Orxan Saffari

Blogger
Yazılar
1
Yaxşı ki, xalqa zülm edilir...

Yaxşı ki, xalqa zülm edilir...

Orxan Saffari

Həyat çox qəribədir, hə? Gör, dünyada nələr baş verir, nələr olur. Gör, nə qədər bədbəxt hadisələr baş verir, insanlar ölür. Dünya məhz bunların sayəsində rəngarəng olur. Bəs, bunlar olmasa? Birdən dünyada heç bir bədbəxtlik, heç bir hadisə baş verməsə? Onda yaşamaq necə olacaq?! Dünya bir anda maraqsızlaşmaz, mənasız olmazmı?  

Hərdən deyirəm, yaxşı ki, bu dünyada müharibələr olur, torpaqlar işğal edilir. Yaxşı ki, bu dünyada siyasət deyilən anlayış var. Yaxşı ki, bu dünyada diktatorlar var, xalqa zülm edilir, məmurlar rüşvət alır, milyon qazanır, sonda o pulları alıb həbs edirlər. 

İlahi, birdən hər yer demokratiya çələnginə bürünsə necə olardı? Biz nələri müzakirə edərdik? Nələr haqqında danışardıq? Yaxşı ki, bu dünyada çevrilişlər olur. Yaxşı ki, bu dünyada davalar baş verir, insanlar bıçaqlanır, güllələnir, avtoqəzalar olur, binalar çökür, sürüşmələr olur. İnsanlar müxtəlif xəstəliklərdən dünyasını dəyişir. 

İlahi, nə yaxşı ki, hərənin bir dərdi var və hərə öz dərdi ilə məşğuldur. Dünyada insanın işi-gücü öz dərdi ilə məşğul olmaqdır. Bu, əslində, onun missiyasıdır. Bəs, birdən olmasa? Birdən dediyim heç bir şey baş verməsə? Dünya sükut içində, heç kimin problemi yox, hamının pulu var, hamı arzusuna çatır, hamını xəyalları gerçəkləşir, onda necə olacaq? Nə edəcəyik? 

Axı, bu dünyada insanların yaşaması üçün arzuları sonadək həyata keçməməlidir, xəyalları yarım qalmalıdır. Belə olmasa, insan necə yaşayar, necə ömrünün sonuna qədər nələrəsə nail olmağa çalışar? Vallah, insanı yaşadan başına gələcək bədbəxt hadisələrdir. Hərə bir şeyə tapınıb yaşayır, hərə özünü bir dərdə qurban verir. Birdən insanların heç bir dərdi, problemi olmasa? Təsəvvür edirsinizmi nələr olar?! Xaos! 

Yaxşı ki, bu dünyada dinlər var, Allah var. Yaxşı ki, bəzi adamlar həmin o Allaha tapınır, başına gələn hadisələri ona bağlayır. Sizcə, milyardlarla insanın Allahı olmasa, necə olardı?! Xaos! 

Həyatda hamı xoşbəxt olsa, heç bir dərdimiz olmasa, biz nə edərdik? Nələr haqqında danışar, nələri müzakirə edərdik? Yaxşı ki, müzakirə və mübahisə eləmək üçün nələrsə baş verir. 

Yaxşı ki, bu dünyada ayrılıq var, xəyanət var. İlahi, nə qədər insan var ki, məhz belə şeylərə görə yaşayır. Biri qisas üçün, biri sevgi üçün. Biri nifrət etdiyi üçün. İlahi, nifrət və qisas olmasa, həyat necə də maraqsız olardı. Təsəvvür edəndə belə özümü öldürmək istəyirəm...

Yaxşı ki, bu dünyada ideologiyalar var. Yaxşı ki, millətlərarası çaxnaşmalar olur. Ən azından bizim erməni ilə düşmənliyimiz var. Bir gün bu da sonlanacaq, torpaqlar qayıdacaq. İndi bu var deyə nə qədər insan bunun eşqi ilə yaşayır. Yaxşı ki, Şuşadakı evinin açarını saxlayan qocanın ümidi var dünyada. Laçında qoyub gəldiyi itini görmək ümidi və istəyi yaxşı ki var... 

Yaxşı ki, bu dünya var. Hər nə qədər əzablı, ağrılı, çətin olsa da. 

Axı, bu dünya bütün fəlakətləri, bədbəxtlikləri ilə bütövdür. Onsuz da, mən dediklərimi arzulamasam da, olmasını istəməsəm də, baş verir və verəcək. Dünya məhv olanadək belə olacaq. Hərə bir cür yaşayıb, müxtəlif cür öləcək. Mənim dediyim odur ki, bütün bunlar yaxşı ki, olur. Heç olmasa, bu boz, rəngsiz dünyada başımızı qatmağa nələrsə tapa bilirik. 

Yaxşı ki, bu dünyada ədəbiyyat anlayışı var. Yaxşı ki, şeirlər, hekayələr yazılır, kitablar çıxır. Yaxşı ki, bu dünyada yazıçılar var, onlar pis-yaxşı nələrsə yazır. Dünyada nə qədər insan var ki, bütün həyatını buna həsr edir. İlahi, ədəbiyyat olmasa, şeir olmasa, roman olmasa, yazıçı olmasa həyat necə də mənasız olardı...

OXŞAR XƏBƏRLƏR