Ölkə 17:41 07.02.2019

Zakir Qaralov: "431 vəzifəli şəxs barəsində iş məhkəməyə göndərilib"

”Ötən il baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib”.

Qaynarinfo teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında deyib.

Baş Prokurorun sözlərinə görə, həmin işlər üzrə 53.3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34.2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Zakir Qaralov deyib ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyətində respublikanın dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm vermiş, hesabat dövründə Baş İdarə ilə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında aidiyyəti sahələrdə korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.

"Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə əməkdaşlıq inkişaf etdirilmiş, Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən verilmiş tövsiyələrin böyük əksəriyyəti uğurla icra edilib”, - deyə baş prokuror qeyd edib.