Maliyyə məsləhətçisi Brayan Peyc arvadın ərdən xeyli çox qazandığı ailələrdə münasibətləri möhkəmləndirə bilən əsas vərdişdən danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
"Arvadım məndən təxminən beş dəfə çox qazanır. Bizim vəziyyətimiz unikal deyil. Gəlir rolları bir neçə onillik əvvəlki ilə müqayisədə daha çevik olub. 1970-ci illərdə kişilər daha çox ailənin yeganə və ya əsas qazananı idilər. İndi isə iki gəlirli ailələr norma halına gəlib və qadınlar getdikcə partnyorlarından daha çox qazanırlar", deyə Peyc məqaləsində qeyd edib.
Onun sözlərinə görə, hər ailənin maliyyə reallığı fərqlidir və bir ailədə ədalətli görünən yanaşma digərində işləməyə bilər:
"Lakin bizim nikahımızda bir prinsip dəyişməz qalıb: biz pulu həmişə birgə, ortaq hesablar vasitəsilə idarə etmişik və məhz bu yanaşma münasibətlərimizi gücləndirib. Onunki mənimdir, mənimki onundur".
Peyc bu yanaşmanın effektivliyini bir neçə əsas məqamla izah edib:
Maliyyə ortaq məsuliyyətdir
Pul məsələlərinə nikah kimi yanaşmaq vacibdir – yəni ortaq layihə kimi. Ortaq hesablar olduqda hansı xərci kimin gəliri ödədiyini hesablamağa ehtiyac qalmır. Araşdırmalar da bunu təsdiqləyir: ortaq bank hesablarından istifadə edən cütlüklər zamanla münasibətlərindən daha çox məmnun qalırlar.
Ödənişsiz əməyin dəyəri
Evi ayaqda saxlayan işlərin böyük hissəsi – uşaqlara qulluq, məişət işləri – maaş gətirmir. Bu isə onların əhəmiyyətini azaltmır.
Zaman bəzən puldan daha önəmlidir
Orta hesabla qadınların boş vaxtı kişilərə nisbətən daha az olur və ailə qayğıları ilə ev təsərrüfatına daha çox saat sərf edirlər, hətta daha çox qazansalar belə. Tərəflərdən birinin istirahət və çeviklik imkanları azaldıqca narazılıq artır. Ədalətli maliyyə sistemi yalnız gəlirləri deyil, ümumi iş yükünü və bərpa vaxtını da nəzərə almalıdır.
Hər kəsin pulla bağlı öz hekayəsi var
Pul münasibəti maliyyə travmaları, ailə ənənələri, keçmiş təcrübə və mədəni gözləntilərlə formalaşır. Buna görə də bütün cütlüklər üçün universal "düzgün” model yoxdur.
Gəlirdəki dəyişiklikləri açıq müzakirə etmək
Qazanc kimlik, təhlükəsizlik və nəzarət hissi ilə sıx bağlıdır. Bu dəyişikliklərin yarada biləcəyi narahatlığın qəbul edilməsi böyük əhəmiyyət daşıyır. Həyat dəyişdikcə maliyyə sistemlərinə də yenidən baxmaq lazımdır.
"Gəlirlər dəyişəcək, karyeralar dəyişəcək, həyat sürprizlər gətirəcək. Nikahı qoruyan isə hər bir tərəfdaşın töhfəsinin, maaş cədvəlində yazılandan asılı olmayaraq, dəyərli olduğunu anlamaqdır”, deyə Brayan Peyc yekunlaşdırıb.
Aydın
Şərhlər