ABŞ artıq Ukraynanın 1 iyun tarixində həyata keçirdiyi və nəticəsində Rusiya aviasiyasına məxsus 40 təyyarənin zədələndiyi təəccüblü pilotsuz uçuş aparatları (PUA) hücumundan – "Tor” (Pautina”) adlı xüsusi əməliyyatdan xəbərdardır.
Qaynarinfo xəbər verir ki, lakin "The Wall Street Journal”ın yazdığına görə, Rusiya-Ukrayna müharibəsindən çıxarılası vacib dərslərdən biri də odur ki, ABŞ ərazisi, əslində, əhalinin əksəriyyətinin düşündüyündən daha çox həssas və
müdafiəsizdir.
Jurnalistlərin qeyd etdiyinə görə, Ukraynanın bu əməliyyatı barədə çox az təfərrüat məlumdur. Amma məlum olan odur ki, Kiyev Rusiyanın dərinliklərinə "ucuz” dronlar keçirə bilib və bu dronlar sayəsində bahalı rus hərbi obyektləri məhv edilib. Ukrayna üçün bu əməliyyat əhəmiyyətli fayda gətirib. Lakin WSJ yazır ki, bu cür senarini ABŞ-da da təsəvvür etmək üçün detektiv filmlərə baxmağa ehtiyac yoxdur.
"Bu, B-2 (Amerikaya məxsus strateji bombardmançı təyyarə – UNIAN) və iranlı dronların birləşməsi ilə, bəlkə də konteynerlərdən havaya buraxılması ilə həyata keçirilə bilərdi – Çin versiyasını demirəm belə”, – deyə hərbi analitik Fred Kaqan fikrini bildirib.
Nəşr xatırladır ki, ABŞ-ın strateji bombardmançı təyyarə donanması – Soyuq Müharibə dövrü ilə müqayisədə üçdəbir həcmindədir və əsasən bir neçə hərbi bazada cəmlənib.
WSJ qeyd edir ki, bu əməliyyatdan ABŞ üçün çıxan əsas nəticələrdən biri də budur: prezident Donald Tramp tərəfindən təklif olunan "Qızıl günbəz” adlı raket əleyhinə müdafiə sistemi, əslində, mətbuatda yazıldığı kimi, boş yerə xərclənən vəsait deyil.
"Xəbər başlıqları kosmik ələkeçirmə sistemlərindən danışmaqla doludur. Amma ABŞ-ı təhdid edən təhlükələr yalnız ballistik raketlərlə məhdudlaşmır – dronlar, casus dirijablları və sualtı qayıqlardan buraxılan qanadlı raketlər də bu təhlükələr sırasındadır. Amerikalılar alışmışdı ki, müharibələri uzaqlarda könüllülər aparsın. Amma növbəti müharibədə ABŞ əhalisinin hamısı cəbhə xəttində olacaq. Siyasi liderlər əhalini bu həssaslıq və təhlükə barədə daha çox məlumatlandıra bilərdi. Ən yaxşısı olmaqla öyünmək əvəzinə, real vəziyyəti anlatmalı idilər. ABŞ ordusu tarixdəki ən güclü ordu deyil”, – deyə məqalə müəllifləri bildirirlər.
Nəşr nəticə olaraq yazır ki, Ukrayna ABŞ-a ikiqat fayda verib – həm düşmən bombardmançılarını məhv edib, həm də ölkəni "özündən razı” vəziyyətdən ayıldıb.
Xatırladaq ki, 1 iyun tarixində Ukrayna xüsusi xidmət orqanları Rusiya Federasiyasının bir neçə hərbi hava bazasına zərbələr endirib. Kütləvi dron hücumları nəticəsində onlarla təyyarə zədələnib və ya məhv edilib.
Eyni zamanda Rusiya mətbuatı rusiyalıların "Tor” əməliyyatına reaksiyasını işıqlandırıb. Məsələn, hadisə yerindən 4 min kilometr aralıda yerləşən Sibirdə sakinlər bu hücumlardan sarsıldıqlarını bildiriblər. Onlar başa düşüblər ki, "müharibə artıq bizə də çatıb”.
Bu hücumlardan sonra rusiyalılar şübhə edirlər ki, hökumət onları belə hücumlardan qoruya bilər. Onlar təəccüblə soruşurlar: bu qədər dərinliyə qədər yük maşınını necə keçirib belə bir əməliyyatda istifadə etmək mümkündür?
Alpər
Şərhlər