Xəbər lenti

Xalq şairindən etiraz:
Ölkə 23:18 11.11.2019

Xalq şairindən etiraz: "Yubkası dizindən iki qarış yuxarı olanları..."

Xalq şairi Vahid Əzizin Oxu.Az-a müsahibəsi:

- Prezident İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Pensiya yaşına çatmış, 70 yaşını keçən iqtidarda təmsil olunanlar yerini gənclərə verməlidir.  Artıq bir çox məmurlar prezidentin çıxışından sonra öz ərizələri ilə istefa veriblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin də 81 yaşı var. Sizcə, Anar müəllimdə artıq pensiyaya  çıxıb, yerini gənclərə verməlidir?

- Bu sualı vəzifə sahibi olan, amma getmə yaşı çatanlara vermək lazımdır. Prezidentimiz bu sözləri ilə digərlərinidə ciddi xəbərdarlıq edərək mesaj verdi. Hesab edirəm ki, gəncləşmə getməlidir. Ancaq  Azərbaycan Yazıçılar Birliyi çox ciddi yerdir.

- Gənc yazarların narazılıqlarını necə dəyərləndirirsiz?

- Haqlı tələblər var. Çünki kitabları çap olunmalıdır. Amma bu proses baş vermir. Bizim vaxtımızda kitablarımız çıxanda pul alırdıq. İndi isə gənc şairlər pul verib kitablarını çap etdirir. Bunun üçün həm Azərbaycan Yazıçılar Birliyi, həm də Mədəniyyət Nazirliyi məsələni qaldırmalıdır. Düzdür, prezidentimiz bununla bağlı pul ayırıb. Bir çox gənclərin də kitabları çap edilir. Amma yenə də bu, hamıya aid olmur.

- Gənc yazarlar onlardan birinin sədr olmasını istəyir. Sizcə birliyin sədri olmaq üçün elə bir gənc var?

- Bu gün fövqəlada istedadlı bir gənc görmürəm ki, sədr olsun. Çünki təşkilatçılıq tamam başqa bir işdir. Birlik sanki bir nazirlikdir. İctimai təşkilat deyil.

Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı rəsmi dövlət nazirlikləridir. Çünki onlar dövlətin rəsmi büdcəsindən maaş alırlar.

Birliyin sədri həyat və digər məsələlərdə təcrübəli, yaşı minimum 60-dan az olmayan insan olmalıdır. Anar təcrübəsi olduğu üçün sədr seçilmişdi.

-  Xaricdə mahnılarımızın anonim şəklində oxunması hələ də davam edir. Həmin mahnıların bir çox qisminin də sözləri sizə məxsusdur. Günah kimdədir?

- Mahnıları kimlər ifa edir? Mədəniyyəti olmayanlar adları açıqlamır. Əgər bizim ifaçılar getdikləri xarici ölkələrdə adları açıqlamırsa, o insan müəllifə və Azərbaycan dilinə hörmətsizlik edir, öz vətəndaşlıq borcunu yerinə yetirə bilmir. Çünki səviyyəsi və savadı yoxdur. Yekə-yekə danışmaqla deyil. Niyə müəllifin adını çəkmirlər? Azərbaycanın tanıtmağın bir yolu da budur. Sonra da qonşu dövlətlərin bizim mahnıların öz adlarına çıxartdığını deyirik. Bacarana can qurban.

Konsertlərdə də ifaçılar mahnıları oxuyub gedir. Amma müəlliflər açıqlanmır. Bizdə bu mədəniyyət yoxdur. Anlaya bilmirlər ki, onlara xaricdən də baxanlar var.

Bu yaxınlarda "O səs Türkiyə”də Sevda Ələkbərzadənin mahnısı oxunsa da,  Azərbaycana məxsus olduğu deyilmədi. Niyə mahnıları oxuduqları halda adlar açıqlanmır? Bunun günahı Azərbaycan Müəllif Hüquqları Agnetliyindədir. Agentlik cərimə tətbiq etməlidir.

Eyni zamanda televiziyalarda da günah var. Televiziyalar bu yöndə iş görmək əvəzinə müğənnidən 1500 manatı alıb onu efirə buraxır.

-  Etirazınızı bildirdiyiniz ifaçılar olub?

- Bir necə nəfərə demişəm. Ondan sonra özlərini düzəldiblər. Brilyant Dadaşova, Faiq Ağayev, Fidan Hacıyeva həmişə adımı çəkib. Amma gənclər müəllifləri vurğulamır. Onları tərbiyə eləmək lazımdır.

- Sizin də bəzi müəlliflər kimi qadağa qoymaq fikriniz var?

- O yaşım deyil ki, qapı-qapı gəzim. Bir çoxları özlərini reklam edir. İnsanın heç nəyi olmayanda ortalıqda oynamağa başlayır. Adımızı çəkməyən ifaçılar öz mədəniyyətsizliyini göstərir.  

- İndiki bayağı musiqiləri necə dəyərləndirirsiz?

- Hər musiqinin təbliğ olunmasının günahkarı televiziyalardır. Onlar Azərbaycanı başqa cür tanıdır. Belə ki, 5-6 əxlaqsızı, yubkası dizindən iki qarış yuxarı olanları efirə yığıb dalaşdırır, söyüş söydürürlər.

- Mahnılarınızı bərbad şəklində oxuyunlar olub?

- Olub. Yalnız yaxşı oxumasını demişəm.

- Kimin sizin mahnılarınızı oxumasını istərdiz?

- Dahi sənətkarımız Rəşid Behbudovun oxumasını çox istərdim. Amma oxuya bilmədən dünyasını dəyişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->