Siyasət 15:02 24.01.2022

Ukrayna məsələsi əsasında informasiya savaşı, yoxsa gerçək təhlükə?

Ukrayna ətrafında vəziyyət gərginləşdikcə, müharibə təhlükəsi artdıqca, dünya mətbuatında müxtəlif dezinformasiyalar da yer almağa başlayıb. Belə ki, bu günlərdə Amerika mətbuatında yanvarın 24-dən başlayaraq ABŞ-ın Ukraynadakı səfirliyin ailə üzvlərini bu ölkədən çıxaracağı barədə məlumatlar yayılıb. Amma məlumat yayılandan bir qədər sonra ABŞ Dövlət Departamentinin timsalında məlumatın heç bir əsasının olmadığı üzə çıxdı. Dövlət Departamenti belə bir addımda bulunmadıqlarını bildirdi. 

Qeyd edək ki, bundan bir qədər öncə elə həmin Amerika mətbuatında Moskvanın Ukraynadakı Rusiya səfirliyi və konsulluq əməkdaşlarının ailə üzvlərini bu ölkədən çıxarmağa başladığı barədə də informasiya getmişdi. Hətta həmin məlumatda sonrakı addımlarda Rusiya səfirlik və konsulluq əməkdaşlarının tam çıxarılması qrafiki də göstərilirdi. Ancaq nədənsə Rusiya rəsmiləri ABŞ-dan fərqli olaraq informasiyanın doğru və ya yalan olmağı barədə ictimaiyyətə hələ də hər hansı bir açıqlama verməyib. 

Bu fonda yaranmış situasiya onu deməyə əsas verir ki, ətrafında gərginlik artsa da, Ukraynadan ABŞ, Rusiya və ya hər hansı digər ölkə səfirlikləri və onların ailə üzvlərinin çıxarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Amma bununla belə, bu sayaq dezinformasiyalar ortaya atılırsa, deməli, hansısa məqsəd güdülür. Adətən hər hansı bir hərbi müdaxilələr ərəfəsində tərəflər arasında informasiya, əsəb müharibəsi də aparılır. Bu mənada Ukraynadan bəzi ölkələrin səfirlərini və onların ailə üzvlərini çıxarmaları və ya bu barədə düşündükləri haqda gəzən məlumatlar da məhz əsəb müharibəsinin tərkib hissəsidir. Bu kimi davranışlarla qarşı tərəfdə narahatlıq, həyəcan yaratmaq, müharibənin olacağı ehtimalını gücləndirməklə onları qorxutmaq və güzəştlərə getməyə vadar etmək istəyirlər. 

Digər tərəfdən, ABŞ rəsmilərinin sözügedən informasiyanı təkzib etməsi fonunda, Moskvanın özlərilə bağlı anoloji məlumata hər hansı bir reaksiya verməməsi onu göstərir ki, bu sayaq dezinformasiyaların arxasında dayanan ölkə məhz Rusiyadır. 

Qeyd edək ki, bu gün Yaponiya Nazirlər Kabinetinin baş katibi də Ukraynadakı həmvətənlərindən təhlükəsizlik tədbirləri görməyi xahiş edib.

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?