Xəbər lenti

Yağışları ilə məşhur ölkədə son ay ərzində bir damla da yağmayıb
Dünya 12:12 06.08.2026

Yağışları ilə məşhur ölkədə son ay ərzində bir damla da yağmayıb

Yağışlı iqlimi ilə tanınan Böyük Britaniyada rekord səviyyədə quraqlıq müşahidə olunur. Londonun tarixi "Kew Gardens" meteoroloji stansiyasında 1873-cü ildən bəri ilk dəfə olaraq tam bir təqvim ayı ərzində yağıntı qeydə alınmayıb.

Qaynarifno xəbər verir ki, həddindən artıq isti hava dalğaları və quraqlıq ölkədə gündəlik həyata da təsir göstərib. Avropanı əhatə edən ekstremal hava şəraiti Böyük Britaniyanı tarixi miqyasda yağıntı çatışmazlığı ilə üz-üzə qoyub.

Mayın 26-da Londonun "Kew Gardens" stansiyasında 35,1 dərəcə Selsi temperatur ölçülüb ki, bu da may ayı üçün yeni rekord hesab olunur. Yay mövsümü boyunca davam edən isti hava nəticəsində iyul ayı ölkə tarixinin ən quraq dövrlərindən biri kimi qeydə alınıb. Statistik məlumatlara görə, ölkə üzrə orta yağıntı miqdarı gözlənilən normanın cəmi 7 faizini təşkil edib, cənub bölgələrində isə bu göstərici 1 faizə qədər enib.

1873-cü ildən etibarən gündəlik meteoroloji müşahidələrin aparıldığı "Kew Gardens" stansiyasında görünməmiş hadisə baş verib. Kral III Corcun göstərişi ilə 1769-cu ildə salınan və 1867-ci ildən Böyük Britaniyanın Meteorologiya Xidmətinin əsas mərkəzlərindən birinə çevrilən bu ərazidə tam bir təqvim ayı ərzində yağıntı qeydə alınmayıb. Müqayisə üçün qeyd olunur ki, 1999-cu ilin iyulunda burada 2,5 millimetr, 1921-ci ilin iyulunda isə 3,7 millimetr yağıntı düşmüşdü. Sıfır millimetr göstəricisi isə müşahidələr tarixində ilk dəfə qeydə alınıb.

Mütəxəssislərin qiymətləndirməsinə görə, son illərdə Böyük Britaniyada quraqlıq meyli daha da güclənib. "Dan's UK Weather Updates" analitik platformasının məlumatına əsasən, tarixdə qeydə alınmış ən quraq altı iyul ayından beşi 1990-cı ildən sonra baş verib. Analitiklər bildirirlər ki, XIX əsrin sonlarında da daşqınlar, quraqlıqlar və sərt qışlar kimi ekstremal hava hadisələri müşahidə olunsa da, son onilliklərdə bu cür hadisələrin tezliyi artıb.

Böyük Britaniyanın Meteorologiya Xidməti təqdim olunan məlumatları hələ rəsmi şəkildə təsdiqləməyib. Bununla belə, "London Centric" platforması yaxınlıqdakı "Hogsmill" meteoroloji stansiyasında da iyul ayı ərzində heç bir yağıntının qeydə alınmadığını bildirib. Məlumata görə, həmin ərazidə son yağış iyunun 27-də müşahidə olunub.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->