Xəbər lenti

Foto 16:52 20.01.2021

Uzun, incə, barıt qoxulu yolda... – Baş leytenantın döyüş gündəliyi (FOTO)

Qaynarinfo Tovuz döyüşləri və II Qarabağ savaşının iştirakçısı, baş leytenant Qulu Məmmədlinin müharibə gündəliyini təqdim edir. 

Qulu Məmmədli Tovuz döyüşlərində orduya könüllü yazılsa da, döyüşə aparılmayıb. II Qarabağ savaşı başlayanda yenidən könüllü yazılıb və ordu sıralarına cəlb edilib. Leytenant olaraq 37 gün aktiv döyüşlərdə iştirak edib. Oktyabrın 3-ü Füzulidən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində döyüşüb. Müharibə qurtarandan sonra Daşaltıya, oradan Laçına yola düşüb, daha sonra Xocavənddə gedib. Dekabrın 19-da avtoqəzaya düşüb. Yanvarın 9-da təxris olunub. Cəbrayılın və Qubadlının azadlığı uğrunda medallarına layiq görülüb və rütbəsi baş leytenant olaraq artırılıb.

Ağcəbədi 03-10-2020

Səhər üzü saat 04:50

Hərbi hissəyə həyəcan verilir. İki tabor döyüşə çıxmalıdır. Axşamdan "bizi nə vaxt döyüşə aparacaqlar" deyən əsgərlərin üzündə sevinc, qürur, çaşqınlıq hissi sezilir.  Bütün şəxsi heyət sağa-sola qaçır, hər kəs nə isə axtarır. 

Tabor komandiri, iti, mətin, bir az da əsəbi: "Tabor düzül" əmri verir.

Hər kəs yerini alır. Səmada "harop", yer üzərində Qarabağ istiqamətində gurlayan mərmi səslərindən başqa səs yoxdur. 

"Silahları, sursatları götürün, 15 dəqiqə sonra düzülün, avtomobillər gəlir, Füzuliyə gedirik”, - tabor komandiri əmr edir. 

Bir saat sonra hər kəs hərbi maşınların arxasına bölük-bölük düzülüb, gözləməkdədir.

Silah otağından taborun təminat xidmətinin rəisi kapitan Orucov (şəhid) "Canlığı ver, mənimkidir”, - gülümsünərək deyir. Əvəzində mənə daraq çantası verir, dörd patron darağını çantaya yığıb kəmərimdən asıram. Hərbi hissənin qapısının kənarında valideynlərin, əsgər yaxınlarının izdihamı yaşanır.

"Hər kəs maşınlara” komandası verilir. 20-yə yaxın hərbi avtomobil kolonu yola düzəlir. Yolboyu minlərlə insan əllərində Türkiyə-Azərbaycan bayraqları ilə düzülüb. Bayraq asılmış avtomobillərin sayı-hesabı yoxdur. Hər kəs maşın karvanına imkanı çatan nələrsə atır.

Qarşı tərəfdən isə dayanmadan ön xətt istiqatindən sürətlə ambulans maşınları gəlirlər. 

Qarışıq hisslər hakimdir. Əsas hiss isə cəbhəyə daha tez çatmaq, nə baş verəcəyini səbirsizliklə gözləməkdir.

Telefonlar susmur. Hərbi kalon sürətlə Füzuliyə yaxınlaşır. Yolboyu yolun sağı-solu hərbiçilərlə, hərbi maşınlarla, hərbi texnikalarla doludur.

Horadizdən sonra mülkiyə aid heç bir şey gözə dəymir. Toplar aramsız atəş xəttindədir. Qarşı tərəfdən atılan ağır artilleriya mərmiləri döyüşdəki kimi 2-3 metrədə yox, hələ ki 2-3 km aralıqda partlayır.

Barıt qoxusu və müharibənin astanasıdır. Sakitlikdir. Hər kəs gələcək komandaya hazır şəkildə gözləyir. 

Avtomobil karvanı Lələ təpədən sağ istiqamətə yan alır. Müvəqqəti yaradılmış toplanma məntəqəsinə çatırıq. Tabor bölük-bölük tank üçün qazılmış böyük səngərlərlə yerləşdirilir. Axşam düşür, hava soyuyur. Vay, "buşlatı" - qış gödəkçəsini hərbi hissədə unutmuşam. Yataq dəsti, o da yoxdur. 
Axşam düşmənlə yox, soyuqla müharibə olacaq...

Hər kəsə "quru ərzaq payı" paylanılır. Amma heç kimdə iştaha yoxdur. Yolboyu insanların maşınlara atdıqları yeyəcəklər hər kəsi yeməkdən daha çox yatmağa meylləndirib. Döyüş növbətçiliyi təşkil olunur, qalan şəxsi heyət yatır. Axşam saat üç radələri yağış başlayır. İlıq yağış damlaları getdikcə güclənir. Külək sürətlənir. Bölük komandiri "hər kəs içəri keçsin” deyə komanda verir. Hər kəs üstü qarğı ilə döşənmiş tank səngərinə sıxlaşır. Səhər açılır, Füzulinin sarı, botularımıza saqqız kimi yapışan palçıqlı yolları ilə 300 metr aralıda yenidən maşınlara minmək üçün irəliləyirik.

Zabit yoldaşım, həmkəndlim baş leytenant Dəmirov öz gödəkçəsini zorla mənə verir, "yox, istəmirəm”, - deyə israr etsəm də, "qaytarsan, məni danışdırma” - deyib, harasa tələsir.

Avtomobil karvanı Cəbrayıl istiqamətinə yön alır. Təmas xətti yarılıb, düşmən geri çəkilib. Atəş səsləri getdikcə yaxınlaşır. Avtomobillər işğaldan azad edilən torpaqlara daxil olur. Yolun sağında-solunda düşmən leşləri səpələnib. Saqqallı, özlərini soyuqdan qorunmaq üçün adyala bükülü şəkildə qalmış düşmən meyitləri artıq müharibənin astanasında olduğumuzun, az sonra bunların qalan hissəsi ilə döyüş olacağının anonsunu verir. Bəzilərinin yaşları daha çox görünür. Aralarında muzdluların olduğu da bilinir. Sonrakı eşalonlarda bu fizianomiyada olan düşmən meyitlərinə daha az rast gəlirik. Birinci eşalonda daha çoxdurlar.

Az sonra "avtomobillərə təhlükə var, piyada getmək lazımdır” komandası gəlir. 450 nəfərə yaxın şəxsi heyət bir kolonda, ara məsafəsi 2-3 addım, ağır yüklərlə Cəbrayıl istiqamətində hərəkətə başlayır. 

Axşam düşür. Müəyyən məsafədən sonra hansısa yüksək rütbəli zabitlər gəlir. Bir dərəyə toplanırıq. Yağış yenidən yavaş-yavaş yağmağa başlayır. Oktyabr ayına xas olmayan soyuq hava ilə qarşılayır bizi doğma Qarabağ. 

Bir tərəfdən qəribə hisslər hakimdir. 27 il sonra, hamının həsrətlə gözlədiyi torpaqlarda ilk olaraq yürüyürsən. Təhlükə böyükdür, amma qürur hissi daha artıqdır. Başqa bölmələrlə qarşılaşırıq, hər kəs bir-birini təbrik edir. "Var olun", "Allah qorusun" kəlmələri ən çox işlədilən kəlmələrdir.
Bizi qruplara bölürlər, qarşıda düşmənin ehtimal edilən müxtəlif istiqamətdə yerləşən postlarına doğru irəliləyirik. Yağış güclənir. Düşmənin müharibə boyu ən çox istifadə etdiyi "minamiyot" atışları intensivləşir. Bir dərəyə toplanırıq. "Hamı otursun” deyə komanda verir tabor komandiri. Zülmət qaranlıq var, bir metr qarşını görmək olmur. Yağış daha da şiddətlənir. 

Dərənin üst tərəfinə qalxıram. İki əsgər, üç zabit eyni yerdən düşmın tərəfə müşahidə aparırıq. Əsgər Kərimov: "Komandir, qarşıda qaraltı görürəm”, - deyir, xeyli baxıram, "Daşdır, narahat olma”, - deyib, həyəcanla həmin istiqamətə baxıram. İlk dəfə əlimi avtomatın tətiyinə tərəf sıxıram. 
Adam öldürmək?! Yox, düşmən öldürmək! Xocalıda, Qarabağda onminlərlə günahsızı qətlə yetirən caniləridir qarşında. 
Yağışın suyunu kürəyimdə hiss edirəm. Anidən əsgər Kərimov dediyi istiqamətə dayanmadan atəş açır. Ardıyca biz də dəstək veririk. Sakitlikdir. Rabitə dayanmadan bizim gizli adımızı çağırır. Hər şey qaydasındadır deyə, 23 yaşlı, dolu bədənli, sarışın, hələ də hamı kimi qeyri-müəyyən fikirlərlə daha çox yüklənən bölük komandiri məruzə edir. "Ehtiyatlı olun" əmri verən zabitin səsi ilə eyni vaxtda rabitənin yaşıl işığı sönür.

Soyuğun təsirindən bir-birinə sürətlə dəyən diş səsləri payız küləyinin uğultusuna qəribə ahəng yaradır. Az keçmir, havaya dəqiqə-bir ərazi işıqlandıran fişənglər atılır. Aprel döyüşlərində iştirak edən iki əsgər (MAXE) - daha sonra səfərbərliklə çağırılıblar - İsmayılov və Məmmədov bizə yaxınlaşırlar: "Bizim döyüş təcrübəmiz var, nə lazım olsa, birinci bizə deyin”, - deyirlər. Bu, parta arxasından yenicə qalxıb gələn orta məktəb müəllimi üçün böyük dəstək idi. Üstümdə 12 cib var, hər dəfə siqareti yandırmaq üçün alışqanımı 2-3 dəqiqə axtarıram. Yaxşı söyüşlər də öyrədir müharibə... 

Füzuli 5 oktyabr

Saat 03:00

Hava zülmət qaranlıqdır. Yağış sürətlə yağmağa davam edir. Əsən külək dizdən yuxarıya qədər uzanmış, sap-sarı rəngə boyanmış çayırlara sığal çəkir sanki. 

Bizim mövqelərə arxa tərəfdən 50-yə yaxın avtomobil yaxınlaşır. Çox keçmir, yüzlərlə şəxsi heyət yüksək hərbi-nizam intizam göstərgəsi ilə düşmən mövqelərinə tərəf istiqamət alır. Səhərüzü geri qayıdırlar. Bizdən 200 metr irəli istiqamətdə 2-3 avtomobili atıb qaçıb düşmən. Laçına qədər hər yerdə tökülə-tökülə gediblər. Hər 50-100 metrdən bir texnikaları ya vurulub, ya tam saz vəziyyətdə ortalıqda qalıb. 

Yağış suları altında səhəri zorla açırıq. Hər kəs suyun içindədir. Komanda gəlir: "Bütün bölmələr toplanma məntəqəsinə!".

Böyük qələbəlik var. Xeyli sayda əsgər, zabit toplanıb. Bizə sadəcə alt geyim forması paylayırlar.

Hamı yorğundur. Səhərə qədər yatmamışam, istədiyim tək şey isti yerdə, quru paltarda müəyyən müddət yatmaqdır. Hardasan, ay evdəki yatağım...

Zirehli avtomobillərdə hərbi birləşmənin yüksək rütbəli zabitləri gəlir. 5-10 dəqiqəlik müşavirə keçirirlər. Hərbi hissə komandiri komanda verir: "5-ci tabor düzülsün". Hər kəs silahını-sursatını, əşya çantasını götürüb, hazır vəziyyətdə gözləyir. Yeni geyindiyim paltarların islandığını, bədənimə ilıq suyun dəydiyini hiss edirəm. Yemək yeməyə vaxt yoxdur. Yenidən uzun kolon şəklində irəliləyirik. Cəbrayıl istiqamətinə gedən asfalt yolla bir az getdikdən sonra sağa, axşam dayandığımız mövqeylərin qarşı tərəfindəki dağa dırmanırıq. Ermənilər qaçıblar. Mövqelərdə hər şeyi atıblar. Paltarlar, əşya çantaları, yeyəcək müxtəlif qidalar sağa-sola səpələnib. Bir neçə mobil telefon da ətrafda gözə dəyir. Soyuq adamı kəsir. Bir sutkaya yaxındır, yuxusuz, qida qəbul etmədən qalmaq səhhətimdə nələrinsə düz getmədiyinə işarə edir.

Hər kəs mövqelərdə möhkəmlənir. Amma tam sakitlikdir. Düşmən gözə dəymir. Qarşı tərəfdən Füzuli şəhəri istiqamətində mərmi səsləri eşidilir. Təxminən bir saat sonra əmr gəlir. Asfaltla bir kolonda irəliləməkdəyik. Yeridikcə bədən istilənir, soyuq öz təsirini itirir. Yağış ara vermir. Zümzümə edirəm: "Burda hava pis keçir, ara vermir yağışlar". Adını burada çəkə bilmədiyim bir nəfəri xatırlayıram...

Kolonun başında birləşmə komandirinin müavini gedir. Ondan 5-6 əsgər sonra mən irəliləyirəm. Kürəyimdəki adi halda 15 kq olan əşya çantamın çəkisi yağış nəticəsində ağır yükə çevrilib. Uzun, dolu bədənli, əynində yağışdan qorunmaq üçün geyindiyi su buraxmayan paltarına baxıb paxıllıq etdiyim adam anidən geriyə dönüb: "Burada zabit kimdir",- deyə yüksək səslə soruşur.

Müharibə şəraitində zabitlərin çoxu rütbələrini çıxarır deyə, kimin əsgər, kimin zabit olduğunu bilmək çətinləşir. Səfərbərliklə gələn əsgərlərin bir çoxu mənimlə həmyaşıddır.

Sağa-sola baxıram, kimsədən səs çıxmır. "Mən” deyə cavab verirəm. Əvvəlki xidmətimdə tağım komandiri olsam da, bu dəfə müharibəyə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini (zampalit) kimi çağırılmışdım. Qaynar baxışlarla gözlərimin içinə baxan birləşmə komandirinin müavini usuz-bucaqsız kolona əmr verir: "Dur". "Dörd əsgər də gəlsin". Üzünü mənə tutub əmr verir: "Soldakı dağı görürsən? Bu əsgərlərlə qalxın, orada mövqe alın, kolon tam keçsin, sonra gəlib bizə qoşulun, oradan təhlükə ola bilər, Allah qorusun".

Sola baxıram. Təxminən 200 metr aralı 200-300 metr yüksəkliyində təpədir, ətəyində lüləsi və üzərindəki pulemiyotun ucu bizim istiqamətdə tuşlanmış şəkildə düşmən tankı dayanıb. Qumbaratan əsgər Aslanov Səxavət (qazi) və digər üç əsgərlə bir kolonda həmin istiqamətə irəliləyirik. Ayağımı hər yerə basdığımda nə isə bir sürpriz olacağından ehtiyatlanıram. Sonra bu şəkildə ehtiyatla atılan addımlar mətin addımlara dönür. Getdikcə hər şey adiləşir. Həyatda olduğu kimi. 

Nə gizlədim, birinci tapşırıq olduğundan çox həyacanlanlıyam. Qorxu hissi hamıda var, kim nə qədər öhdəsindən gələ bilir, təbii. Zabit olduğun üçün qorxsan belə, biruzə verməməlisən, verdinsə, tək özün yox, bütün tabeçiliyində olanlar üçün təhlükə yaradırsan. Həm də ədalət naminə silah götürən adamlar qorxudan o qədər əziyyət çəkmirlər. Getdikçə qorxaqlıq hissi ilə yaşamaq olanların da qorxu hissini yorur. Tək qorxu səndən geriyə qalacaq insanların bir ömür çəkəcəyi acıdır, başqa heç nə. Bir mərmi, üç saniyə ağrı və sən ən uca zirvədəsən. Ağır yaralanmağı isə heç istəmirdim. (Tanrı qazilərimizə şəfa, şəhidlərimizə rəhmət eləsin). Tək istəyim ya bir an içində ölüm, ya nə isə olmaması idi. 

Tankın yaxınlığına qədər gəlib çatırıq. Hər an tankdan atəş açılacağını gözləyirəm. Lap yaxınlığına çatırıq. Heç kim gözə dəymir. Tanka bir zərrə ziyan dəyməyib, sadəcə yaxınlığına bir artilleriya mərmisi düşüb. Düşmən saz vəziyyətdə olan tankı qoyub qaçıb. 
Ehtiyatla tankın yanından keçib təpənin zirvəsinə qalxırıq. Bir-birimizdən 3-5 metr aralı mövqe alıb sürünə-sürünə tam zirvəyə qalxırıq. Qarşı tərəfə, sol tərəfə boylanıb bir şey gözə çarpamdığını görüb, müşahidəyə davam edirik. Kolon yavaş-yavaş irəliyə doğru axıb getməkdədir. Təxminən bir saat sonra gəldiyimiz cığırla geriyə qayıdıb, kolonun arxasıyca hərəkət etməyə başlayırıq. Asfalt yolu düşmən artilleriya ilə vurduğundan təpəliklə, eniş-yoxuşlu cığırlarla hərəkəti davam etdiririk.

Artilleriya, əsasən də 120 mm-lik minamiyot atışları nəticəsində dağların yamacları sarı don üzərində qara naxışları olan don kimi bəzənib. Arada düşünürdüm: bu qədər minamyot mərmisini haradan tapır bu köpəy uşağı!? Səsi isə adamın bütün əsəb sistemini tarıma çəkir. Atılan anda "dub, dup", 7-8 saniyə sonra vıyıltı səs çıxarır, hələ indi də ona oxşar səslər gələndə diksindirir adamı.

Kolon sağ istiqamətə yön alıb, adsız bir dağın yamacında mövqelərdə oturuşur. Tapşırığa getdiyim əsgərlərlə yeni çatırıq ki, artilleriya atışları başlayır. Hər kəs asfatla dağın arsındakı qurşağa qədər qazılmış xəndəyə toplanır. Çəkməyə saqqız kimi yapışan torpaq addım atmağa əngəl törədir. Sağ "batinka"mın daban hissəsi dabanımı yara edib. Öz yorğunlunu, hara qədər dözə bilmə həddini, özünə əziyyət verməyi sevən, yoxlamağa meyilli adam indi  çox yorulub. 
Xəndəkdə otururam. Səma qara buludlarla örtülüb. Arxaya söykənib əşya çantamı çıxarıram, dünəndən bir şey yeməmişəm. Kimsə quru peçenye və süd pastası təklif edir. "Komandir, nuş edin". İki-üç peçenyeyə süd əlavə edib, tərli paltarlarımı sağa-sola çəkişdirərək yorğun halda yeyirəm.

Daxilimdə bir səs mənimlə müzakirəyə qalxır: - Hə, asan olmayacağını bilirdin, müharibə necə olmalıdır ki!? Özünü hər addımda sınamağa, riskə atmağa hazır oğlan, nə oldu? Belə tez?” Başqa bir səs isə ona gülümsünürmüş kimi "sonuna kimi” deyib, "müzakirəyə" son qoyur.
Artilleriya atışları intensivləşir. Artıq 300-500 metrliyimizə düşür lənətəgəlmiş düşmən mərmiləri.

Bölük komandiri baş leytenant Mehdiyev: "Bölük, qalx, irəli" komandasını verir. Gecə deyəsən, o da yatmayıb, çox yorğundur. Bir tərəfdən də yağış, soyuq hava ilk addımda soyuq duş effekti yaradıb çoxumuza.

Yenidən asfalt yola  çıxırıq. Avtomobillər gəlmədiyindən bütün sürsatı, əlavə ləvazimatları əsgərlər özləri daşıyırlar. Çətindir, amma daşıyırlar. Mən ilk dəfə Azərbaycan əsgərinin Rembodan, Şvartseneggerdən daha güclü, daha mətin olduğuna birbaşa şahidlik edirdim. Bu, mübaliğəsiz belədir!
Sağda-solda erməni hərbi texnikaları vurulmuş şəkildə tüstüləyir. Bir az əvvəl "Bayraktar" yapıb yapacağını.

Artıq yüngül atıcı silahların səsi gəlir. Bir neçə "Kamaz" yaxınlaşır bizə. Əşya çantamı "Kamaz"a verirəm. Elə axırıncı dəfə görürəm çantanı. Hələ ikisi ilə də vidalaşacağam qarşıda. 

Yol düz istiqmətdə Füzuli şəhərinə, sola Cəbrayıl rayonunun mərkəzinə doğru gedir.

"Kolon dərəyə ensin", - deyə komanda verilir. Silahı doldururam. İlk dəfə döyüşə girəcəyik. Arabir minamyot mərmiləri, PK, avtomat səsləri gəlir. Düşmən pərakəndə halda sağa-sola güllə səpə-səpə qaçır. Niyə də qaçmasın: 2-3 minlik hərbi kolon irəliləyir üstünə. 

Dərəboyu irəliləyirik. Ara-bir mövqe tutub dayanırıq. Qısa atışmalar olur. Yenidən asfalt yola çıxırıq. Böyük yol göstərən plakat asılıb. "Martuni, Hadrut" yazısının qarşısndayıq. Biz sol istiqamətə, Azərbaycanı bir-birindən ayıran Araz çayı istiqamətinə yön alırıq. Bizi Cəbrayıl rayonu gözləyir. 

Orta məktəbdə ən sevdiyim müəllimlərimdən biri, rəhmətlik Valeh müəllim yadıma düşür. Onun doğma vətənindəyik. Cəbrayıldan məcburi köçkün idi. Həmişə Cəbrayıldan, Qarabağdan kədərli-kədərli, həsrətlə danışardı söz düşəndə. Dərs müddətdində çox zaman ədəbiyyat dərsində bədii əsərləri özü oxumağı sevərdi. Kitab oxuma sevgimin, ədəbiyyata yaxın olma meylimin ustadı, müəllimim. Allah sənə rəhmət eləsin!

Kolon piyada Cəbrayılın mərkəzinə doğru irəliləməyə davam edir. Səhərdən başlanan yolçuluq fasiləsiz davam etməkdədir. Artıq neçə on kilometr piyada yol gəldiyimizi kəsdirə bilmirəm. Eniş-yox, palçıqlı yol, yağış, tərli bədən adamı təmiz əldən salır. Amma adamı ayaqda tutan bir hiss var: Vətən torpaqlarını işğaldan azad edilməsi prosesində öncül kimi və şəxsən iştirak etmək. Bu anın duyğusuna bərabər duyğu yoxdur həyatda. "Vətən sevgisi bütün sevgilərdən ötə imiş” fikri bir daha, daha dərinliyi ilə hakim olur sənə. 

O hissi sözlə ifadə etmək mümkünsüzdür. Yaşanmadan dərk edilməz. 

Sadə telefon götürmüşəm özümlə. Səssiz rejimə qoyub, atmışam gödəkçəmin döş cibinə. Heç kimin telefon nömrəsini yazmamışam ad siyahısına. Gələn saysız-hesabsız zənglərin kimə məxsus olmasını da bilmirəm. Kim ki mesaj yazırdı, onda bilirdim kimdir. Buna görə hələ o qədər inciyən olubmuş ki. Belə də olurmuş, nə yapsaq... Bir dənə əmioğlum İnşallah müəllimlə tez-tez danışıram, tez deyəndə gündə bir dəfə, bəzən 4-5 gün danışmaq olmur. Ya şəbəkə olmur, ya batereykanı doldurmaq mümkünsüzdür. Sonra onun da əlacını tapdıq. Əsgər Yusfli Rəşad akkumliyatorlardan istifadə texnologiyasını kəşf etdikdən sonra işimiz yüngüllədi. Sağ olsun!

O müddətdə də anamın, atamın, bacılarımın, yaxınlarımın nə hiss keçirdiklərini müharibədən sonra özümə gəldikcə daha aydın hiss edirəm. 

Artıq o qanəyətdəyəm ki, müharibə olmasa, daha yaxşıdır. Amma yeri, vaxtı, başqa yolu qalmayıbsa mərhələsinə gəldiysə, mətin, qorxmaz, canından keçməyə hazır şəkildə əlinə silah almaq müqəddəs amal, əməl olur. Şəhid qardaşlarının intiqamı hissi yandırıb-tökür adamı. Yanında olan, olmayan qazilərin mərmi, güllə zərbəsi nəticəsində aldığı yara, inilti, bağırtı səsləri çəkilmir qulaqlarından. Yəqin bütün bu hisslər adamı vicdan tətikləyəndə olur. O yoxdursa, bəhanələr "xilas" edir vicdandan gen düşənləri...

Milyonlarla məcburi köçkünün intizarına son qoymaq, onların öz doğma torpaqlarına dönməyə vəsilə olmağa səbəbkar olmaq hissi çox gözəl duyğudur.
Hər an arzu edirəm, qismət olsa, öz doğma yurduna illər sonra qayıdan insanların o an keçirdikləri o məşum hisslərə bilavasitə şahidlik edəcəyəm. Bu əvəzssiz bir duyğudur. Tələbə yoldaşım Müşfiq Ağdamdan məcburi köçkündür, ara-bir danışırıq, ona da bu haqda demişəm. Hər dəfəsində kövrəlir. Yəqin bu hissi də yaşamaq mənə nəsib olacaq: onunla bir yerdə ilk dəfə Ağdama gedə biləcəyik. 

Yolboyu yanan tanklar, hərbi texnikalar, düşmənin xüsusi təyinantlılarına məxsus kiçik həcmli "Mercedes” mikroavtobuslar sağda-solda tökülüb qalıb. Bəzisi isə tam saz vəziyyətdədir. Aydın hiss edilir ki, elə indicə qaçıb aradan çıxıblar. Tək-tək qalmış meyitlərini götürməyə belə macal tapmayıblar. 
Axır ki, avtomobillər gəlir, əyləşib gedirik. Uzun, incə, barıt qoxulu bir yoldayıq...

Cəbrayılın mərkəzinə 3-5 km qalır. Bizim tabor bir dərəyə yerləşdirilir. Tabor komandiri: "Hazır olun, çıxırıq", - deyə əmr edir. Çox cəsur adamdır. Hamı yorğundur. Keçdiyimiz yol yorub hər kəsi. Ərazidə çox sayda erməni ərzaqları, kitablar, platarlar, silah-sursat pərakəndə şəkildə tökülüb qalıb. Ərzaqların bir çoxu İran istehsalıdır. 

"Kamaz” avtomobilləri gəlir, minirik, bir az gedəndən sonra artilleriya atəşləri başlayır. Minamiyot mərmisinin biri avtomobilin bort hissəsinə çəkilmiş palatkanı deşib, əsgərimizin çiyninin yaxınlığından keçir. Tez avtomobillər dayanır. Pərakəndə halda soldakı dərəyə toplanırıq. Artilleriya atəşləri zamanı adətən belə edilir ki, mərmi daha az insan tələfatına səbəb olsun. Atılan mərmilər bizdən 150-200 metr yuxarı dərənin bizim istiqamətində yuxarı hissəsinə düşüb, qara tüstü çıxarır. Kiminsə ayağına yüngül mərmi dəyib. Sanitardan bint alıb bağlayıram. Çox yorulmuşam, beynim sanki işləmir. Yuxusuzluq, aclıq, soyuq, piyada yol, stress əməllicə yorub məni...

Yaramaz düşmən dayanmadan artilleriya ilə qarşılayır bizi Cəbrayılın mərkəzinə yaxın yerdən. 

Əsgərlərə ürək-dirək verib, gülməyə, əhval-ruhiyyəni müsbətə dəyişməyə çalışıram. Bilmirəm mənə elə gəlirdi, yoxsa necə, onlar da məni çox istəyirdilər. Ən sakit, dinməz-söylənməz dayananların da hər biri ilə danışırdım.

Daha sonrakı günlərdə taborun bütün şəxsi heyəti demək olar ki, çoxusu "komutan, sən ağıllı adamsan, bu işlərin axırı necə olacaq", - deyə sual yağışına tuturdu məni düşmən minamyotu kimi.

"Hər şey yaxşı olacaq, tezliklə Şuşada olacağıq”, - deyə cavab verərdim çox zaman. Uzağı ayın filan gününə kimi biz qələbə çalacağıq, deyib, inam yaratmağa çalışırdım hər kəsdə. Özüm daxilimdə bir az fərqli düşünürdüm, amma...

Qarşıda bizi ağır gecə gözləyir...

Qeyd: şəkilərdən biri Cəbrayıl azad edilən ərəfələrdə çəkilib. Bu şəkildə üz cizgilərimdən oxumaq olar yəqin müharibə nədir. İndi, bir az kökəlmişəm, yaxşıyam.

Ardı var...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->