Ekonomiks 18:01 30.11.2021

Xarici ticarət dövriyyəsinin artmasına təsir göstərən iki amil – Ekspert

"Xarici ticarət dövriyyəsinin artması postpandemiya dövrünə keçid və ixrac potensialının artırılması istiqamətində görülən fasiləsiz işlərin nəticəsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov 2021-ci ilin 10 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin 24,67 faiz artaraq, 26,181 milyard dollara çatmasının səbəblərini göstərərkən deyib:

"Xarici ticarət dövriyyəsinin artmasına iki amil təsir göstərib. Başlıca amillərdən biri postpandemiya dövrünə daxil olmağımızdır. Pandemiya dövründə müəyyən qapanmalar var idi. Dünya üzrə loqistika, daşınmalar zəifləmişdi. İndi isə xeyli açılmalar var. Belə vəziyyət isə avtomatik surətdə bütün göstəricilərə müsbət təsir edib. Bu da öz növbəsində ölkəmizdə iqtisadi aktivliyə təkan verib”.

Ekspertə görə, prosesə aparılan dövlət siyasəti də müsbət təsir edib:

"Digər tərəfdən, Azərbaycan əsasən qeyri-neft sektoru, o cümlədən enerji sektorunda ixrac potensialının artırılması istiqamətində fasiləsiz dövlət siyasəti həyata keçirir. Bu istiqamətdə 2015-ci ildən üzü bəri fasiləsiz olaraq ixrac potensialının artırılması və şaxələnməsi yolunda mühüm addımlar atılıb. Bu iki göstəricinin vəhdəti olaraq statistik göstəricilərdə artım baş verib. Məhz bu iki amilin nəticəsidir ki, dinamik olaraq xarici ticarət dövriyyəmiz xeyli artıb. Hazırda sənaye parkları və sənaye müəssisələrində istehsal olunan məhsullar artıq ixrac potensialına yönəldilib və bu, faktiki olaraq statistik məlumatlarda əsasını tapıb. Bu da biznes aktivliyinin mərhələli şəkildə yüksəlməsinə rəvac verib”.

Rüfət Sultan