Süni intellekt (Al) şirkətləri dünya modelləri üçün böyük investisiyalar cəlb edir, lakin hazırladıqları məhsulları gizli saxlayırlar. Bəs dünya modelləri nə üçün istifadə olunur və şirkətlər niyə susurlar?
Qaynarinfo xəbətr verir ki, süni intellekt sektorunda yeni yarış başlayıb: dünya modelləri (world models). Bu istiqamətdə çalışan şirkətlər böyük investisiyalar cəlb edir, lakin hazırladıqları texnologiyaların nəticədə hansı məhsullara çevriləcəyi hələ də dəqiq məlum deyil.
Sahənin aparıcı şirkətləri arasında Yann Lekunun təsis etdiyi “AMI Labs” və Fey-Fei Linin “World Labs” şirkəti yer alır. Hər iki şirkət investorların marağını cəlb edir. Bununla belə, şirkətlər üzərində çalışdıqları kommersiya məhsulları barədə çox məlumat paylaşmırlar.
Dünya modelləri əsasən süni intellektin fiziki dünyanı və üçölçülü mühitləri anlamasını təmin etməyi qarşıya məqsəd qoyur. Bu texnologiya robotlardan sürücüsüz avtomobillərə, oyunlardan interaktiv videolara qədər müxtəlif sahələrdə istifadə oluna bilər.
“AMI Labs” məhsul planlarını açıqlamır
“AMI Labs”ın həmtəsisçilərindən və Dünya Modelləri üzrə vitse-prezidenti Maykl Rabbat şirkətin fəaliyyəti ilə bağlı təfərrüatları açıqlamaqdan çəkinir.
Şirkətin hələ bir yaşı tamam olmayıb və tədqiqat və inkişaf işlərini davam etdirir. “AMI Labs” hazırda məhsul planlarını və ya konkret təqdimat tarixlərini ictimaiyyətə açıqlamır.
Lakin bu yanaşma yalnız “AMI Labs”a xas deyil. Dünya modelləri üzərində çalışan bir çox şirkət layihələrinin təfərrüatlarını eyni şəkildə gizli saxlayır.
Ən konkret nümunələrdən biri “World Labs”ın “Marble” layihəsidir
Fey-Fei Linin “World Labs” şirkətinin hazırladığı “Marble” dünya modellərinin hazırda nələr edə bildiyini göstərən ən konkret nümunələrdən biridir.
“Marble” media istehsalı, oyunlarda istifadəçinin gəzə bildiyi üçölçülü mühitlərin yaradılması və CGI effektlərinin hazırlanması kimi sahələrdə istifadə oluna bilər. Texnologiyanın robot sistemlərində də istifadə potensialı var.
Lakin şirkətin indiyədək nümayiş etdirdiyi nümunələr əsasən “Marble”ın imkanlarını göstərməyə yönəlib. “World Labs”ın texnologiyanı hansı sahədə böyük kommersiya məhsuluna çevirmək istədiyi hələ də aydın deyil.
Hətta məlumat təminatçıları da nəyin hazırlandığını bilmirlər
Sektordakı məxfilik yalnız şirkətlərin ictimaiyyətə verdiyi açıqlamalarla məhdudlaşmır.
Dünya modelləri hazırlayan şirkətlərə məlumat təqdim edən “Physicl” şirkətinin baş icraçı direktoru Aleks de Viqan bildirir ki, təqdim etdikləri məlumatların istifadə olunduğunu bilirlər, lakin bu məlumatların hansı layihələrdə tətbiq edildiyindən xəbərsizdirlər.
De Viqanın sözlərinə görə, şirkətlər daha çox məlumat paylaşsalar, məlumat təminatçıları da ehtiyaclara uyğun məlumat dəstləri hazırlaya bilərlər.
Dünya modelləri niyə bu qədər vacibdir?
Dünya modeli anlayışı yalnız bir istifadə sahəsini əhatə etmir. Ən sadə formada bu texnologiya süni intellektin ətrafındakı dünyanı anlamasına və həmin mühitdə hərəkət etməsinə imkan verən sistemləri ifadə edir.
Sürücüsüz avtomobillər buna nümunədir. Avtomobil ətrafındakı yolları, digər avtomobilləri və piyadaları müəyyənləşdirir, daha sonra necə hərəkət edəcəyinə qərar verir.
Oxşar sistem humanoid robotun qutuları daşımasına imkan verə bilər. Başqa bir dünya modeli isə bir neçə dəqiqəlik videodan istifadə etməklə içərisində hərəkət etmək mümkün olan üçölçülü mühit yarada bilər.
“AMI Labs” da indiyədək istehsal, biotibbi texnologiyalar və robototexnika kimi müxtəlif sahələrlə maraqlanıb. Şirkət, həmçinin “Nabia” ilə tərəfdaşlıq çərçivəsində həkimlər üçün süni intellekt proqram təminatı üzərində çalışır.
Bu qədər müxtəlif istifadə imkanının mövcudluğu şirkətlərin hansı bazara diqqət yetirəcəyini əvvəlcədən müəyyənləşdirməyi çətinləşdirir.
Şirkətlər rəqiblərinə yol göstərmək istəməyə bilər
Sektordakı səssizliyin arxasında rəqabət amili də dayanır.
Əgər şirkətlərdən biri dünya modellərindən istifadə etməklə uğurlu robot sistemi, oyun texnologiyası və ya Hollivud üçün yeni görüntü yaratma vasitəsi hazırladığını açıqlasa, digər süni intellekt şirkətləri də eyni sahəyə yönələ bilər.
Üstəlik, rəqabət yalnız dünya modeli startapları arasında getmir. Böyük süni intellekt laboratoriyalarının da bunun üçün lazımi resursları var.
Bu səbəbdən şirkətlərin hazırladıqları məhsulları mümkün qədər uzun müddət gizli saxlaması rəqiblərin eyni bazara erkən daxil olmasını çətinləşdirə bilər.
Dünya modellərinə böyük həcmdə investisiya qoyulmasına baxmayaraq, sektorun istehlakçıların qarşısına hansı məhsullarla çıxacağı hələlik qeyri-müəyyən olaraq qalır. Şirkətlər texnologiyanın potensialını nümayiş etdirirlər, lakin əsas rəqabətin hansı sahədə başlayacağını açıqlamırlar.
Aydın
Şərhlər