Siyasət 18:04 14.01.2021

Türkiyə Minsk qrupuna "yaşıl işıq" yandırır: ABŞ və Fransa münaqişənin tam həllinə necə tövhə verə bilər? (ŞƏRH)

"ABŞ və Fransanın da danışıqlara daxil olması Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalmasına gətirib çıxara bilər. İkinci bir tərəfdən Azərbaycan illərdir Minsk qrupunun təklif etdiyi həll prosesini hərbi əməliyyatlar yolu ilə uğurla başa vurub. Əgər yeni mərhələdə ABŞ və Fransanın həmsədr olduğu Minsk qrupu Qarabağ münaqişəsinin həlli ilə bağlı uğurlu bir model təklif etsə, niyə də danışıqlarda iştirak etməsin”.

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun Minsk qrupu ilə bağlı verdiyi açıqlamanı şərh edərkən deyib. 

Zərdüşt Əlizadə isə hesab edir ki, Azərbaycan üçün indiki mərhələdə Minsk qrupunun danışıqlar prosesinə yenidən qatılmasının bir ziyanlı tərəfi yoxdur: "Əksinə indi daha çox xeyri ola bilər”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu son açıqlamasında ATƏT-in Minsk Qrupunin Qarabağ münaqişəsinin həllində yenə də rol ala biləcəyini istisna etməyib.  

Maraqlıdır ki, Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illər haqlı olaraq həmsədrləri tənqid edir, 25 ildə onların fəaliyyətinin yarıtmaz olduğunu vurğulayırdılar. Eyni açıqlamalar Bakıdan da səslənirdi. Ərdoğan son açıqlamasında onu da xatırladıb ki, Minsk qrupunun 30 ildə uzatdığı problem Türkiyənin dəstəyi ilə 44 günə həll edildi.

Buna baxmayaraq, Ankara Minsk qrupu formatından imtina edilməsini də lazım bilmir. Doğru yanaşmadır. Elə Azərbaycan Prezidenti İlham Əliyev də həmsədrləri tənqid etməsinə baxmayaraq, bu formatdan imtina etməyi lazım bilmir. Müharibəyə qədər danışıqların getdiyi təxminən 26 ildə həmsədrlərdən tələbimiz o olub ki, Ermənistanın işğalına son qoysunlar, BMT-nin 4 qətnaməsini yerinə yetirsinlər. Etmədilər, 44 günə biz məsələni böyük ölçüdə həll etdik. Ona görə də bundan sonra Minsk qrupundan artıq heç bir tələbimiz və gözləntimiz yoxdur. 

Ekspertlərin fikrincə, Minsk formatından imtina da doğru olmazdı, bu halda böyük güclərin təzyiqi ilə üzləşə bilərik: 

"Böyük güclər simvolik də olsa, rollarını davam etdirmək istəyir, bu yolla oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Həmsədrlərdən imtina bizə lazım deyil. Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək, onsuz da status məsələsi yaxın illərdə həll olunmayacaq. 25 il heç bir nəticə əldə etməyən qurum qoy bir elə o qədər turistik səfərlərlə məşğul olsun. Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin”.

Həmçinin, ABŞ və Fransanın bölgədə olması azad olunmuş ərazilərinin bərpasına xarici sərmayələrin cəlb olunmasına da imkan verə bilər…

Orxan Əhmədli