Ölkə 16:58 23.06.2021

Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcək

Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcəkÖtən il yay mövsümündə pandemiya səbəbindən ölkədən kənarda dincələ bilməyənlər bu il onun əvəzini çıxarmağa çalışırlar.

Artıq Azərbaycanda olduğu kimi, bir çox ölkələrdə də karantin qaydalarında yumşalmalara gedilib, bəzi ölkələr səyahətə gəlmək istəyənlər üçün hava sərhədlərini açıblar. Lakin hələ də sosial şəbəkələrdə xarici ölkələrə giriş-çıxış qaydaları müzakirə olunur. Səyahət qruplarında Türkiyəyə COVID-19 pasportu olanlara giriş şərtlərindəki güzəştlərdən aviadaşıyıcıların məlumatsız olduğu qeyd olunur. Feysbuk izləyiciləri yazırlar ki, "Buta Airways"dən onlara COVID-19 pasportunun olub-olmamasından asılı olmayaraq PCR testi tələb ediləcəyi bildirilib.

"Qafqazinfo" azərbaycanlıların istirahət üçün ən çox Türkiyə və Gürcüstana üz tutduqlarını nəzərə alaraq bu ölkəyə səyahət şərtlərini bir daha araşdırıb.

Hava yolu ilə qonşu Türkiyəyə səyahət etmək istəyənlər üçün 1 iyun tarixindən etibarən yeni giriş qaydaları müəyyən edilib. Türk Hava Yollarının açıqladığı yeni qaydalara görə, COVID-19 pasportu olan şəxslərin əlavə xərc çəkib PCR testi vermələrinə ehtiyac yoxdur. Belə ki, onların ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair rəsmi qurumlar tərəfindən verilmiş sənədi təqdim etmələri kifayətdir. PCR test tələbi həmçinin 6 yaşdan kiçik sərnişinlər və ticarət donanmasının dənizçilərinə də aid deyil.