İdman 16:20 17.05.2019

Yığmamızın yeni baş məşqçisi müəyyənləşdi

Voleybol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, yığma italiyalı Covanni Kapraraya həvalə olunub.

57 yaşlı mütəxəssisin köməkçisi Marsello Çervellin olacaq. Kaprara yeni vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyəcək. 
 
Kaprara "Foppapedretti”, "Kalabriya”, "Spezzano”, "Peruca”, "Pyaçentsa”, "Novara”, "Villa Korteze”, "Əczaçıbaşı”, "Kasalmaggiore”, "San Kassione” klublarında, həmçinin Rusiya və Yunanıstan yığmalarında baş məşqçi kimi çalışıb.

Baş məşqçinin yeni kollektivlə əsas məqsədi 2 - 4 avqustda Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurlu çıxış etməkdir. Azərbaycan yığmasının rəqibləri D qrupunda meydan sahibləri ilə yanaşı, Kamerun və Dominikan Respublikasıdır.

Azərbaycan millisi mayın sonlarında Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq. Komanda ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq. Yığma 23 avqust – 8 sentyabrda Türkiyənin İstanbul şəhərindəki Avropa çempionatında Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə eyni qrupda yer alıb
 
Sport7.az