"Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov, Samir Mirzəyevin barələrində olan hökmdən apelyasiya şikayəti verilib.
"Report"un əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası fevralın 2-nə təyin edilib.
Cinayət işi hakim İlqar Murquzovun icraatına verilib.
Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, ittiham aktına əsasən, P.Abbasovun həmin vəzifədə işləyərkən Q.Nəcəfov, V.Əliyeva, Ə.Hüseynov və S.Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Abbasov 8 il 6 ay, "Buta” klinikasında həkim-radioloq işləmiş Q.Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi olmuş Ə.Hüseynov və S.Mirzəyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə "Viola” MMC-nin meneceri V.Əliyevaya isə iki il sınaq müddəti təyin edərək şərti cəza verib.
Şərhlər