Ölkə 14:06 23.03.2019

Xəzər Universiteti ittihamlara cavab verdi

Bu günlərdə mediada Xəzər Universitetinin fəlsəfə müəllimi Mail Yaqubov maaş azlığı (160 manat) ucbatından bu təhsil müəssisəsindən istefa verdiyini bildirən xəbər dərc olunmuşdu.

Məsələ ilə bağlı Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, Mail Yaqubov ölkə ictimaiyyətinə yanlış məlumat verməklə əslində öz hərəkətlərini ört-basdır etmək niyyəti güdüb:

"Mail Yaqubovun uzaqlaşdırılmasının əsas səbəbi heç də maaşla bağlı deyil. O müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəktləri ilə tanınan birisi olub. Bu hərəkətlərinə görə bir neçə dəfə xanım müəllimlər tərəfindən rektorluğa müraciətlər olub. Hətta bu hərəkətlərinə görə Mail Yaqubov Departament müdirliyindən uzaqlaşdırılmış və dərsləri minumuma endirilmişdir. O, dərs dediyi siniflərdə fəlsəfə fənninin yerinə uyğun olmayanları tədris etmiş və tələbələri dünyəviliyə deyil, cahilliyə çağırmışdır. Hətta bu yazılarına görə sosial şəbəkələrdə bir sıra tanınmış adamların qınaq obyektinə çevrilmiş və qəti şəkildə pislənilmişdir.                                      

Uzun illər Xəzər Universitetində çalışmasına baxmayaraq o hər hansı tanınmış bir jurnalda  bu günə kimi bir dənə məqalə çap etdirməmişdir. Halbuki universitet müəlliminin əsas vəzifələrindən biri də elmi məqalələrlə tanınmasıdır.    
          
Dərs saatlarına gəlincə, Xəzər Universiteti ingilisdilli bir universitetdir. Universitetdə Azərbaycan dilində yalnız fəlsəfəyə giriş fənni tədris olunur, maaşa gəlincə, hər kəs verdiyi töhfəyə görə (əməyinin qarşılığında) qazanır. Xəzər Universitetində Mail Yaqubovdan 10 dəfə artıq maaş alan adamlar da var. Onun bu hərəkəti və ittihamları heç bir məntiqə sığmır. Hətta son dəfə bu yarıtmaz hərəkətlərinə görə universitet rəhbərliyi tərəfindən onun qarşısına ərizəsini yazmaq tələbi qoyulmuşdur".