Məmməd SÜLEYMANOV
Sənət 11:30 10.07.2020

Vasili Surikovun edam səhəri...

Məmməd Süleymanov

"Mən edamları yox, ömrün son dəqiqələrinin təntənəsini göstərmək istəmişəm” - Vasili Surikov "Streles edamının səhəri” əsəri haqqında sonralar deyəcəkdi. Gerçəkdən də, rəsmdə edam səhnəsi və cəsədlər yoxdur.

Surikova baş çəkməyə gələn İlya Repin onun diqqətini birbaşa edamın göstərilməsinin vacibliyinə yönəldir. Surikov onun təklifini qəbul edir - tabloda artıq edam olunmuşların cəsədləri peyda olur. Bu vaxt otağa daxil olan dayə rəsmi görüb huşunu itirir. Və Surikov ilkin varianta qayıdır.

Rəssam "Streles edamının səhəri” üzərində 3 il işləyir. Bu, onun sərgidə nümayiş olunan ilk əsəriydi. Sərgi 1881-ci ilin 1 martında keçirilir. Həmin gün də "Narodnaya Volya” imperator II Aleksandrı qətlə yetirir.

Simvolikdir, deyilmi? Rəsmdə I Pyotr streleslər üzərində qələbəsini qeyd edir - bu, 25 yaşlı islahatçı çarın patriarxal köhnəlik üzərində qələbəsidir. Əsər nümayiş olunan gün isə yenilik ("Narodnaya Volya”) digər köhnəliklə (imperatorla) üz-üzə dayanır.

Streleslər çar Rusiyasının ilk nizami ordusu idi. 17-ci əsrin son onilliklərində onlar sadəcə ordu olmaqdan çıxıb siyasətin aktiv oyunçusuna çevrilmiş, dəfələrlə qiyamlar qaldırmışdı. Sonuncu qiyam 1698-ci ildə baş verir. Onun arxasında I Pyotrun bacısı Sofiya dayanırdı.

Çar strelesləri qanunla ləğv edir, qiyamçıları kütləvi şəkildə qətlə yetirir, bacısını dustağa çevirir (Sofiya 1704-cü ildə dustaq kimi də ölür) və ikihakimiyyətliliyə son qoyur. O hadisələrin şahidləri streleslərin edamı zamanı ifrat qəddarlıq səhnələrini təsvir ediblər. Çarı özü şəxsən cəllad funksiyasını icra edərək streleslərin başını balta ilə vurur, boyarları da buna məcbur edirdi. Gözləmədikləri yeni rola uyğulaşmamış boyarların səriştəsizliyi qurbanların aqoniyasını uzadaraq dözülməz edirdi.

Surikovun tablosunda əsas iki mərkəzi fiqur var: Sağ küncdə at belində I Pyotr edama aparılanları qəzəblə gözdən keçirir - o, haqlı olduğuna şəksiz əmindir. Solda isə arabada oturdulmuş, qolları bağlı, ayaqları ağac parçalarına keçirilmiş, əlində şam tutmuş kürən streles eyni qəzəblə çara baxır. O, uduzub, ancaq barışmayıb. Şam yanıb qurtaranda onun da ömrü bitəcək, ancaq qürurludur və özünü haqlı sayır.

Digər streleslərin ölümqabağı hissləri də bir-birindən fərqlidir. Yaşıl kaftanlı streles artıq barışıb və sanki toplaşanların qarşısında başını əyərək üzr istəyir. Qırmızı kaftanlı, qara saqqallı streles dərin fikrə dalaraq sanki faciəsinin baiskarının kim olduğunu aydınlaşdırmağa səy göstərir, arxasında isə dərdli, gözüyaşlı qadını dayanıb onun sol qolunu qucaqlayır. Ağ saqqallı qoca streles özünə elə güclü qagılıb ki, başını onun dizinə qoyan qızını da, sol böyründə dayanan oğlunu da artıq görmür. Daha bir strelesi artıq edama aparırlar - arxası seyrçiyə tərəfdir və biz onun üz cizgilərini görmürük.

Surikovun streleslərə açıq-aşkar rəhmi gəlir, onların ailələrinə acıyır (tarixdən o da məlumdur ki, çar onların hamısını Moskvadan qovdurur, onlara sədəqə verməyi, hətta iş təklifini qadağan edir və bu ailələrin böyük əksəriyyəti tezliklə aclıqdan ölür). Ancaq eyni vaxtda o, artıq baş vermiş, artıq dönməz olan faktı çatdırır - yenilik qan və qəddarlıqla köhnəliyin sonuna çıxır.

Sonralar Lenin yazacaqdı: "Birinci Pyotr vəhşi Rusiyanı vəhşi üsullarla mədəniləşdirdi”.

Rəssam əsər üzərində işləyərkən çoxsaylı tarixi əlyazmaları və kitabları oxuyur. İş prosesi onu fiziki zəiflədir, qarabasmalara və qorxulu yuxugörmələrə aparıb çıxarır. Sonunda isə elə bir əsər ərsəyə gəlir ki, indiyədək tanınmayan rəssamı bir günün içində məşhurlaşdırır.

Aleksandr Benua isə yazacaqdı: "Çoxdan baş vermiş hadisəni bu cür aydınlıqla təsvir etmək üçün bütöv kitabxanaları gözdən keçirmək və oxumaq gərək idi”...