Xəbər lenti

Ukrayna və ABŞ Faydalı Qazıntılar Fondu nə vaxt işə salınacaq?
Dünya 11:21 05.06.2025

Ukrayna və ABŞ Faydalı Qazıntılar Fondu nə vaxt işə salınacaq?

Ukrayna və ABŞ bu ilin sonuna qədər Faydalı Qazıntılar Fondunun fəaliyyətə başlamasını planlaşdırır və fondun ilk iclası iyul ayında keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın birinci vitse-premyeri Yuliya Sviridenko məlumat verib. O, ABŞ-ın maliyyə naziri Skot Bessent və Fondun tərəfdaşı olacaq İnkişaf Maliyyələşdirmə Korporasiyası ilə görüşlər keçirib.

"Biz bu fondun cari il ərzində fəaliyyətə başlaması üçün atılacaq çox konkret addımları müzakirə etdik”, – deyə Sviridenko "Reuters” agentliyinə bildirib.

Onun sözlərinə görə, tərəflər iyul ayında Fondun Direktorlar Şurasının ilk iclasını keçirməyi və ilkin kapitalın miqdarını müzakirə etməyi planlaşdırır. Sviridenko əlavə edib ki, "fondun qarşıdakı bir neçə il üçün investisiya strategiyası qəbul olunmalıdır”.

Xatırladaq ki, faydalı qazıntılarla bağlı saziş üzrə danışıqlar bir sıra münaqişə və anlaşılmazlıqlarla müşayiət olunub. Buna baxmayaraq, nəhayət razılıq əldə edilib və müqavilə imzalanıb.

ABŞ prezidenti Donald Trampın fəal şəkildə dəstəklədiyi Ukrayna faydalı qazıntılarının hasilatı üzrə saziş bu ilin aprelində Vaşinqtonda Sviridenko tərəfindən imzalanıb. Bir həftə davam edən gərgin danışıqlar nəticəsində müqavilənin şərtləri Kiyev üçün daha əlverişli hala gətirilib.

Az sonra isə bu saziş Ukrayna Ali Radası tərəfindən ratifikasiya olunub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->