Sentyabrın 2-də, çərşənbə axşamı, Ukrayna ilə Rusiya arasındakı eskalasiya fonunda Rusiyanın "qara qızıl” tədarükündə fasilələrə dair narahatlıqlar artdığı üçün neft qiymətləri yüksəlib. Treyderlər həmçinin ABŞ Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcələrinin azaldılması imkanını da qiymətləndirirlər.
Qaynarinfo "Reuters”ə istinadla yazır ki, Brent markalı neftin qiyməti 37 sent və ya 0,54% artaraq barelinə 68,52 dollar, WTI markalı neftin qiyməti isə 1,01 dollar və ya 1,58% bahalaşaraq barelinə 65,02 dollar olub.
"FED-in siyasətini yaxın vaxtlarda yumşaltmaq perspektivi neft qiymətlərinə qısamüddətli dəstək verir”, – deyə "Phillip Nova” şirkətinin baş bazar analitiki Priyanka Saçdeva bildirib.
Agentliyin hesablamalarına görə, Ukraynanın son pilotsuz hücumları nəticəsində Rusiyanın ümumi neft emalı gücünün azı 17%-i, yəni gündəlik 1,1 milyon barel istehsal tutumu dayandırılıb.
"Rusiyanın enerji infrastrukturuna risklər yüksək olaraq qalır. Ötən həftəsonu Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirərək hücumları daha da gücləndirdi”, – deyə ANZ şirkətinin xammal bazarı üzrə baş strateqi Daniel Hains bildirib.
Bundan əlavə, investorlar 7 sentyabrda keçiriləcək OPEC və müttəfiqlərinin görüşünü gözləyirlər. Bazar, OPEC+ ölkələrinin hasilat həcmini hələlik dəyişmədən saxlayacağını ehtimal edir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, bu, gömrük rüsumlarının iqtisadi təsirləri ilə bağlı narahatlıqlar fonunda təklifin tələbi üstələməsinə gətirib çıxarıb.
"Gələn il profisit miqyası o deməkdir ki, qrup bazara əlavə həcmlər çıxarmaq ehtimalı azdır. Daha ciddi risk isə OPEC+ profisit qorxusu üzündən təchizatı yenidən azaltmaq qərarı verə bilər”, – ING analitikləri qeyd edirlər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Hindistanı Rusiya neftini almasına görə tənqid edib. Üstəlik, avqustun 27-dən etibarən bu səbəbdən Dehliyə qarşı gömrük rüsumlarını ikiqat artırıb.
Buna baxmayaraq, Hindistan sentyabrda Rusiya neftinin idxalını artırmağı planlaşdırır. Daha sonra Dehli Rusiya neftini idxal etməsinə bəraət gətirib. Hindistanın neft naziri Hardip Puri bildirib ki, bu, dünya iqtisadiyyatını qiymətlərin kəskin sıçrayışından qorumağa kömək edib.
Alpər
Şərhlər