Dünya 16:34 12.01.2022

“Xeops” kosmik teleskopu qəribə formalı ilk belə planet tapdı

Astrofiziklər güclü gəl-get qüvvələrinə görə forması kürədən çox reqbi topunu xatırladan ilk planeti tapıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti” "Astronomy & Astrophysics” jurnalında dərc olunan araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.
WASP-103b planeti Herkules bürcündə, bir neçə işıq ili uzaqlıqda yerləşir. O, Yupiterdən təxminən iki dəfə böyükdür, ondan bir yarım dəfə massivli və Yerin Günəşlə müqayisəsində öz ulduzuna təxminən əlli dəfə yaxındır. WASP-103 ulduzunun özü isə Günəşdən 1,7 dəfə böyük və 200 dərəcə artıq istidir.
Astrofizika professoru Yann Alibert deyir: "Ulduzumuza yaxın olduğuna görə biz planetdə çox güclü gəl-getlər olduğundan şübhələnirdik, lakin indiyədək bunu təsdiq edə bilmirdik”.

Ayın qravitasiya təsiri ilə əlaqəli Yerin gəl-getləri kosmosdan demək olar ki, görünməzdir. WASP-103b planetində gəl-getlər daha ekstremaldır. Planet öz ulduzu ətrafında cəmi bir gündə fırlanır və güclü gəl-get qüvvələri tərəfindən o qədər deformasiyaya uğrayır ki, görünüşü ellipsoidə bənzəyir.

Bu kəşf Avropa Kosmik Agentliyinin (ESA) və İsveçrənin iki universitetinin - Bern və Cenevrənin, həmçinin Milli Elmi Tədqiqatlar Mərkəzinin (NCCR) PlanetS-in birgə missiyası olan Xeops kosmik teleskopu ilə aparılan müşahidələr sayəsində mümkün olub.

Bundan əvvəl Habbl və Spitzer kosmik teleskopları artıq WASP-103b planetini müşahidə etsə də, deformasiyanı görə bilməyib. Xeopsun yüksək dəqiqliyi və çevikliyi tədqiqatçılara planetin kiçik gəl-get siqnalını ölçməyə imkan verib.

Tədqiqatçılar planetin hər dəfə qarşısından keçəndə ana ulduzunun işığını bir az da azaltmasından yararlanıblar.

Cenevrə Universitetindən Babatunde Akinsanmi deyir: "Bu keçidlərin bir neçəsini müşahidə etdikdən sonra biz deformasiyanı ölçə bildik. İnanılmazdır ki, biz bunu edə bildik - ilk dəfədir ki, belə bir analiz aparılır".

Müəlliflərin fikrincə, planetin daxili quruluşu iki dəfə böyük olsa da, Günəş sisteminin ən böyük qaz nəhəngi olan Yupiterin quruluşuna bənzəyir.
Cenevrə Universitetinin astronomiya professoru Monika Lendl deyir: "Buna görə də, WASP-103b ulduzun və ya ola bilsin, başqa mexanizmlərin qızdırması səbəbindən çox şişirdilməlidir".

Müəlliflər ümid edirlər ki, bu yaxınlarda buraxılmış "James Webb” kosmik teleskopunun əldə edəcəyi məlumatlar gəl-get deformasiyasının parametrlərini daha dəqiq müəyyən etməyə və WASP-103b planetinin daxili strukturunu daha yaxşı başa düşməyə imkan verəcək.
 
Alpər