Xalq artisti Yalçın Əfəndiyev II Fəxri xiyabanda dəfn olundu

Xalq artisti Yalçın Əfəndiyev II Fəxri xiyabanda dəfn olundu

Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dəfn olunub.

Qaynarinfo report-a istinadən xəbər verir ki, Təzə Pir məscidində tanınmış kinorejissor, Xalq artisti, professor Yalçın Əfəndiyevlə vida mərasimi keçirilib. Mərasimdən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin, "Azərbaycanfilm” kinostudiyasının əməkdaşları, mədəniyyət, incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, Yalçın Heydər oğlu Əfəndiyev 2019-cu il dekabrın 10-da ömrünün 82-ci ilində vəfat edib.

1937-ci il iyulun 24-də Bakıda anadan olan Yalçın Əfəndiyev 1960-cı ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rejissorluq fakültəsini bitirib.

1966-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çalışıb. Kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə "Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri işləyib.

"Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan” cizgi-applikasiya filmi ilə Azərbaycan kinosunda bu sahənin inkişafında yeni mərhələnin əsası qoyulub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyev həmçinin "Xatirələr sahili” tammetrajlı bədii filminə quruluş verib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Yalçın Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Allah rəhmət eləsin.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR