"ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini ölkələrinin əhalisini sülhə hazırlamağa çağırması, həmçinin Davosda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsi Qarabağ hadisələrində son illərdə ilk yaxşı xəbər oldu”.
Qaynarinfo xəbər verir ki, bunu Virtualaz.org-a açıqlamasında Britaniya jurnalisti, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaal deyib.
O bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən itki sayının görünməmiş həddə azalması Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarının davam etdirilməsi üçün yeni şərait yaradır.
"Davosdakı görüş də həmçinin, hansısa ölçüdə ATƏT-in Minsk qrupu çərçivəsində yeni danışıqlara ümidlər verir, baxmayaraq ki, onlar heç də az olmayan müddətdə ümumiyyətlə dayandırılmışdı. Vasitəçilərin ictimaiyyəti sülhə hazırlamaq təklifi-bu, münaqişə tərəfi ölkələrini atəşkəsə nail olmaq yollarını dürüst müzakirə etməyə çağırışdır.
Biz "yuxarıların” mövqeyini tez-tez eşidirik, amma "aşağıların” dürüst mövqeyi də az əhəmiyyətli deyil. Hələ ki, biz ictimaiyyətin, vətəndaş sektorunun, elm və mədəniyyət nümayəndələrinin fikirini eşitmirik. Münaqişənin həlli yollarının və ermənilərlə azərbaycanlılar arasında sülhün bərqərar edilməsinin müzakirəsi insanların dar dairəsindən kənara çıxmalıdır. Ümid etmək olar ki, Azərbaycan və Ermənistan ictimaiyyəti düşmənçiliyin aradan qaldırılması və qarşılıqlı məqbul bir sülhə çatmağın dürüst yollarını müzakirə etməyə başlayacaq”, - deyə beynəlxalq ekspert güman edir.
Şərhlər