Siyasət 22:34 02.08.2021

“Parlament seçkiləri olacaq kimi "fake news"lar sadəcə kimlərinsə təxəyyülünün məhsuludur”

Son günlər Azərbaycanda referendum keçiriləcəyi, Konstirusiyaya bəzi dəyişikliklərin ediləcəyi, Milli Məclisin buraxılacağı barədə yayılan məlumatlar "fake news" kateqoriyasına aiddir. 

Qaynarinfo-ya daxil olan məlumatda deyilir ki, bu məlumatların dövriyyəyə buraxılması və gündəmdə saxlanılması müəyyən qüvvələr tərəfindən Vətən müharibəsindən sonra bütünləşən Azərbaycan toplumunda qarışıqlıq yaradılmasına və xarici maraqların  ölkədədaxili kiçik dayaqlarını  korporativ məqsədlər kontekstində yönəltməyə xidmət edir. 

"Ola bilər ki, bu kimi məlumatları tirajlayan media orqanları bunun fərqində deyil. Yaxud bu "fake news"lar sadəcə kimlərinsə təxəyyülünün məhsuludur. Lakin hətta bu halda belə yayılan xəbərlərin hakimiyyəti təzyiq altında saxlanılmasına hesablandığını düşünməmək mümkün deyil", - mənbə qeyd edib.  

Mənbə onu da əlavə edib ki, Azərbaycan Prezidentinin apardığı davamlı siyasi-iqtisadi və struktur islahatları ölkənin dayanıqlı əsaslar üzərində inkişafını təmin edir: "Cənab Prezidentin özü də dəfələrlə qeyd edib ki, nəyi nə zaman edəcəyini özü yaxşı bilir. Bu şəkildə tirajlanan əsassız məlumatlar Prezidentin Azərbaycanın gələcək rifahına hesablanan strateji planlarına uyğun deyil".

Vüqar