Yoxa çıxmış uşaqlar…

Yoxa çıxmış uşaqlar…

Vüsal Bağırlı

Uşaq yoxa çıxıb. Yaxınları tərəfindən axtarışa verilir. Hamı, valideynləri, qohumları, hüquq-mühafizə orqanları, axtarış-xilasetmə qüvvələri hər yeri ələk-vələk edir. Amma, nəticə yoxdur.

Ağıla min cür pis-mis, qara-qura fikirlər gəlir. İtgin düşübmü, azıbmı, oğurlanıbmı, orqan mafiyasımı yoxsa başqa mübhəm səbəbmi?

Bəs belə hal baş veribsə, uşaq itibsə, yoxa çıxıbsa nə etməliyik!?

Uşaqlara şəhərdə oyrədilməsi vacib olan təhlükəsizlik qaydaları hansılardır?

Amerikalı rejissor Ron Hovardın, baş rollarını Mel Gibsonla, Rene Russonun ifa etdiyi "Girov” (Ransom) filmində süjet xətti gərgin və dramatik çalarlarla inkişaf edir. Ailənin kiçik yaşlı övladı girov götürülür və bunun əvəzində 2 milyon dollar pul tələb olunur. Pulu verəcəyi təqdirdə övladının öldürüləcəyini dərk edən ata gözlənilməz qərar qəbul edir və bu qərar uşağın xilasına səbəb olur.  Həmin qərarın nə olduğunu bilmək istəyənlərə filmə baxmağı məsləhət görürəm.

Lakin, belə ağır vəziyyətlərdə düzgün qərarlar vermək bəzən mümkün olmur.

Ümumiyyətlə, dünyada uşaq oğurluğu iki cür olur: "Xöşniyyətli” və "Bədniyyətli”

Əgər uşağı, əvəzində nə isə qopartmaq, pul tələb etmək, yaxud övladlığa götürmək məqsədi ilə oğurlayırlarsa bu "xöş niyyətli”lik sayılır. Yəni, burada  son məqsəd uşağa zor tətbiq etmək, onu öldürmək deyil, yalnız gəlir əldə etməkdir.

Yox, əgər uşağa işkəncə vermək, daxili orqanlarından istifadə etmək, qətlə yetirmək üçün öğurlayırlarsa bu "bədniyyətli”likdir.

Dünya üzrə uşaq oğurluğu statistikası həqiqətən də dəhşət saçır. Oğurlananların, nə az, nə çox, düz 78 faizi tələf olur, öldürülür, qətlə yetirilir, itkin düşür.

Valideynlərin əksəriyyəti öz övladlarına müraciətdə bir kəlməni hind mantrası təkrar etməyi xoşlayırlar: 

Bax tanımadığın adamlarla heç yerə getməyəsən a, eşitdin?

Amma, hər şeyə inanan və sadəlövh uşaq psixologiyasına təsir etmək elə də çətin deyil. 

Qəşəng qız,  nə olar, gedək, orada bir xala yıxılıb, ona kömək edək?!

Yaxşı bala, stulları yuxarı mərtəbəyə daşısan sənə hədiyyə verəcəm. 

Bu tip xahişlərə, çağırışlara, müraciətlərə uşaq yalnız bir sözlə cavab verməlidir:  "YOX” 

Uşaqlara anlatmaq lazımdır ki, yetkin yaşlı insan öz problemlərini başqa  yetkin insanın köməyi ilə çözür, daha uşaqla yox. Buna görə də, uşaqlara  "yox”  sözünün əzbərlədilməsi olduqca vacibdir.

Qapının zəngi çalınır. Uşaq soruşur: 

Kimdir?

Cavab gəlir. Bir-iki replikadan, xahiş, minnət dialoqlarından sonra qapının o biri tərəfində duran şəxs səsinin tonunu qaldırır: 

Biz indi səninlə axşama qədər qapının arxasından söhbət etməli olacayıq!?

Burada inamsız, kövrək uşaq psixologiyası dözmür və qapını açır.

Bəzən, uşaqlar utancaq, çəkingən olur, yetkin, böyük yaşlı insanın avtoriteti, səs tonu ona nüfuzedici və həlledici təsir göstərir.
Uşaqların belə vəziyyətlərdə müəyyən cavablandırıcı söz ehtiyatına malik olması vacibdir. Məsələn, "Bağışlayın, tələsirəm”, yaxud "Anam tanımadığım şəxslə söhbət etməyimə qəti icazə vermir”.

Valideynlər övladlara, bir yerə, məktəbə, yaxud məşğələyə gedərkən, ictimai gediş-gəlişin intensiv olduğu, işıqlı küçələrlə hərəkət etməyi söyləməlidirlər. Biz valideynlər onlara, yoldakı minimum təhlükələri izah etməli, uşaqlarla tez-tez əlaqə yaratmalı, hansı zamanda harada ola biləcəklərini təxmin etməliyik.

Uşağa izah etmək lazımdır ki, kimi eşitməli, kimin göstərişlərinə sözsüz əməl olunmalıdır. Bunlar valideynlər, sevimli nənəylə baba və müəllimdir. Yad adamlar, başqa "xala”, "bibi” və "əmi”lərdın əmr və göstəriş ala bilməzlər.

Yaxşı olardı ki, uşaqların üzərində onların ünvanını, kimliyini, əlaqə nömrələrini bildirən brelok və ya vizitka olsun. Bunu övladınızın cibinə qoya, paltarının astarına tikə bilərsiniz. Əgər uşaq bir az böyük yaşdadırsa ona öz ünvanını, əlaqə nömrələrini əzbərtlətmək mütləq şəkildə lazımdır.
Meşədə necə sağ qalmaq olar?

Uşaq vaxtı müəllifini unutduğum bir povest oxumuşdum. Bir dəstə uşaq meşədə azır və ağır şərtlər daxilində mübarizə apararaq, sağ qalmağa çalışırlar. Bir müddət sonra, onlar aclıqdan, susuzluqdan, duz çatışmamazlığından əziyyət çəkməyə başlayırlar. Adətən belə vəziyyətlərdə, insan xarakterinin naməlum cəhətləri, qorxaq ya cəsur olması üzə çıxır, aşkarlanır.  Beləliklə, uşaqlar giləmeyvələrlə qidalanır, ot-ələf yeyir və günəşin, kölgənin köməyi ilə cəhətləri təyin etməyə çalışırlar. Nəhayət, bir sıra əzab-əziyyət və qəzavü-qaldan sonra onlar xilas yolu tapırlar. Onlar ratlaşdırları keçini tutmaq istəyərkən, heyvan uşaqların əlindən sıyrılıb qaçır. Təqib zamanı keçinin buynuzuna ilişib qalan uşaq papağı sonradan onların xilası üçün bir vasitəyə çevirilir. Keçini meşədə tutan kəndlilər, onun buynuzuna ilişmiş "dəlil-sübutdan”, uşaqların hələ də sağ olduğunu anlayırlar. Beləliklə, bütün kənd ayağa qalxır və uşaqlar tapılır. 

Uşaqların meşədə itməsinə bir çox hallarda, valideyn nəzarətsizliyi də səbəb olur. Onlar adətən, meşəyə gəzməyə, giləmeyvə və göbələk yığmağa gedərkən azırlar. 

Bəs meşədə azan, itgin düşən uşaqlar üçün ən təhlükə törədən amil hansıdır? Canavarlar, ayı, qaranlıq yaxud qorxumu?

Xeyr, heç birisi. Nə qədər qəribə olsa da cavan, H2O-dur. Yəni, su. Daha doğrusu, su hövzəsi. Statistika sübut edir ki, təbiətdə, meşədə azan uşaqların dərin suya, gölə düşərək boğulmaq ehtimalı kifayət qədər yüksəkdir.

Başqa təhlükə mənbələri, soyuq hava, aclıq, göbələk və giləmeyvələrdən  zəhərlənmə, hündür yerdən yıxılma ehtimallarıdır.

Digər tərəfdən, şəhər üçün tələb olunan qayda və qanunlar meşədə işləmir. Burada, istənilən yad insana kömək üçün müraciət etmək olar. Meşədə qarşılaşdığımız hər bir şəxs xilas olmaq üçün əlavə şansdır.

Əziz valideynlər, uşaqlara xəritəni, kompası, coğrafi cəhətləri öyrətməyi unutmayın.

Şablon da olsa, yazımı bu sözlərlə tamamlayıram: "Uşaqları qoruyaq - Onlar bizim və özlərinin gələcəyidirlər”
XƏBƏRLƏR
BLOGLAR