Zəngilanlı Qarabağ qazisi: “Xəbəri alanda susduq, heç nə danışa bilmədik” (FOTO)

Zəngilanlı Qarabağ qazisi: “Xəbəri alanda susduq, heç nə danışa bilmədik” (FOTO)

Ötən gün Azərbaycan ordusu Zəngilan rayonunun altı kəndini və Zəngilan şəhərini işğaldan azad edib.

Bununla bağlı xəbəri xalqımıza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çatdırıb.

Məsələ ilə bağlı Zəngilandan olan Qarabağ qazisi Novruz Məmmədzadənin doğma yurdu ilə bağlı fikirlərini öyrəndik. 

Onun sözlərinə görə, Zəngilan rayonunun kəndlərindən bir qisminin və Zəngilan şəhərinin işğaldan azad olunması xəbərini eşidən zaman inanmayıb:

"Xəbəri mənə bacım verdi və inanmadım. 27 illik həsrətimiz var idi... Hər ikimiz susduq və heç nə danışa bilmədik. Şokdan ayılandan sonra özümə sual verdim ki, bu, həqiqətdirmi? Hər dəqiqəmiz, saniyəmiz Zəngilan olub. Mən 1974-cü ildə Zəngilan şəhərində doğulmuşam. Müharibə başlayanda hələ hərbi xidmətə getmək üçün yaşım tamam olmamışdı.

Amma dostlarımla yığışıb orduya güllə daşımaqda, səngər qazmaqda kömək etdik. Bir gün könüllü dəstələrə ehtiyac var idi. Zəngilanın şəhər və kəndlərində könüllü qruplar yaranırdı. Zəngilanın gəncləri ilə "Boz qurd” dəstəsi yaratdıq və hərbi xidmətə yollandıq. Azərbaycan milli ordusunun ilk əsgərləri olduq.

Döyüşlərimiz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Murovdağ istiqamətlərində olub. 1993-cü ilin oktyabrın 29-da mühasirəyə alındıq. Bir alay idik və bizim üzərimizə dörd alay hücum çəkdi. Bir həftədən çox Araz çayı istiqamətində, Qumlaq, Dərzili istiqamətində ağır döyüşlərimiz oldu. Cəbrayıl və Zəngilanın birləşdiyi yerdə şəhid olanlarımız çox idi. İnşallah, həmin yerdə xatirə abidəsi ucaldılar”.

O bildirib ki, Zəngilanda bayraq qaldırılan yerdə 144 nömrəli Texniki Peşə məktəbi olub:

"Otaqlarda sərbəst güləş üzrə idman zallarımız vardı. Müharibə başlayanda Qərbi Azərbaycandan qovulan insanlar üçün yataqxana kimi istifadəyə verildi”.
 
Oxu.Az

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR