Xəbər lenti

WSJ Putin və Kim Çen arasındakı razılaşmaların gizli detallarını açıqladı
Dünya 12:36 23.10.2024

WSJ Putin və Kim Çen arasındakı razılaşmaların gizli detallarını açıqladı

KXDR hərbçilərinin Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı Kim Çen In və Vladimir Putinin 2024-cü ilin iyununda Şimali Koreyaya səfəri zamanı əldə edilmiş gizli razılaşmada nəzərdə tutulub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazır.

Nəşr analitiklərin o vaxtkı qiymətləndirmələrini xatırladaraq bildirir ki, Putin iyun ayında hərbi əməkdaşlıq sazişinin təfərrüatlarını razılaşdırmaq üçün Şimali Koreyaya uçanda Pxenyan ərzaq və yanacaq müqabilində artilleriya mərmiləri təklif etməyə hazır idi. 

"Lakin sazişin təfərrüatları barədə məlumat verən keçmiş rus kəşfiyyatçısının sözlərinə görə, nəticədə Şimali Koreyaya Rusiyanın Ukraynaya qarşı müharibədəki təcrübəsini birbaşa öyrənmək üçün 1000-ə yaxın Şimali Koreya əsgərindən ibarət ilk qrupunun Ukraynaya göndərməyə icazə verən məxfi bənd daxil edilib. Gələcəkdə bu əsgərlərdən daha çox olacağını söyləyib”, - WSJ öz mənbəsinə istinadən xəbər verir.

Həmin mənbə - Rusiya xüsusi xidmət orqanlarının keçmiş zabiti bildirib ki, indi Ukraynaya gələn Şimali Koreya hərbçilərinin əksəriyyəti "cəbhə xəttindən təhlükəsiz məsafədə saxlanılır, lakin onlara rusların logistika problemlərini necə həll etdikləri göstərilir və cəbhədə hansı taktikaya riayət edirlər, eyni zamanda [Şimali Koreyadan olan hərbçilər] pilotsuz uçuş aparatları ilə müharibə haqqında yeni anlayışlar əldə edirlər.

ABŞ rəsmiləri "The Wall Street Journal”a təsdiqləyiblər ki, onlar hesab edirlər ki, "bir sıra Şimali Koreya bölmələri həqiqətən də Rusiyada təlim keçib və təchiz olunub, lakin sübutlar qeyri-müəyyəndir və dəqiq olaraq neçə nəfərin göndərildiyi və onların orada nə işlə məşğul olduğu bəlli deyil”.

Eyni zamanda, WSJ Cənubi Koreyanın əsas kəşfiyyat orqanının məlumatlarını xatırladır. Bu məlumatlara əsasən, son həftələrdə KXDR Rusiyanın şərq regionlarına Rusiya Federasiyasında əlavə təlim keçməli olan yüzlərlə xüsusi təyinatlısını göndərib. Seulun məlumatına görə, Rusiya hərbi gəmiləri bu ay Şimali Koreyadan Rusiyaya təxminən 1500 hərbçi daşıyıb və Pxenyan Rusiyaya kömək üçün ümumilikdə 12 minə qədər hərbçi göndərməyi planlaşdırır.

Cənubi Koreya kəşfiyyatı onu da aydınlaşdırır ki, Şimali Koreya hərbçiləri əvvəlcə Vladivostoka gəlib, sonra rus hərbi geyimlərini alıblar, daha sonra təlim keçmək üçün Rusiyanın Uzaq Şərq şəhərlərinə göndəriliblər.

WSJ-nin məqaləsində deyilir: "Analitiklər deyirlər ki, Şimali Koreya qoşunları müxtəlif rollarda xidmət edə bilər: raket texnikləri, cəbhə əsgərləri və hətta logistika dəstəyi işçiləri. Bundan əlavə, Kim Çen In rejimi - hərbi texnologiya və Rusiya Federasiyasının əlavə dəstəyi ilə yanaşı - döyüş meydanında öz qoşunlarından istifadə etmək və müasir hərbi texnikanı müşahidə etmək üçün dəyərli təcrübə qazana biləcək.

"Heç bir təlim və ya məşq faktiki müharibə təcrübəsini təkrarlaya bilməz və bu, Koreya yarımadasında gələcək münaqişə vəziyyətində [Pxenyana] dividendlər verə bilər”, - ABŞ-ın beyin mərkəzlərindən olan "Rand Corp”un nüvə təhlükəsizliyi üzrə əməkdaşı Benjamin R. Yanq bildirir. 

WSJ xatırladır ki, Şimali Koreya Misir Hərbi Hava Qüvvələrinə texniki və döyüş təyyarəsi pilotları kimi hərbçilər, həmçinin Suriya və Zimbabveyə onlarla əsgər göndərmək təcrübəsinə malikdir. Bununla belə, Rusiyaya dəstək olaraq minlərlə hərbçinin yerləşdirilməsi Kim rejimi üçün risklər yaradır, Seuldakı Kunming Universitetində Şimali Koreyanın öyrənilməsi üzrə mütəxəssis Fyodor Tertitski hesab edir. Axı cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərləri nəinki Ukraynaya təslim ola və ya qaça bilər, həm də ideoloji "nüvə"sini itirə bilər, Tertitski izah edir. Axı, onların əksəriyyəti heç vaxt xaricdə olmayıb və bu günə qədər Şimali Koreyanın sərt idarə olunan informasiya köpüyü içərisində yaşayıb.

Nəşr xatırladır ki, bu arada Rusiya öz "vəhşi hava müharibəsində” artan sayda İran və Şimali Koreya raketlərindən istifadə edir. "Lakin xarici qoşunların Rusiya torpaqlarında yerləşdirilməsi Moskvanın beynəlxalq tərəfdaşları ilə əməkdaşlığına yeni element qatacaq”, - WSJ bildirir.

Nəşr əlavə edir ki, Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri artıq Şimali Koreya qoşunlarının Ukraynadakı cəbhə xəttinə göndərilməsinin Moskva ilə Qərb arasında "ciddi eskalasiya” demək olacağı barədə xəbərdarlıq ediblər. Cənubi Koreya hakimiyyəti isə artıq Şimali Koreya qoşunlarının göndərilməsini "əhəmiyyətli təhlükəsizlik təhdidi” adlandırıb, cavab olaraq "mərhələli tədbirlər”, o cümlədən Ukraynaya ölümcül yardım göstərmək imkanını elan edib.

"Şimali Koreya və İranın müharibədə iştirakının dərinləşməsi həm də Vladimir Putinin strateji məqsədlərinə xidmət edir və Moskvaya Qərblə gərginliyi ABŞ-ın ənənəvi olaraq daha çox təsirə malik olduğu Yaxın Şərq və Şərqi Asiyaya ixrac etməyə imkan verir”, - WSJ xatırladır.

"Putin Yaxın Şərqdə olduğu kimi Koreya yarımadasında da gərginliyin artmasında maraqlıdır, çünki bu, Qərbin daha bir münaqişə ilə üzləşməli olacağı anlamına gəlir. Bu o deməkdir ki, onların [rusların] strateji hədəfi olan Ukraynaya diqqət, enerji və pul daha da az olacaq”, - Avropanın yüksək rütbəli kəşfiyyat rəsmilərindən biri nəşrə verdiyi şərhdə deyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->