Xəbər lenti

Trampın İranla bağlı hədəfi nədir? (ŞƏRH)
Dünya 18:10 20.01.2025

Trampın İranla bağlı hədəfi nədir? (ŞƏRH)

"Burada əsas məqsəd İranın nüvə obyektlərinin tamamilə məhv edilməsidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-ın yeni prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valzın İranla bağlı indi əsas qərarlar qəbul etməyin vaxtının çatdığı barədə bəyanatını şərh edərkən deyib:
 
"Açıqlamada xüsusi vurğulanan məqamlardan biri İranın havadan müdafiə sistemlərinin məhv edilməsi məsələsidir. Bu da o deməkdir ki, İranın hava məkanı, xüsusən də Tehran şəhəri və strateji obyektlər artıq müdafiəsizdir. Ona görə Qərbdə hesab edirlər ki, İranın indiki zəif durumunda onun nüvə obyektlərinin məhvinə yönəlik əməliyyatın keçirilməsi daha uyğundur. Netanyahu hakimiyyəti çoxdan buna hazırdır. İran nüvənin zənginləşdirilməsi faizini 60-dan 80-ə qaldırıb. Hətta bu həddi keçdiyi barədə məlumatlar da var. Deməli, Tehran nüvə silahını əldə etməyə çox yaxındır”. 
 


Politoloq bildirib ki, bu amildən istifadə edərək İsrail strateji müttəfiqlərinin yardımı ilə İranın nüvə obyektlərinin tamamilə məhv edilməsi əməliyyatına başlaya bilər:

"İranın nüvə obyektlərinin vurulması və Tehranın bu istiqamətdə addımlarını azı 10-20 illiyə geri atmaq üçün əlverişli imkan yaranıb. HƏMAS və "Hizbullah” təşkilatları da tamamilə başsız qalıb və zərərsizləşdirilib. Əsədin devrilməsilə İranın proksi qüvvələr vasitəsilə bölgədəki təsir imkanları da sıfra enib. Hiss olunur ki, İsrail və yeni Tramp adminstrasiyası bu imkanlardan yararlanmaq niyyətindədir. Yəni fürsəti imkana çevirib onu özləri üçün uğura çevirmək istəyirlər. Bunun rəsmilər tərəfindən açıq şəkildə deyilməsi isə fikrimcə, ciddi açıqlama olmaqla yanaşı, həm də onların İrandan bir sıra güzəştlər qoparmaq niyyətlərindən xəbər verir. Ona görə də basqı xarakterli açıqlama verirlər ki, Tehran ABŞ və İsrailin tələblərinə razı olsun”. 

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valz CBS News-a açıqlamasında İranla bağlı indi əsas qərarlar qəbul etməyin vaxtı çatdığını söyləyib. Valzın sözlərinə görə, İran indi "Bibi Netanyahu və israillilərin rəhbərliyi sayəsində çətin vəziyyətdədir” və Fələstinin HƏMAS və Livandakı "Hizbullah” qrupları artıq zərərsizləşdirilib.
 
Bu da onun dediyinə görə, Livanda real fürsətə gətirib çıxarıb: "Öz növbəsində bu da Əsədin devrilməsinə gətirib çıxardı. İranın hava hücumundan müdafiə sistemi də məhv edilir. Beləliklə, indi əsas qərarlar qəbul etmək vaxtıdır və biz bunu növbəti ay ərzində edəcəyik". 

Bu açıqlamalar onu deməyə əsas verir ki, yaxın zamanlarda İranın başı üzərinə qara buludlar alacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->