Ekonomiks 18:00 24.03.2020

Xərclərimizdən ƏDV-nin qaytarılması: Prosesdə kim udacaq, kim uduzacaq?

Ötən ildən gündəmdə olan ƏDV-nin qaytarılması ilə bağlı məsələ artıq reallaşmaq üzrədir. 

Qaynarinfo xatırladır ki, Prezident İlham Əliyev martın 21-də "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” qaydalarını təsdiqləyib. 

Qeyd edək ki, pərakəndə satışdan alınan mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması Vergilər Məcəlləsinə edilmiş və 2019-cu ildə qüvvəyə minmiş əlavələrdə əksini tapıb. Burada məqsəd pərakəndə ticarət sektorunda qeydiyyatdan yayınmanın qarşısını almaq üçün istehlakçıların dəstəyindən yararlanmaqdır. 

Qaydalara əsasən istehlakçıların ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi 30 gün ərzində onlara geri qaytarılacaq. Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır.

ƏDV-nin geri qaytarılması mexanizmi yalnız yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə əldə edilən çeklərə şamil olunur. Bu aparatlar Vergilər Nazirliyinin elektron sisteminə inteqrasiya olunub. Ticarət sektorundan verilən məlumata görə, e-kassa adlandırılan bu aparatlar hələ ki, çox az sayda ticarət nöqtələrində tətbiq olunduğuna görə ƏDV-nin geri qaytarılması mexanizmindən yararlananlar elə də çox olmayacaq. Digər tərəfdən, bu mexanizm e-kassa aparatlarının quraşdırıldığı ticarət mərkəzlərində satışı stimullaşdıracaq.

Ötən il Nazirlər Kabineti tərəfindən "Azərbaycan Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiqlənib. Qrafikdə aparatların birinci mərhələdə iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılması Bakı, Gəncə və Sumqayıtda ötən il iyulun 1-dək, ölkə üzrə iri ticarət mərkəzlərində isə oktyabrın 1-dək başa çatdırılmalı idi.
İkinci mərhələnin reallaşması isə birinci mərhələ ilə paralel aparılacaq və oktyabrın 1-dək davam edəcəkdi. Bu müddət ərzində kassa aparatları ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə tətbiq olunacaqdı. Üçüncü mərhələ 2020-ci il yanvarın 1-dək yekunlaşmalı idi. Bu mərhələ çərçivəsində yeni nəzarət-kassa aparatları bütün ölkə üzrə əlavə dəyər vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) quraşdırılacaqdı.

Dördüncü mərhələ isə 2022-ci il dekabrın 31-dək başa çatacaq. Bu mərhələdə aparatların Bakı, Gəncə və Sumqayıtdakı digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) 2022-ci il aprelin 1-dək, bütün ölkə üzrə isə həmin ilin sonunadək tətbiq olunacağı nəzərdə tutulur.

Lakin prosesi Nazirlər Kabinetinin təsdiqlədiyi qrafik üzrə aparmaq mümkün olmadı. Belə ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, ticarət nöqtələrinin bir çoxunda hələ də proses yekunlaşmayıb. Ümumiyyətlə, ölkə üzrə indiyədək cəmi 12 min 595 ədəd e-kassa aparatı quraşdırılıb. 
Prosesin yubanmasını sahibkarlar yeni nəsil nəzarət-kassa aparatlarının baha başa gəlməsi ilə əsaslandırırlar. Belə ki, bir aparatın quraşdırılması 800 manata qədər vəsait tələb edir. Bunu nəzərə alan hökumət yeni aparatların dəyərinin bir qismini sahibkarların vergi öhdəliyindən çıxmaq qərarına gəlib. Dövlət Vergi Xidmətindən aldığımız məlumata görə, bu ildən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub: 

"Bu məqam Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda əksini tapıb. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə prezidentinin fərmanına əsasən, Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır”.
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılan, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəz ediləcək.

Proseslə bağlı Qaynarinfo-ya danışan iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni portal yaradılacaq və müraciətlər həmin portal üzərindən qəbul olunacaq: 

"Ödənişləri banklar verirlər. Belə olduğu təqdirdə Vergilər Nazirliyinin ümumi bazası və banklar arasında inteqrasiya olmalıdır. Portala daxil olunan məlumatlar Vergilər Nazirliyinin sistemi ilə inteqrasiya edilir və real vaxt rejimində üzləşdirilir və təsdiq tapırsa avtomatik olaraq müvəkkil banklara məlumat göndəriləcək və o banklar da ƏDV-nin müəyyən hissəsi həcmində vəsaiti hesaba köçürəcəklər. Bu proses üçün 30 gün müddət lazım olacaq. İndiki halda vergilər tərəfindən quraşdırılan yeni nəsil onlayn kassa aparatlarının məqsədi məlumatı birbaşa ötürmək üçündür. Əks halda istehlakçıların daxil etdiyi məlumatları nazirliyin sistemi ilə üzləşdirmək mümkün olmayacaq. Çünki hazırda istifadə edilən kassa aparatlarında bu funksiya yoxdur. Yeni nəsl kassa aparatları hər bir qəbz üzrə məlumatların Vergilər Nazirliyində real vaxt ərzində izlənməsinə şərait yaradır. Bu da ƏDV-nin geri qaytarılması üçün əsas bazadır”.

R.Həsənovun fikrincə, prosesin bu il tam olaraq reallaşmasına ümidlər çoxdur. Ekspertin sözlərinə görə, artıq İqtisadiyyat Nazirliyinə məsələlərin həll edilməsi üçün 15 gün vaxt verilib: 

"Sadəcə bir qaranlıq məqam portalın yaradılmasıdır. Çox maraqlıdır ki, qaydaların təsdiqlənməsi ilə bağlı fərmanda portalın yaradılmasına dair məsələ açıqlansa da, İN-ə verilən tapşırıqların içində portalın hansı müddət ərzində yaradılıb istifadəyə verilməsilə bağlı məlumat öz əksini tapmayıb. Böyük ehtimalla yaxın aylar ərzində bu portal istifadəyə veriləcək. Ondan sonrakı müddət ərzində bu prosesin başlaması elə də çətin deyil. Ona qədər müvəkkil banklar da seçiləcək. Bunlar həllini tapdıqdan sonra qalır vətəndaşların portala daxil olub özünə şəxsi kabinet yaratması. Bu da çətin proses deyil, onlayn rejimdə baş tutacaq. Vətəndaşlar bir məsələni xüsusi nəzərə almalıdırlar ki, heç kimə vəsait nağd verilməyəcək. Bunun üçün mütləq bank hesabları olmalıdır”.

Ekspertin sözlərinə görə, 2019-cu ilin yanvarına qədər quraşdırılmış mövcud kassa aparatlarının dəyişdirilməsi ödənişsizdir: 
"Bu, ehtiyat fondundan ayrılan vəsaitlə kompensasiya edilir. Yalnız yeni kassa aparatlarının quraşdırılması ödənişlidir. Bəli, bu, sahibkarlar üçün müəyyən qədər maliyyə yükü yaradır. Ehtimal ki, zamanla kassa aparatlarının ucuzlaşması da baş verəcək”.

R.Həsənovun fikrincə, prosesdə narahatlıq doğuran başqa məqamlar da var. Ekspert deyir ki, geri qaytarılması nəzərdə tutulan faiz dərəcələri aşağıdır: "Bu, təxminən ümumi dövriyyənin 2-3 faizi deməkdir. İnsanlar bu məsələdə o qədər də maraqlı olmaya bilərlər. Qəbzlər toplansın, işlənsin, hansısa cüzi məbləğ alsınlar. Bu, ciddi nəticələrin əldə edilməsi üçün çətinlik yarada bilər. Ən mühüm problem isə qaydaların adından da göründüyü kimi, ƏDV ödəyicisi olan obyektlərdən gedir. Bu, tələbin yönləndirilməsi ilə də nəticələnə bilər. Məsələn, insanlar bu prosesə maraq göstərsələr, kiçik və orta sahibkarlıq subyektlərindən deyil, ƏDV ödəyicisi olan böyük obyektlərdən yararlanmaq istəyəcəklər ki, bu da təmərküzləşməni, inhisarçılığı daha da genişləndirə bilər. Yəni artıq hansısa kiçik məhlə marketlərindən deyil, böyük marktelərdən alver sürətlənə bilər və beləliklə, KOS-ların vəziyyəti daha da ağırlaşa bilər”.

İqtisadçı-ekspert Pərviz Heydərov məsələni şərh edərkən bildirib ki, yeni qaydalar xüsusi əhəmiyyət daşıyır: 

"Ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı olan kəs, topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri ala biləcək ki, vətəndaş aldığı mala görə əgər, ödənişi nağdsız həyata keçiribsə, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-in 15 faizini, nağd şəkildə edibsə, 10 faizini geri alacaq. Beləliklə də, bununla qeyd etdiyim kimi, dövriyyəni rəsmiləşdirmək, nağdsız əməliyyatları stimullaşdırmaq başlıca hədəfə çevriləcək. Düzdür, ƏDV üzrə geri alınacaq məbləğ faiz nöqteyi-nəzərindən onun az hissəsini təşkil edəcək. Lakin bu, ilk addım sayılır. Növbəti mərhələdə geri alınacaq məbləğ ƏDV-nin daha çox faizini təşkil edə bilər”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi