Xəbər lenti

Yaxın Şərqdə ABŞ-Rusiya müharibəsi başlayır? (ŞƏRH)
Dünya 14:30 13.04.2018

Yaxın Şərqdə ABŞ-Rusiya müharibəsi başlayır? (ŞƏRH)

"Qərblə Rusiyanın savaşı açıq konfliktə keçməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Yaxın Şərq ölkələri üzrə analitik Vüqar Zifəroğlu deyib.
 
O, ABŞ-ın yaxın müddətdə Suriyanı tərk etməyəcəyini, ABŞ və digər Qərb ölkələrinin Yaxın Şərqdə öz mövqelərini gücləndirmək üçün əllərindən gələni edəcəklərini bildirib:
 


"Ümumiyyətlə ABŞ-ın, o cümlədən digər Qərb ölkələrinin belə bir addım atması gözlənilən idi. Xatırlayırsızsa, Tramp təqribən 10-15 gün bundan öncə Suriyadan çəkilməklə bağlı açıqlama vermiş və "evə qayıtmağın zamanı çatıb" ifadəsini işlətmişdi. Mən onda da qeyd etmişdim ki, ABŞ Suriyanı tərk etməyəcək və öz mövqelərini dolayısı ilə də gücləndirməyə çalışacaq. Çünki Yaxın Şərq boşluğu sevmir. Əsasən İŞİD-dən sonrakı bir dönəmdə Suriyada da, İraqın özündə də bir boşluq yaranıb. Bu gün həmin o boşluğu həm iqtidar qüvvələri, yəni Suriya və İraq rejimi, həmçinin onlara ciddi şəkildə dəstək verən İran götürməyə başlayıb. Bu səbəbdəndir ki, ABŞ Yaxın Şərqdən çıxmağa tələsməyəcək, əksinə buradakı mövqelərini gücləndirmək istəyəcək. Bu zaman o, birbaşa addımlar atmaqla yanaşı, yəni donanmasını Suriyaya doğru istiqamətləndirdiyi kimi, dolayısı ilə də dəstəklədiyi qüvvələrə həm maddi, həm hərbi, həm lojistik dəstəyini artırmaqla müəyyən mövqelər əldə etməyə çalışacaq".
 
Ekspert bildirib ki, ümumiyyətlə nə ABŞ, nə də Qərb Yaxın Şərqdə, ələlxüsus kifayət qədər ciddi strateji əhəmiyyətə malik olan Suriya və İraqda öz mövqelərini Rusiya və ya İrana güzəştə getməkdə maraqlı deyil və bu mənada bu gün aparılan müharibə açıq təmas müharibəsi hesab oluna bilməz:
 
"Xüsusilə vurğulamaq istəyirəm ki, Qərblə Rusiyanın savaşı açıq konfliktə keçməyəcək. Çünki bəzən belə proqnozlar səsləndirilir ki, ola bilər ABŞ-la Rusiyanın müharibəsi açıq qarşıdurma şəklini alsın və s. Xeyr, mən belə bir şeyi istisna edirəm. Amma mövqe savaşı gedəcək, bu savaş müəyyən hərbi kontingentləri artırmaqla müşahidə olunacaq və eyni zamanda tərəflərin dəstəklədiyi qruplaşmalar arasında açıq konfliktlər olacaq.

Heartland nəzəriyyəsinə görə, Yaxın Şərq dünyanın mərkəzi, ürəyidir və bura nəzarət edən dünyaya nəzarət etmə imkanına malikdir. 4000 ildir ki, Yaxın Şərqdə qan bitmir. Həmin torpaqlar uğrunda fatehlərin, imperiyaların mübarizəsi gedib, indi də dünyanın supergüclərinin mübarizəsi gedir. Rusiyadan danışsaq, hələ Pyotrun zamanında isti dənizlərə çıxış hədəfi göstərilmişdi. Rusiya məhz ona görə, təxminən 2-3 il bundan öncə oradakı kürd qruplaşmalarını dəstəkləməklə, həmin o kürd zolağının yaradılmasında müəyyən mənada öz qatqısını ortaya qoymaqla isti dənizlərə çıxmağı hədəfləyirdi. Lakin onun bu planı Qərbin aktiv müdaxiləsi nəticəsində baş tutmadı. Təbii ki, Yaxın Şərqi nəzarət altına almaq həm strateji resurslar, həm də böyük geosiyasi avantajlar əldə etmək deməkdir. Bu mənada Yaxın Şərq son dərəcə əhəmiyyətli və son dərəcə vacib bir bölgədir".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->