Siyasət 14:15 23.04.2021

“Ukrayna özünü lotu kimi aparmaq istədi, Rusiya da lotu kimi cavab verdi” – Politoloq

"Rusiyaya kim nə edə bilər? Bir ölkəyə ki, İosif Stalin nüvə silahı bağışlayıb gedib və həmin silah dünyanı 3-4 dəfə məhv etməyə imkan verirsə, hansı qüvvə intihar etmək istəyər? Hec bir ölkə hərbi baxımdan Rusiyanı qarşısına almaz. Putin də Rusiyanı öz düşüncəsinə və mədəniyyətinə görə idarə edir və ölkəsini də ora aparmaqdadır. Dünya da buna dözür. Çalışır ki, əndazədən çıxmasın. Bu zaman da ehtiyatlı hərəkət edirlər. Yəni, nüvə bombasına görə Rusiyadan çəkinirlər”.

Bu fikirləri politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində Qərb ölkələrini hədələyən çıxışını şərh edərkən deyib.
 
 

Onun sözlərinə görə, Putinin NATO ölkələrinin Rusiyanı çevrəyə alması barədə dedikləri həqiqətdir:

"Putin bu məsələdə yalan demir. Soyuq müharibə qutarandan sonra Qərb şifahi də olsa Rusiyaya söz vermişdi ki, keçmiş sovet ölkələrini NATO-ya qəbul eləməyəcəklər. Buna əməl etmədilər. Birinci Baltikyanı ölkələri alyansa qəbul etdilər. İndi də Gürcüstanı, Ukraynanı və Moldovanı üzv etmək istəyirlər. NATO-ya üzv olan ölkə də hərbi ehtiyacları ödəmək baxımından ərazisini alyansın ixtiyarına verməlidir. Bu da o deməkdir ki, onlar öz raketlərini gətirib Ukraynanın şərqinə qoya bilərlər. Fərz edək ki, bu raketlər də 2 dəqiqə yarıma Moskvanı vura bilər. Buna qarşı Rusiyanın yüz milyardlarla vəsait xərcləyib qurduğu anti-raket sistemi gücsüzdür. Kremldə də başa düşürlər ki, Qərbin bütün səyləri Rusiyanın milli təhlükəsizliyini təhdid altında saxlamağa yönəlib. Ona görə, Rusiya bunun qabağını almaq üçün post-sovet ölkələrinə hücum edib, ərazilərinin bir hissəsini işğal edir…”

Rusiyanın Ukrayna səhərdinə yığdığı qoşunun geri çəkməsinin səbəbini Kreml rəhbərliyinin Qərb ölkələrinə qarşı göstərdiyi əzələ nümayişinin effekt verməsi ilə izah edən Zərdüşt Əlizadə hesab edir ki, ABŞ başda olmaqla heç bir Qərb ölkəsi Ukraynaya görə Rusiya ilə müharibı edən deyil: 

"Azərbaycanın ərazilərinin böyük bir hissəsini işğaldan azad etməsi ilə nəticələnən hərbi əməliyyatlardan Ukrayna çox ruhlanmışdı. Donetsk və Luqanskı hərbi müdaxilə ilə azad etməyə hazırlaşırdı. Bunun üçün Türkiyədən "Bayraqdar”lar da almışdı. Bütün bunları da Rusiya kəşfiyyatı diqqətlə izləyirdi. Nəzərə almaq lazımdır ki, başqa posts-sovet ölkələrində olduğu kimi Ukraynanın hərbi elitasının yarısı Rusiyaya işləyir. Buna görə də Rusiya qoşununu sərhədə yığıb, Ukraynanı mümkün hərbi əməliyyatlarına hücumla cavab verəcəyini nümayiş etdirdi. Amerika rəsmilərinin Ukraynaya verdiyi dəstək də quru sözdən başqa bir şey deyildi. Donetsk və Luqansk ABŞ-ın nəyinə lazımdır. Min dənə Donetsk və Luqansk olsa belə, Amerikanın vecinə də olmaz. Putin də bunun gözəl bilir və açıq şəkildə bildirirdi ki, Ukraynanı vuracağam. Zelenski baş verə biləcəkləri təhlil edib, Putinlə Donetsk və Luqanskda görüşmək təklifini irəli sürdü. Putin cavabında bildirdi ki, gələrsən, Moskvada danışarıq. Yəni, lotu söhbəti oldu. Ukrayna özünü lotu kimi aparmaq istədi, Rusiya da lotu kimi cavab verdi. Bu söhbətin axırı da belə qutardı”.

Politoloq Rusiyanın ən böyük düşməninin korrupsiya rejimi olduğunu deyir: 

"Rusiyaya xaricdən heç bir təhlükə yoxdur. Əsas düşməni korrupsiya rejimidir. Buna görə də Rusiya günü-gündən geri gedir, düşünən beyinləri xaricə getməyə məcbur qalır. Rusiya hakimiyyətinin qanmazlığı və kütlüyü, vətənə və xalqa xəyanəti, oğru olmaları indiki mənzərənin yaranmasına səbəb olub. Yəni, Rusiyada tənəzzül iri addımlarla davam edir. Buna görə də Rusiyanı hərbi əməliyyatlara cəlb etməyə ehtiyac yoxdur. Ukrayna, Moldova və Gürcüstan NATO və Avropa İttifaqına daxil olmaqdansa, Azərbaycan kimi Rusiyanın zəiflənməsini və ya imperialist ölkə imicinin dəyişməsini gözləsələr, yaxsıdır. Səbr yaxşı şeydir”.

Rusiyanın keçmiş "SSRİ”ni bərpa etmək niyyətini boş xəyal və nağıl adlandıran Zərdüşt Əlizadənin fikrincə, post-sovet ölkələrində formalaşan burjuaziya buna imkan verməyəcək:

"SSRİ yaşaya bilən bir siyasi qurum olsaydı, dağılmazdı. Nəhəng bir dövlət idi, vahid dəmir yolu, energetikası və s. hər şeyi var idi. SSRİ ona görə dağıldı ki, hakim zümrə daha çox xalq malını talamaq istəyirdi. Bunun üçün də əlbir olub, nəhəng imperiyanı parçaladılar. Hamısı da milyarder oldular. İndi bu adamlar razı olarmı, Moskvadan kimsə gəlib onları sorğu-suala tutsun? Hətta bədbəxt günə qalmış Ermənistanın siyasi elitası belə yenidən Rusiyanın tərkibinə qatılmaq istəmir. Marksizmdə bir müddəa var: Hər bir ölkənin milli birjuaziyası müstəqilliyə ona görə önəm verir ki, xalqını özü yağmalasın...”

Orxan Əhmədli