar Liseydə qalmaqal: Valideynlər və müəllimlər direktoru ittiham edir

Texniki-Humanitar Liseydə qalmaqal: Valideynlər və müəllimlər direktoru ittiham edir

16 saylı Texniki-Humanitar Liseydə qalmaqal yaşanır. 

Qaynarinfo xəbər verir ki, liseyin direktoru Ülviyyə İsmayılovanın iki müəlliməni - Ofeliya Cəlilova və Zeynəb Tağıyevanı işdən çıxarmaq istəyi valideynlərin narazılığına səbəb olub. Valideynlər buna etiraz olaraq sabah liseyin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. 

Valideynlərdən Günay Yusifova Qaynarinfo-ya bildirib ki, övladı Ofeliya Cəlilovanın sinfinə düşsə də, indi həmin sinif başqa bir müəlliməyə həvalə edilib:

"Biz valideynlər buna etiraz edirik. Ofeliya müəllimə təcrübəli və peşəkardır. Bizim övladlarımızı da o hazırlaşdırıb. Uşaqlar da onu istəyir. Amma direktor onu məcburi təqaüdə göndərir. Halbuki hələ təqaüdə çıxmaq vaxtı deyil”.

Valideynin sözlərinə görə, direktor Ofeliya Cəlilovaya işə gəlməyi qadağan edib. 

Ofeliya Cəlilova özü də Qaynarinfo-ya aıqlamasında valideynlərin dediklərini təsdiqləyib. O bildirib ki, 46 illik iş təcrübəsi var və 23 ildir 16 saylı Texniki-Humanitar Liseydə çalışır:

"Araşdıra bilərsiniz ki, necə dərs keçmişəm. Mən pis müəllimə olsaydım, valideynlər sinfin məndən alınmasına etiraz etməzdilər. Sinif yığmışam, amma indi onu məndən alıb təzə işə başlayan bir müəlliməyə həvalə ediblər. Ad da qoyurlar ki, yüksək bal toplayıb. Nə bal?! Məgər balı pulla almaq olmaz?! Mən sovet dövründə təhsil alıb, müəllimlik fəaliyyətinə başlamışam. 46 illik iş təcrübəm var. İndi necə ola bilər ki, yeni işə başlayan məndən peşəkar oldu?”.

O, təqaüd məsələsinə də aydınlıq gətirib. Ofeliya Cəlilovanın sözlərinə görə, dekabr ayında təqaüdə çıxmalıdır: 

"Amma direktor indidən məni işdən çıxarmağa çalışır. Təsəvvür edin 46 ilin müəlliməsinə məktəbə gəlmək qadağan edilir. Çünki bilir ki, mən ora ayaq bassam, valideynlər hamısı məni tələb edəcək. Amma indi onlara yalandan deyilib ki, guya təqaüdə çıxmışam”.

Qaynarinfo-ya danışan Zeynəb Tağıyeva da deyilənləri təsdiqləyib: 

"Mən bülletenə çıxmışam. Bundan istifadə edib məni işdən çıxarmaq istəyirlər. Əvvəl dedilər ki, Azərbaycan sketorunda rus dilindən dərs deyim, etiraz etmədim. Daha sonra buna da imkan vermədilər. İndi necə deyərlər havada qalmışam. İşdən çıxarılmamışam, amma nə sinfim var, nə də dərs saatım. Mən Rusiyada təhsil almışam. 59 yaşım var, hələ təqaüd yaşım çatmayıb. Hansı əsasla işdən çıxarmaq istəyirlər? Direktor deyir ki, yerinə vakansiya elan etmişəm. Niyə, hansı əsasla?”.

Qaynarinfo məsələ ilə bağlı Ülviyyə İsmayılova ilə əlaqə saxlayaraq, ittihamlara münasibət öyrənmək istəyib. Lakin o, konfransda olduğunu və danışa bilməyəcəyini bildirib. Həmçinin məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamağımız tövsiyə edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla da danışmaq mümkün olmayıb. O tədbirdə olduğunu bildirib və məsələ barədə yazılı şəkildə məlumat verməyimizi xahiş edib. Amma Cəsarət Valehov WhatsApp-ına yazdıqlarımızı da cavablandırmayıb.

Seyid
XƏBƏRLƏR
BLOGLAR
X