Dünya 10:28 04.08.2018

Yeriyən "Forrest Gamp" Azərbaycana gəlir

İsveçdə yaşayan İran əsilli Kamran Qadiri ölkəsindəki rejimə etiraz etmək məqsədilə 1 ildir ki, dünyanı piyada dolaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, 10 min kilometr yol qət etdikdən sonra Türkiyənin Ərzurum şəhərinə çatıb. 
 
Ərzurum-Tortum magistralı ilə hərəkət edən 47 yaşlı K.Qadiri 33 il öncə İranda yaşadıqları problem səbəbindən ailəsi ilə birgə İsveçə köçmək məcburiyyətində qalıb.

O, İsveçdə yaşamasına baxmayaraq ölkəsindəki rejimə və insan hüquqlarının tapdalanmasına etiraz olaraq üçtəkərli əl arabası və İran İslam Respublikasının bayrağı ilə yola çıxıb.

Qadiri İsveçdən sonra Polşa, Almaniya, Slovakiya, Macarıstan, Sloveniya, İtaliya, Yunanıstanda olub.

Qadiri Türkiyədən sonra Qırğızıstan, Ermənistanı gəzəcək, daha sonra isə Azərbaycana gələcək. O, Azərbaycandan keçərək İrana getməyi planlaşdırır.

Qadiri 1 ildir yollarda olduğunu və heç bir problemlə qarşılaşmadığını bildirib.