Xəbər lenti

Ya heyvan, ya manyak, ya tanrı, ya da heç biri…
Aqşin YENİSEY
Sənət 16:05 26.02.2021

Ya heyvan, ya manyak, ya tanrı, ya da heç biri…

Aqşin Yenisey


Bu yaxınlarda gənc bir qızın intiharında ailəsi günahlandırıldı.


Övladı ənənəyə qurban etmək qədim ənənədir. Kafkanın "Ölüm hökmü” əsərində ata ona qulaq asmayıb sevdiyi qızla evləmək istəyən oğluna ölüm hökmü verir; onu intihar etməyə məcbur edir. Və oğul bu hökmü yerinə yetirir, özünü suda boğur.


Adətən, zəngin ailələr övladlarını maddi, yoxsul ailələr mənəvi miras uğrunda öldürürlər.


Hələ iki min beş yüz il əvvəl Aristotel yazırdı ki, insan tək yaşaya bilmək üçün ya heyvan olmalıdır, ya tanrı. Bu gün də cəmiyyətdən uzaqlaşan, tək qalan insanlarda biz bunu müşahidə edirik; təklər ya bütün insani dəyərlərini itirib heyvanlaşır, vəhşiyə, manyaka çevrilirlər, ya da bu dəyərləri ağlın nəzarətindən çıxarıb özləri ilə birlikdə ruhani azadlığın öhdəsinə buraxırlar. Nə heyvan, nə manyak, nə tanrı ola bilməyib insan olaraq tək qalanlar isə özlərini öldürürlər.

İnsan sürüyə məhkumdur, doğulandan başqalarının köməyinə ehtiyac duyaraq yaşayır, ta ölənəcən. Bu hal onun ağ beyinlə doğulması ilə bağlıdır. İnsan, heyvan kimi təcrübələr yüklənmiş beyinlə doğulmur, insanın beyninin müəllifi sürüdür, cəmiyyətdir. Bu cəmiyyəti insanın ilk illərində ailə təmsil edir.

 

Heyvanın öz balasına ana bətnindəykən ötürdüyü bütün həyat təcrübələrini insan öz balasına doğandan sonra öyrədir. Ona görə də dayça doğulan kimi at olduğunu bilir, amma bizim yetmiş beş yaşlı şair yazır ki, hələ də bilmirəm kiməm. Biz dünyaya gələndə valideynlərimizdən aldığımız heç bir irsi mirasa sahib olmuruq, bu miras bizə sonradan "yüklənir”. Bunun nəticəsidir ki, Keniyada doğulan Obama iki dənə qoyunu güdə bilmir, ABŞ-da doğulan Obama dünyanı idarə edir.

 

Proqramsız beyin səbəbindən insanın ailəsindən ayrılma müddətdi 18-20 il çəkir. İnsan böyütmək üçün kifayət qədər uzun müddətdir. 18 yaşından sonra da övladı güdmək onu böyüdə bilməməyin əndişəsidir. Əsl həngamə də ailə ilə ayrılıqdan sonra başlayır. Fərd bir anda ailə və cəmiyyət arasındakı ziddiyyətlərin burulğanına düşür. Cəmiyyət ilk növbədə ailənin övladından gizlədiyi bütün sirləri ona açır, onun öz ailəsinə etibarını, inamını sarsıdır. Ailədə televizorda da öpüşmək qadağan idi, cəmiyyətdə isə öpüşə bilməyən adama gülürlər. Hansı daha səmimi və doğrudur? Mübarizə başlayır; fərd artıq ailədən ayrılıb, cəmiyyət isə onu bu beyinlə qəbul etmir.

 

Beləliklə, bir-birinin acığı üzərində qurulan ailə və cəmiyyətin qurbanı olan azərbaycanlı ayrılıq yaşı dediyimiz 18-20 yaşa gəlib çatanda qəfildən ortalıqda tək qalır; ailəsindən ayrılmalıdır, o, artıq bir fərddir, cəmiyyət isə onu bu beyinlə qəbul etmək istəmir. Onu format etmək, ailənin yüklədiyi beyini silib, cəmiyyət beyni yükləmək lazımdır. Axmaq ailələr uşaqlarına axmaq beyin yüklədiyi kimi, axmaq cəmiyyətlər də fərdə axmaq beyin yükləyir.

Burada çox vacib bir məqamı vurğulamaq lazımdır; bəzən ailələr günahı cəmiyyətdə görürlər, yəni biz yaxşıyıq, cəmiyyət pisdir. Mümkün deyil! Cəmiyyəti pis edən oradakı pis ailələrin çoxluğudur. Ailələrin yaxşı, cəmiyyətin pis olduğu bir mühitə tarixdə rast gəlinməyib. Cəmiyyət zaydırsa, ailə institutu zaydır.

İstisnalar illuziyalardır!

 

Cəmiyyətə inteqrasiya cənnətə düşməkdən daha cətindir bütün mühafizəkar cəmiyyətlərdə. Çünki mühafizəkar düşüncə üçün iki rəng var; ağ və qara. Qadınsansa, cəmiyyətə ya ana kimi daxil ola bilərsən, ya fahişə kimi. Kişisənsə, ya peysərsən, ya lotu. Bunların heç biri olmaq istəmirsənsə, qaçmalısan, gözə görünməməlisən, yoxa çıxmalısan oralardan. İntihar bu seçimlərdən biri olur bəzən; radikal pessimizmin ani qərarı!


İdeoloji ağırlığı olan təhsilin köməkliyi ilə nəyisə dəyişmək olar, amma düzlətmək olmaz. İnsan yetişdirmək təhsilin deyil, mədəniyyətin məqsədi olmalıdır. Əgər mədəniyyətin belə məqsədi yoxdursa, heç bir təhsil sisteminin faydası yoxdur.

 

Məni düşündürən məsələlərdən biri də Azərbaycanda intihar edən insanların əksər hallarda şəxsi əhvalatının olmamasıdır. İntihar edənlərin çoxunun heç bir özəl macərası yoxdur. Bizimkilər, adətən, intihar etmirlər, öz əlləri ilə özlərini öldürməyə məcbur edilirlər. Bizim qurbanların əhvalatı intihardan əvvəl deyil, sonra başlayır. Hətta milli qurbanların çoxu öz əhvalatını yaratsın deyə intihar edir. Şəxsiyyətini həyatı bahasına təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanda, hətta dost mühitində də "niyə ölmürsən" deyə zarafatyana bir sual var. Yəni niyə boş-boşuna yaşayırsan, niyə ölüb özünü mazata mindirmirsən?

 

Avropa dediyimiz, son beş yüz il ərzində, Arnold Toynbiyə görə, 16 mədəniyyəti məhv, 9 mədəniyyəti iflic edən "qoca qitə”də hər şey özünü mədəniyyətin alternativi kimi görən, onu öz boyu ilə məhdudlaşdırmağı bacaran ailə institutuna hücumla dəyişdi.


İlk hücum edən şəxs Karl Marks idi ki, bu gün mühafizəkar avropalılar bunun qisasını vaxtaşırı əllərinə çəkic-balta götürüb onun və ailə üzvlərinin Londondakı Hayqeyt qəbiristanlığındakı qəbirlərinə xəsarət yetirməklə alırlar.

 

On doqquzuncu əsrin əvvəllərindən başlayaraq Avropada qitə sərvətləri və qitəyə daşınan sərvətlər kapitalist ailələr arasında bölündü və bu sərvətlərin əldən çıxmaması, başqalarının əlinə keçməməsi üçün burjua ailə institutunu qala kimi qorumağa başladı. Kilsə mövqeyini tamam itirdi, onun yerinə mənəvi varisi kimi ailə əxlaqı əyləşdi. Artıq kütlənin həmrəyliyinə dini icma yox, ailə institutu cavabdehlik daşıydı, ictimai münasibətləri, sosial davranışları ailə idarə edirdi. O, kütlənin və kütləvi olanın əksinə gedənləri sürüyə qaytarır, mühakimə edir, özünə xidmət edənləri mükafatlandırır, boyun əyməyənləri cəzalandırırdı. Fərdə və fərdi olana nəzarət indi ailənin əlində idi.

 

Modernistlər bu sosial, ictimai səlahiyyətləri ailədən alıb cəmiyyətə verdilər.

 

Bu dövr, Avropanı sənət və sənətçi üsyanlarının bürüdüyü dövrdür. Qitə tarixinə quşbaxışı baxan hər kəs görə bilər ki, axırınca Renessansdan (XV-XVI əsr), feodalizmin süqutdan sonra dini icmalar şəklində dağılanlar sənaye dönəmində yenidən kapitalist ailələr şəklində yığışıblar. Vaxtilə dini icmanın düşməni elan olunan fərd bu dəfə kapitalizmin düşməni elan olunub.

 

Dini icmanın hədəfində olanlar daha çox filosoflar, elm adamları idi, kapitalist ailənin hədəfində olanlar daha çox sənət və sənət adamlarıdır; azadlığın və gözəlliyin həvariləri. Sərvəti olan hər kəs yeni sənətin evlərə yolunu bağlamağa çalışır. Cəmiyyətdə belə bir ictimai rəy yaradılıb ki, insan azadlığı yalnız hökumətin – siyasi-sosial kilsənin verə biləcəyi imtiyazlardan ibarətdir.

 

XIX sərin ortaları. Mədəniyyət Avropada sənəti gözdən salmaqla məşğuldur. Bu gün Azərbaycanda olduğu kimi. Hər yerdə şairləri, rəssamları, musiqiçiləri söyür və söydürürlər. Elm adamları artıq kapitalizmə satılıblar.

 

Öz ideyaları uğrunda qurban vermək növbəsi fəlsəfədən, elmdən sonra sənətə çatıb. Bu dəfə sənət tabularla döyüşəcək, fəlsəfə və elm tamaşaçıların arasından ona azarkeşlik edəcək.

 

Sənətin ilk cəngavəri Flober artıq meydandadır. O, kapitalist mühafizəkarlığın bütün ağırlığını öz namusunun arıq çiyinlərində gəzdirən ailə qadını obrazını ayaqlar altına atan "Madam Bovari”ni yazır. Arxasınca ikinci cəngavər, rəssam Mone sərgiyə gələnləri lümlüt qadın təsviri olan, özünün "Olimpia” tablosu ilə xəcalətdən üzlərini tutmağa məcbur edir. Tənqidçilərin sənətdə modernizm cərəyanının banisi hesab etdikləri daha bir cəngavər, Şarl Bodler erotik, pornoqrafik təsvirlərlə dolu "Şər çiçəkləri” şeirlər kitabını çap etdirir. Kitabda Bodlerin III Napoleon hökuməti tərəfindən məhkəməyə verilməsinə yol açan beş-altı şeir var idi ki, bunların içində istintaq materialına tikilmiş olanlarda şair öz məşuqəsi ilə cinsi əlaqəsini təsvir və tərənnüm edirdi. Məhkəmə şairi fransız ictimai əxlaqını təhqir etməkdə və ədəbsizlikdə günahlandırdı. Məhkəmənin qərarı ilə Bodlerin Fransanın hörmətli xanım və bəylərinin əxlaq sərhədlərini aşdığı elan edildi və şair 300 frank cərimə ilə cəzalandırıldı, pozğun altı şeir isə kitabdan çıxarıldı.

 

Modernizm başlanğıcda insan azadlığını kapitalist ailə əxlaqının boyunduruğundan xilasetmə cəhdi və əzmidir. "Sənət sənət üçündür” deyən modernizm sənətin mədəniyyətə qarşı müharibəsidir.

 

Sənətin yanında olmaq istəyirsənsə, mədəniyyətdən ayrılmalısan, yəni ailədən. Çünki mədəniyyət artıq özünü ailə ilə məhdudlaşdırıb. Ailə hər yerdə mədəniyyətin adından danışır. Sənət mədəniyyətin bir ünsürü olmaqdan boyun qaçırır, ona müxaliflik edir. Sənətin zatındakı şeytanilik qiyama qalxır; mədəniyyət olan evdə sənət ola bilməz!

 

Azadlıq və gözəllik fərdin özünə aiddir, ailəsinə, qonum-qonşusuna deyil. Bu modern düşüncəyə görə, sənət heç kimə və heç nəyə deyil, yalnız özünə xidmət etməlidir. Sənət mədəniyyətin ünsürü olmaq istəmir. "İnsan özünə də bir sənət əsəri kimi baxmalıdır” – ilk postmodernistlərdən biri olduğundan xəbərsiz olan Nitsşe belə modernistlik edir.

 

Müəllifi özü olan insanın çağı başlayıb! Modernizm Avropanı özünün komfort zonalarından çıxarmağa məcbur edir. Ailə bu komfort zonalardan biridir. Mədəniyyət komfortun, ailənin tərəfindədir. Sənəti buna görə ailəyə yaxın buraxmır. Mədəniyyət faydalı olanı dəyərləndirir, gözəl olanı deyil. Mədəniyyət üçün gözəl olan, faydalı olandır.

 

Bu dövrün yazarlarından biri, adını unutmuşam, öz romanının ön sözündə yazırdı: "Evdə ən çox ehtiyac olan yer tualetdir, belə çıxır ki, ən gözəl yer də tualet olmalıdır. Faydalı olan hər şey çirkindir”.

 

Sənət bu sözlərlə kapitalizm üçün bir ucdan dəzgah icad edən elmə də meydan oxuyur; onu pula xidmət etdiyi üçün qınayır. Modernistlər deyirdilər ki, sənət özündən başqa nəyəsə xidmət etmək, fayda vermək məqsədi güddükdə, yalan danışmağa, eybəcərliyi gözəllik kimi sırımağa məhkumdur. Bu fikir sənət tarixində intellektual bir inqilab idi.

 

Biz bu sənət-mədəniyyət qarşıdurmasını, yəni modern konflikti heç vaxt yaşamadıq. Azadlığı və gözəlliyi deyil, faydanı seçdik, həm də milli deyil, ailəvi faydanı. Mədəniyyətimizlə komfort zonalarımızın sərhədlərini daha da qalınlaşdırdıq. O qədər qalınlaşdırdıq ki, indi özümüz də içindən çıxa bilmirik. Hamımız bu "İf qalasının əsirləri”iyik. Bu qaladan isə yalnız ölərək qurtulmaq mümkündür. İntihar edənlər bu qalanın içində əcəlin yolunu gözləməyə səbri çatmayanlardır.

 

Qatilimiz mədəniyyətimizdir! Öz komfortuna manyakcasına düşkün olan mədəniyyətimiz…

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->