Xəbər lenti

Xaricdəki soydaşlarımızın Qarabağa səfəri necə təşkil olunmalıdır? - Politoloq
Ölkə 14:11 29.07.2021

Xaricdəki soydaşlarımızın Qarabağa səfəri necə təşkil olunmalıdır? - Politoloq

"Komitənin bu addımından "bizi niyə unutmusunuz” deyə narazılıq edənlərin hərəkəti cığallıq və siyasi paxıllıqla bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Diasporla İş üzrə Dövlət Komitəsinin bu yaxınlarda xaricdə yaşayan bir qrup azərbaycanlının Şuşaya səfərini təşkil etməsi, bu addımın verəcəyi nəticələr, habelə xaricdəki bəzi soydaşlarımızın "bizi niyə unutmusuz” deyə narazılıq etmələrinə münasibət bildirərkən deyib. Həmsöhbətimizin fikrincə, komitənin həyata keçirdiyi bu iş çox uğurludur:

"Avropada Almaniyada və Belçikada 30 min, İngiltərədə 15 min azərbaycanlı yaşayır. Bütün xaricdəki azərbaycanlıları götürsək, Avropada onların sayı hardasa 200 min nəfərə çatar. Onların hamısını Diaspor Komitəsi dəvət edib ölkəyə gətirə bilməz axı”. 
 
 
 

C. Nuriyev xaricdə yaşayan imkanlı azərbaycanlılara müraciət edib ki, əcnəbi ölkələrdəki informasiya savaşı apara bilən soydaşlarımızın Qarabağa səfərlərini maliyyələşdirsinlər: 

"Rusiya və bəzi digər ölkələrdə imkanlı soydaşlarımız var. Həmin milyarderlər prosesi maliyyələşdirməyi öz üzərlərinə götürməklə komitəyə xaricdəki soydaşlarımızı Qarabağa dəvət etməklə bağlı müraciət edə bilərlər. Xaricdən gələn elə-belə soydaşlarımız Şuşaya səfər edib nə danışacaqlar ki? Bura xaricdə yüksək təhsil alanlar, elmi dərəcəsi olanlar, Azərbaycan tarixi və siyasətini bilənlər dəvət olunmalıdır. Xaricdə yaşayan adi azərbaycanlıları bura gətirib xərc çəkməyin mənası yoxdur”. 

Ekspertin fikrincə, xaricdəki bir sıra soydaşlarımızın Diaspora Komitəsinin sözügedən addımından narazı qalması onların ancaq Azərbaycan dövləti hesabına Qarabağa gəlmək və gəzmək istəyindən qaynaqlanır: 
 
 

"İçərilərində kifayət qədər imkanlılar da var. Bu insanlar nə zaman Azərbaycan həqiqətlərini, haqq işini dünyaya çatdırmaq istədiklərini, ancaq Diaspora Komitəsinin onlara "yox” dediyini bəyan edib? Belə bir şey olmayıb. Belələri cığallıq və siyasi paxıllıq edirlər. Belə hərəkətlər yaxşı hal deyil”. 
C. Nuriyev deyib ki, informasiya müharibəsi aparmaq üçün Azərbaycanın Avropa və dünyanın digər nöqtələrində yaşayan azərbaycanlılarla ciddi iş görmək lazımdır: 

"Diaspora Komitəsinin xəttiylə Şuşaya gələn bu azərbaycanlı xarici ölkələrin vətəndaşlarıdır, olduqları ölkələrin qanunlarını, dilini yaxşı bilirlər. Bir var informasiyanı başqasından alıb ötürəsən, bir də var öz gözünlə görəsən. Bu mənada Şuşaya səfər edən diaspora nümayəndələrimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda böyük işlər görəcəklər. Bir var, gedib xaricdə kimlərisə inandırasan, bir də var erməniləri onların öz silahları ilə vurasan. Ermənilərin ölkəmizə qarşı bu günə qədər istifadə etdikləri əsas silah məhz onların xaricdəki diasporası və lobbisi olub”.
 
Politoloq düşünür ki, bu fonda Azərbaycan artıq ermənilərin əlindən həmin informasiya silahını alır: 

"Bu mənada sözügedən layihəni komitənin ağıllı layihəsi kimi dəyərləndirərdim”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->