Dünya 17:58 16.12.2019

Türkiyə İncirliyi bağlayarsa... ABŞ-ın ən pis ssenarisi nə ola bilər? (EKSPERT)

"Bəli siyasi reallıq var. Amma bu da başqa bir məsələdir ki, Türkiyə bu addımı atarmı, hə indilikdə ona bu addımı atmaq sərf etməz. İncirlik bazasının bağlanması, ABŞ qoşunlarının çıxarılması məsələsinə Türkiyə ən kəskin və ən sonda atılacaq addım kimi baxa bilər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlikdə yerləşən hərbi bazanın ləğv edəcəklərini deməsinin kökündə real siyasi vəziyyətin olduğunu və ABŞ-ın bu addıma görə Türkiyəyə hansı münasibət göstərəcəyi məsələsini şərh edərkən politoloq Vüqar Zifəroğlu deyib.

Politoloq bildirib ki, burda əsas Türkiyə NATO münasibətlərinə diqqət etmək lazımdır: "İlk öncə ondan başlayaq ki, baş verən bu polemikanın səbəbi nədir? "Patriot” raketlərinin satılmaması, buna alternativ olaraq "S-400” raketlərini almaq üçün Türkiyənin Rusiyaya müraciət etməsi, bu müraciətlərin müsbət dəyərləndirilməsi, bundan sonra NATO və ABŞ-ın "S-400” raketlərindən imtina etməsi ilə bağlı Türkiyəyə müraciət etməsi və bundan əvvəldə NATO ilə Türkiyənin bəzi məsələlərdə fikirlərində ayrılıqlar yaranması ilk addımlar olub. Yaxın Şərqdə antiterror əməliyyatlarının keçirilməsində Türkiyənin dəstək istəməsi və buna müsbət reaksiyanın verilməməsindən tutmuş bir həmin ərazidə fəaliyyət göstərən terror qruplaşmasına Qərbin, ələlxsus ABŞ-ın yardım etməsinə qədər olan bütün bu məqamların hamısı əslində kompleks şəkildə götürülməlidir”. 
 

Politoloqa görə, burda ciddi fikir ayrılıqlarına səbəb olan məqamlar var. Və bu məqamlarda da Türkiyə artıq adekvat reaksiya verməyə məcbur olub:
"Ümumiyyətlə, nə olursa-olsun, tərəflər körpüləri yandırmaq istəmir. Hər iki tərəf çox gözəl bilir ki, körpülərin yandırılması iki dövlətə də ziyandır. Bu gün Rusiya ilə Türkiyənin  Suriya məsələsində mövqelərinin müəyyən qədər uzlaşdırılması gerçəyi Qərbin Türkiyəyə olan ikili yanaşmasından doğan gerçəkdir. Yəni Rusiya ilə Türkiyənin ittifaqı məcburiyyətdən doğan ittifaqdır. Trampın açıqlamalarını xatırlasaq, o da öz çıxışlarında etiraf edib ki, Türkiyə bu addımı atmağa məcbur olub, yəni Türkiyə bu addımları haqlı olaraq atıb. 

Türkiyənin istər Yaxın Şərq siyasəti baxımından, istər Rusiya ilə münasibətləri, istər elə bu raket kompleksləri məsələsi ilə bağlı əldə edilmiş razılaşması baxımından nəyi ön planda tutduğuna diqqət yetirsək, görərik ki, ön sıralarda dövləti və milli maraqlar, təhlükəsizlik məsələləri gəlir.
Əgər NATO ona üzv olan dövlətin təhükəsizliyinin təmin edilməsi ilə bağlı istəklərini nəzərə almırsa, onda həmin dövlət nə etməlidir? İstər-istəməz alternativlərə getməlidir və Türkiyə də bunu edib”. 

Vüqar Zifəroğlu onu da qeyd edib ki, prinsipial və vacib addımların atılması ilə bağlı hələ danışmaq çox tezdir. Bu, ən sonda atılacaq addımdır və Türkiyənin bu addımı indi atması real deyil. 

Politoloq Türkiyənin bu addımı atması təqdirində ABŞ-ın mümkün ssenarisinin nə olacağından danışarkən bildirib ki, faktiki olaraq ABŞ artıq Türkiyəyə qarşı bütün variantlarını işə salıb. Ekonomik basqı və sanksiyaları var, "Qondarma Erməni Soyqrımı” ilə bağlı qərarı Senat qəbul edib və bundan artıq daha nəsə edə biləcəyi görünmür. 

"Yəni bu artıq ən pik nöqtədir və ABŞ Türkiyəyə müharibə elan edə bilməz”.

Vüqar Zifəroğlu bildirib ki, ABŞ bu gün üçün bütün basqı və təzyiq alətlərindən Türkiyəyə qarşı istifadə edir, ancaq bu məsələdə ABŞ müəyyən yumşalmalara getməlidir. Burda söhbət Qərbin Türkiyəyə qarşı münasibətlərində müəyyən baxışlarının dəyişilməsi məcburiyyətindən gedir:

"Düzdür, bu gün analitiklər deyir ki, Tramp Senatın bu qondarma soyqrımla bağlı qərarına veto qoya bilər. Bəli, doğrudur. Ancaq açıq danışası olsaq, bildirməliyik ki, ABŞ-da qarşıdan prezident seçkiləri gələn bir vaxtda Trampın bu vetonu qoyması bir az sual doğuran məsələdir. Çünki hamımız ABŞ-da erməni lobbisinin nə qədər güclü olduğunu və seçkiyə təsir etmə imkanlarını yaxşı bilirik.

Ümumiyyətlə, bu - ABŞ Senatının Türkiyəyə qarşı müəyyən təzyiq alətlərindən istifadə etməsi ilk hal deyil. 1923-cu ildə ABŞ-la Türkiyə arasında "Türk-Amerika ticarət və əməkdaşlıq” müqaviləsi adlı bir Lozan razılaşması olub. 1923-27-ci illərdə ABŞ Senatında bu məsələ ciddi şəkildə müzakirəyə çıxarılıb və Türkiyənin əleyhinə elə bir total təbliğat, piyar kompaniyası qurulub ki, bu razılaşma ümumiyyətlə ratifikasiya edilmədi”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalının efirində rəsmi Vaşinqtonun Ankaraya qarşı sanksiyalar tətbiq edəcəyi halda Türkiyənin bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacağını deyib: "İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kurəciyi bağlayacağıq".

Günay İlqarqızı