“Övladını xəstələnməkdən qorumaq istəyən, peyvənd vurdurmalıdır”

“Övladını xəstələnməkdən qorumaq istəyən, peyvənd vurdurmalıdır”

Peyvənddən imtina şəxsi seçim olsa da, əslində cəmiyyətin sağlamlığına birbaşa təsir edir. Peyvənd olunmamış hər uşağın cəmiyyətdə yoluxucu xəstəlikləri yayma riski var. Belə olan halda dünyada yayılan "Peyvənd ziyanlıdır”, yaxud da "Peyvənd vurulmasa da, heç nə olmaz” kimi fikirlərin əsası varmı?

Mövzu ilə bağlı Modern.az-a danışan ölkənin baş pediatrı, professor Nəsib Quliyev bildirib ki, Azərbaycanda peyvənd xofu o qədər də geniş yayılmayıb:

"Bizdə vəziyyət şükürlüdür. Peyvəndə qarşı çıxan dini sektalar, icmalar yoxdur. Müəyyən insanlar onun mahiyyətini düzgün qiymətləndirə bilmir, ona görə də danışırlar”.
 
 
Nəsib Quliyev peyvəndin vacibliyini vurğulayaraq qeyd edib ki, bəzi hallar istisna olmaqla bütün uşaqlara peyvənd vurulmalıdır:

"Peyvənd elə bir xəstəlikdən qorunma üsuludur ki, 7-ci əsrdən indiyə kimi mövcuddur. Bu 1400 ildə peyvəndin alternativi icad olunmayıb, onu əvəz edən heç nə yoxdur. Bu, ona bənzəyir ki, bəy dediyin nədir, bəyənmədiyin nə. Peyvənd gör nə qədər həyatı xilas edir. Bu il koronavirus ortaya çıxdı. Avropada, Amerikada insanlar nəylə əlləşir, nə yaratmaq istəyirlər ? Bu, virusa qarşı peyvənd tapmağa çalışırlar.

Bütün uşaqlar peyvənd olunmalıdır. Çox nadir hallarda, əgər uşağın xəstəliyi, hər hansı problemi varsa, ona müvəqqəti olaraq peyvənd vurulmur. Məsələn, uşaq bədxassəli şişə qarşı müalicə alırsa, həmin dövrdə onu peyvənd etmək olmaz. Əhali birmənalı olaraq bilməlidir ki, övladını xəstələnməkdən qorumaq istəyirsə, peyvənd vurdurmalıdır”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR