Ölkə 22:30 07.08.2017

Özəl universitetlərdə tələbəyə hansı güzəştlər var? (VİDEO)

Artıq bir müddətdir ki, abituriyentlər topladıqları bala uyğun ixtisas seçimi aparırlar. Bu ərəfədə özəl universıtetlər tələbə qəbulu ilə bağlı bəzi güzəştlərə başlayıblar. 

"Qaynarinfo"nun Xəzər TV-yə istinadən məlumatına görə, universitetlərin təklifləri arasında yeni qəbul olmuş tələbəni bir dəfəlik təhsil haqqından azad etmək və ya topladıqları bala uyğun bir çox güzəştlər nəzərdə tutulub.

Tələbələrə güzəşt edən universitetlərdən biri Qərb Universitetidir. Burada təhsil haqları aşağı salınaraq minimum 1100 manat olub. Bu məbləğ mərhələlərlə də ödənə bilər. Universitetin tələbələr üçün bir çox güzəştləri də var.

Odlar Yurdu Universiteti də tələbələrə güzəşt tətbiq edəcək. Belə ki, universitetə qəbul olunacaq tələbələr üçün topladıqları bala uyğun təhsil haqlarında endirimlər olacaq. Ən əsası universitetdə bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN olub.

Bakı Avrasiya Universiteti təhsil haqlarını minimuma endirib. İxtisasdan asılı olaraq təhsil haqqı 1600-1700 manat təşkil edir.

Azərbaycan Kooperasiya Universitetinə qəbul olan tələbələrin dərs ili ərzində bütün fənlər üzrə qiymət göstəriciləri əla olarsa, illik təhsil haqqından tam azad ediləcək və aylıq müəyyən məbləğdə təqaüd veriləcək.

Universitetlərin bir çoxu ailə başçısını itirmiş və ona bərabər tutulan ailələrin, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin övladlarını təhsil haqlarından azad edir.

Qaynarinfo.Az