Ukrayna artıq ikinci dəfə I Dünya müharibəsi üslubunda hava döyüşləri aparmaq üçün təlim təyyarəsini döyüş əməliyyatlarında istifadə edir.
Qaynarinfo xəbər verir ki, "Forbes" nəşri internetdə yayılan görüntülərə diqqət çəkib və Ukraynanın daha bir Yak-52 təyyarəsini pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə tətbiq etdiyini bildirib.
Kadrlarda parlaq rənglərlə boyanmış Yak-52 təyyarəsi görünür. Görüntülərdən belə nəticəyə gəlmək olar ki, bu təyyarə PUA-ların odlu silahlarla vurulması üçün bir platforma kimi istifadə olunur.
Ötən il Ukraynanın Müdafiə Qüvvələrinin Yak-52 təlim təyyarələrindən istifadə edərək Rusiya PUA-larını vurduğu məlum olmuşdu. Həmin dövrdə bu təyyarələrdən biri Zala tipli PUA tərəfindən qeydə alınmışdı.
2024-cü ilin iyun ayında yayılan görüntülərə əsasən, Yak-52 ekipajı altı "Orlan-10" PUA-sını və bir neçə "Zala" dronunu məhv edib.
Məlumata görə, ruslar bu kiçik təyyarədən narazıdır, çünki o, PUA-lara qarşı effektiv mübarizə aparır və hədəf almaq çətin olduğuna görə onu raketlə vurmaq olduqca mürəkkəbdir.
Qərb ekspertləri bildirir ki, hətta Yak-52 PUA ilə toqquşsa belə, pilotlar təyyarəni eniş etdirməyi bacarır.
"Yak-52" sovet istehsalı olan idman-təlim təyyarəsidir və SSRİ-də pilotların ilkin hazırlığı üçün əsas təlim vasitələrindən biri olub. İlk uçuşunu 1974-cü ildə həyata keçirən "Yak-52"-dən bu günə qədər 1700-dən çox istehsal edilib.
1980-ci illərdə "Yak-52" bazasında Yak-52B adlı yüngül zərbə təyyarəsi hazırlanıb. Bu model UB-32 tipli idarəolunmayan aviasiya raketləri ilə silahlandırılıb.
Bundan əlavə, məlumatlara görə, Rusiya "Yak-52B2" adlı yeni bir model hazırlamağı planlaşdırır. Bu versiya kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün nəzərdə tutulur.
Aydın
Şərhlər