Xaçmazda karantin rejimini pozduqlarına görə, 10 obyekt sahibi və 20 vətəndaş inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilir.
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına riayət olunması və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
RPŞ-nin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ilə birgə rayon ərazisində patrul xidmətini yerinə yetirərək, elan edilmiş xüsusi rejimin qaydalarına riayət edilməsinə nəzarət edirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri onlara zərurət olmadan çölə çıxmamalarını, aptek və ya ərzaq mağazalarına getdikdə isə özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyini bildiriblər.
Həyata keçirilən nəzarət tədbirləri nəticəsində xüsusi karantin rejiminin tələblərinə riayət etməyən şəxslər də aşkarlanıb. Polis əməkdaşları tərəfindən rayon ərazisində 10 obyekt sahibi və 20 vətəndaş təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb olunub.
Şərhlər