Xəzərdə müəmma: Dəniz niyə çəkilir?

Xəzərdə müəmma: Dəniz niyə çəkilir?

Bəli, haqqında min-bir əfsanələrin yazılıb, rəvayətlərin yaradıldığı Xəzərin sahilindəyik. Amma bura sahil demək bir az problemlidir. Çünki mənim dayandığım yer vaxtilə sularla örtülü olub. İnsanlar bu ərazilərdə dayanıb Xəzərin sahilini seyr edirdilər. Amma biz xeyli müddətdən bəri qurumaqda olan, daha doğrusu, qurumaqda olduğu deyilən əraziyə gəlmişik və bizə maraqlıdır ki, buradakı proses qabarma-çəkilmə hadisəsi, yoxsa iqlim dəyişkənliyinin nəticəsidir? İndi bunun təfərrüatlarını araşdırırıq.

Bir neçə ay bundan öncə hazırladığımız "Əcnəbi alimlərdən proqnoz: Xəzər quruyur” başlıqlı materialın yayımlanmasından bəri sözügedən problem az-çox gündəmdən düşsə də, son günlər yenidən sosial medianın müzakirə obyektinə çevrilib. 

APA TV xəbər verir ki, növbəti şayiələrin qaynağı hansısa alman, yaxud holland alimləri deyil. Artıq bütün şübhələr Xəzərin yoxa çıxmış sahillərindən qaynaqlanır.

Yeni Bulvar sahilində çəkilmiş bu fotonun gündəmi alt-üst etməsi üçün isə cəmi bir neçə gün kifayət etdi. Ardınca ekoloq-alim Məhərrəm Mehdiyev Xəzərin qurumağa başladığına dair həyəcan təbili çaldı. Fikirlərini də belə əsaslandırdı ki, dənizi, gölü, okeanı qidalandıran çayların axınlarında sular azalır. Deməli, sahil sularının xeyli mərkəzə çəkilməsinin başlıca səbəbi dolayısıyla, iqlimdən asılıdır.

Ekoloq Telman Zeynalov isə tamamilə zidd mövqedədir. O, Xəzərdəki çəkilib-qabarma hadisəsini normal hesab etməklə yanaşı, dənizin qurumasına dair iddiaları da əsassız adlandırır: "Siz Xəzərin 100 metrdən bir temperaturunu öyrənmisinizmi? Səbəbini, prosesini öyrənmisinizmi? Siz nə biləsiniz? Bu, hardan təbii proses deyil ki? Təbii prosesdir. Ona görə ola bilsin, 20-25 ildən sonra Xəzər yenidən qalxsın. Xəzər o vaxtları bir dəfə enib, iki dəfə qalxıb”.

Ekspert düşünür ki, dünyanın ən böyük gölünə açılan çaylarda su səviyyəsinin azalması hazırkı problemin başlıca səbəblərindən biridir. Lakin bütün ehtimallara rəğmən, heç bir araşdırma aparmadan Xəzərin quruduğunu iddia etmək elmi yanaşma deyil: "Təbiətlə elmə əsaslanmamış işlər aparmaq reallıq deyil. Burada iki proses var. Birincisi, 40 ildir ki, Azərbaycan dənizdə neft hasilatı ilə məşğuldur. Ola bilər ki, dəniz çökür, dib yatır. İkincisi isə qabarıb-çəkilmə hadisəsidir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin şöbə müdiri Rasim Səttarzadənin verdiyi açıqlamadan isə belə başa düşdük ki, problemin həlli barədə nə isə düşünmək yerinə, "ümid qalıb Allaha” deməkdən başqa çıxış yolumuz yoxdur: "Xəzərə daxil olan su balansının azalması, iqlim dəyişikliyi fonunda istiləşmənin artıb, eyni zamanda qlobal istiləşmələr nəticəsində yağıntıların azalması nəticəsində Xəzərdə suyun səviyyəsi düşüb. Amma heç kim deyə bilməz ki, bir neçə il sonra Xəzərin suyu yenidən balanslaşıb artmayacaq. Çünki bu Xəzər üçün xarakterik və maraqlı məsələdir”.

Təbii, nə ekoloqlar, nə də rəsmi qurumların hamısı eyni cür düşünməyə məcbur deyil. Ancaq müzakirə predmeti elmi araşdırmalar olduğu təqdirdə sadəcə görüntüyə əsaslanıb proqnoz vermək nə qədər doğrudur? Bəlkə sahilində gəzişib hərdən kanalizasiya, bəzən də qağayı ətirli Xəzərin qurumağa başladığını özümüzə etiraf edə bilmirik. Yaxud əksinə, keçən əsrlərdən bəri təkrarlanan təbiət hadisəsi bəlkə yenidən geri qayıdır? Bunu bilmirik. Lakin dəyişməz olan bir həqiqət var. Ekspertlərin bir çoxuna inansaq, Xəzər artıq dənizdən çox gölə bənzəyir və biz bu gölün gələcəkdə bir stəkan suya çevrilməyəcəyinə dair heç bir zəmanət verə bilmirik. Ən azından, indilik.

XƏBƏRLƏR
BLOGLAR
X